Tarix : 2022 Jun 11
Kod 62610

Tale Bağırzadə: "Aksiyanı dayandırmayacağam!"

Tale Bağırzadə: "Allahı və İslam müqəddəslərini təhqir edən hüquq mühafizə orqanlarının əməkdaşları cəzalandırılmasa, aksiyanı dayandırmayacağam"

Arannews :Müsəlman Birliyi Hərəkatının sədri, siyasi məhbus Tale Bağırzadəni bu gün vəkili Bəhruz Bayramov ziyarət edib. Siyasi məhbusla saxlanıldığı Qobustan həbsxanasında görüşən vəkili mediaya bildirib ki, o, tələblərində çox qətiyyətlidir və tələbləri yerinə yetirilməyənə qədər aksiyanı davam etdirəcəyini bildirib: 
"Tale Bağırzadə dedi ki, sonadək aksiyanı davam etdirəcəm. Əqidədaşlarıma işgəncə verən, Allahı və İslam müqəddəslərini təhqir edən hüquq mühafizə orqanlarının əməkdaşları cəzalandırılmasa, aksiyanı dayandırmayacağam. Mən azadlığımı tələb etmirəm. Mən Allahın söyülməsinə etiraz edirəm".

YADDAŞ

Mayın 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə Müsəlman Birliyi Hərəkatının üzvü Razi Hümbətovun son prosesi keçirilirdi. Məhkəmə açıq keçirilsə də əvvəlindən sonuna qədər içəri R.Hümbətovun atası və qardaşından başqa heç kim buraxılmayıb.
Məhkəmədə iştirak etmək üçün gələnlər əlacsız qalıb, qarşıdakı bağda hökmü gözləməyə başlayıb. Bu zaman polislər onlara ərazini tərk etmək əmri verib. Bunun qanunzaidd olduğunu polislərə xatırladan vətəndaşları bağdan qovublar. 5 nəfəri isə həbs edib Nəsimi rayon Polis İdarəsinin 22-ci polis bölməsinə aparıblar.
Saxlanılan şəxslər Müsəlman Birliyi Hərəkatının üzvləri İmran Məmmədli, Ağəli Yəhyayev, Elgiz Məmmədov, Süleyman Ələkbərov və Mail Kərimov olub.
İmran Məmmədli, Elgiz Məmmədov, Ağəli Yəhyayevi Nəsimi rayon məhkəməsinə gətiriblər. Həmin gün hakimi Elməddin Hüseynovun sədrliyi ilə keçirilən prosesdə Ağaəli Yəhyayevə 30 sutka inzibati həbs cəzası verilib.
İmran Məmmədli, Elgiz Məmmədova isə mayın 21-də 30 sutka inzibati həbc cəzası verilib.
Müsəlman Birliyi Hərəkatının polis idarəsinə aparılan iki üzvü Mail Kərimovu və Süleyman Ələkbərovu 22-ci polis bölməsində onların başına torba keçirib, qollarını arxadan qandallayıb naməlum məkana aparıblar. Adçəkilən şəxslər mediaya verdikləri açıqlamalrda bildiriblər ki, polis idarəsində onları üzüüstə yerə yıxıb vəhşicəsinə işgəncə veriblər. Onların şalvarını və alt paltarını çırıb əyinlərindən çıxarıblar. Zorlamaqla təhdid ediblər.
Hər iki şəxs bir daha məhkəmələrə getməyəcəklərinə söz vermək şərtilə zorlanmaqdan xilas olublar.
Baş verən hadisələr sosial şəbəkələrdə böyük etirazlara səbəb olub. Mayın 23-də Müdafiə Xətti insan haqları təşkilatının dəstəyi ilə mətbuat konfransı keçiriblər. Konfrans zamanı Süleyman Ələkbərov başına gələnləri danışıb:
"Məni bölmədən başıma qara torba keçirib çıxardılar, əllərimi arxadan bağlamışdılar. İdarədə mənə məhkəmədə iştirak etməməyimi dedilər. Məni yerə yıxıb, başımı təpikləməyə başladılar. Dedim ki, belimdə zədə var, belimə vurmayın. Belimin üstünə çıxıb, hoppanıb düşürdülər. Daha sonra əllərini torbanın içinə salıb saqqalımı yolurdular. Mənə deyirdilər ki, sən vəhabisən.

Ən pis söyüşlərlə söyürdülər, Allahı da söyürdülər".
Daxili İşlər Nazirliyi Müsəlman Birliyi Hərəkatının üzvlərinin işgəncəyə məruz qalması ilə bağlı iddialarını əsassız və yalan olduğunu bildirib.

"Bir qrup şəxs həmin gün zərurət olmadan məhkəmənin önündə toplaşaraq səs-küy salıb, nəqliyyatın və piyadaların hərəkətinə ciddi maneələr yaradıb. Polis əməkdaşları yaxınlaşıb onlardan dağılışmağı və ərazini tərk etməyi tələb edib. Mail Kərimovla Süleyman Ələkbərov polisin qanuni tələblərinə riayət etməyərək asayişin pozulmasına yönələn hərəkətlərini davam etdiriblər. Xarici ölkələrdə belə hallarda polis silaha əl atır" , Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov qeyd edib.

3 iyunda Ağaəli Yəhyayevin Bakı Apellyasiya Məhkəməsində vəkili Zübeydə Sadıqovanın vəsatəti ilə məhkəməsi keçirilib. Məhkəmədə söz alan Ağaəli Yəhyayev ona verilən dəhşətli işgəncələrdən danışıb. O, bildirib ki, onun paltarlarını əynindən çıxarıblar və zorlamaqla təhdid ediblər. İşgəncə verənlər hətta Allahı da söyüblər.
Tale Bağırzadə Allahın söyülməsinə və insanların buna susqun yanaşmasına etiraz olaraq Şəhadət aclığına başlayıb.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 yanvar 2017-ci il tarixli hökmü ilə Tale Bağırzadə 19 il həbsə məhkum edilib. Məhkəmə hökmünə görə, o, həbsinin ilk 7 ilini Qobustan Qapalı Həbsxanasında çəkməlidir.
Tale Bağırzadə və bir sıra digər inanclı insanlar 2015-ci il noyabrın 26-da Nardaran qəsəbəsində keçirilən xüsusi əməliyyatdan sonra həbs olunublar.

  • Yazılıb
  • da (də) 2022 Jun 11
  • Göndərən جهان کمالی