Azərbaycan Müsəlmanları Birliyinin həbsdə olan lideri höccətül-islam Hacı Tale Bağırzadə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Təşkilatının müstəntiqlərinin Allaha qarşı təhqiramiz ifadələr işlətməsinə etiraz olaraq müddətsiz aclıq aksiyasına başlayıb.
Arannews :Azərbaycan Respublikasının islamçı fəallarına aid xəbər mənbələrinin bildirdiyinə görə, Hacı Tale Bağırzadə DİN-nin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Təşkilatının təcridxanasında inanclı vətəndaşları dindirərkən dini müqəddəsləri təhqir edənlərin mühakimə olunaraq cəzalandırılmasını tələb edib.
Mübariz azərbaycanlı din xadimi bu addımı “şəhid olana kimi aclıq aksiyası” adlandırıb və Allaha qarşı təhqirli ifadələr işlədənlər cəzalandırılmayınca, “şəhid olana kimi aclıq aksiyasını” dayandırmayacağını bəyan edib.
Azərbaycanda tanınmış müqavimət fəalı sayılan bu mübariz və fəal din xadiminin aclıq aksiyasına başlamasından sonra bu ölkə həbsxanalarında məhbus olan bir sıra digər gənc islamçılar da aclıq aksiyasına qoşulublar. Nardaran dini kəndindən olan gənc məhbus Cabbar Cabarov, məhbus dindar jurnalist Polad Aslanov və Azərbaycan Müsəlmanları Birliyinin həbsdə olan fəalı Abbas Hüseyn Hacı Tale Bağırzadə ilə həmrəylik nümayiş etdirən islamçı məhbuslar arasındadır.
Qeyd edək ki, bu yaxınlarda Müsəlman Birliyi Hərəkatının üzvü Razi Həmbətovun məhkəməsi keçirilərkən, məhkəmənin həyətinə gəldikləri üçün Bakı polisi tərəfindən saxlanılan bir sıra azərbaycanlı din xadimləri DİN-nin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Təşkilatının (Bandotdel) qüvvələrinin onlara qarşı vəhşi və qeyri-əxlaqi hərəkətlər etməsini xəbər veriblər.
“Bandotdel”in əməkdaşları islamçılara işgəncə verərkən və onları dindirərkən həmçinin Uca Allahı söyüb, təhqir ediblər və bu məsələ Azərbaycanın müsəlman xalqının nifrətinə səbəb olub.
Saxlanılan islamçılardan biri Mail Kərimov deyib: “Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Təşkilatının (Bandotdel) təcridxanasında şalvarımı çıxartdılar, alt paltarımı cırdılar və dəyənəklə zorlamaq istəyirdilər. Bu vaxt onları Allaha and verdim ki, bu çirkin əməli etməsinlər. Onlar davamlı olaraq söyüş söyür və döyürdülər, islamçıların mühakimə olunduğu məhkəmələrə gəlməməyi və onlarla həmrəy olmamağımı tələb edirdilər. Təcavüzə uğramamaq üçün kameranın önündə məhkəməyə getməyəcəyimə dair söz verdim. Bundan sonra mənə qarşı cinsi təcavüz etməməyi qəbul etdilər. Lakin təhdid etdilər ki, məhkumların məhkəmələri keçirilən yerlərdə görünsəm, yenidən həbs və təcavüz edəcəklər.”
Həbs edilmiş digər dini fəal Süleyman Əliəkbərov deyib: “Bandotdeldə işgəncə verənlər və məmurlar özlərini “hacı” adlandırırdılar. Bunu bizi təhqir etmək, ya döğrudan da hacı və namazqılan olduqları üçün etdiklərini bilmirəm?! Onlar davamlı olaraq məni söyür və işgəncə verirdilər. Onlara: “Siz də müsəlman və Əli şiəsisiniz, bu nə hərəkətdir edirsiniz?” dedim. Onlar qışqırdılar ki, şiədən danışma. Əlinin (ə) adını dilinə gətirmə! Əbəs yerə özünüzü şiə adlandırırsız. Onları Allaha and verdikdə, onlardan biri Allahı da söydü.”
Azərbaycan Daxili İşlər Nazirliyinin rəsmiləri, ölkənin siyasi sisteminin “dünyəvi” və “sekular” olduğunu bəhanə gətirərək, təcridxana və həbsxana məmurlarının dini müqəddəsləri təhqir etməsini cinayət və qanun pozuntusu saymır, Uca Allaha qarşı təhqiramiz ifadələr işlədənlərə qarşı tədbir görmək istəmirlər.
İkinci Qarabağ müharibəsindən sonra son iki ildə Bakı hökumətinin daxilində sionist rejimin müdaxiləsinin təsiri və vəhabi ünsürlərinin fəallaşması ilə Azərbaycanın inanclı kəsiminə qarşı təzyiqlər ciddi şəkildə artıb. Dindar kəsimin Dağlıq Qarabağın ətraf rayonlarının Ermənistanın işğalından azad edilməsi əməliyyatlarında könüllü şəkildə iştirak etməsinə baxmayaraq, onların bu iştirakı inkar edilir, sionist rejim Azərbaycan ordusuna hərbi silah satmaq bəhanəsi ilə ikinci Qarabağ müharibəsində bu ölkənin hərbi və təhlükəsizlik strukturlarında öz iştirak və təsirini qeyri-adi şəkildə genişləndirib, ölkədə siyasi və kimlik böhranının daha da şiddətlənməsinə səbəb olub