Ankara Rusiya, Ukrayna, Türkiyə və BMT arasında Ukrayna limanlarından taxıl ixracı ilə bağlı görüşün keçirilməsi təklifinə Moskvadan cavab gözləyir.
"Arannews :TASS"a istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu çexiyalı həmkarı Yan Lipavski ilə danışıqların yekunlarına dair mətbuat konfransında bildirib.
"Biz Ankarada Rusiyanın xarici işlər naziri Sergey Lavrovla danışıqlar apardıq, bu danışıqlarda Rusiya ilə Ukrayna arasında danışıqların bərpası və taxıl tədarükünə qoyulan məhdudiyyətlərin aradan qaldırılmasını müzakirə etdik. Biz hesab edirik ki, BMT-nin Ukrayna limanlarından taxıl ixracı ilə bağlı təklif etdiyi plan ən düzgün plandır və tərəflər bunu müzakirə etməlidir. Biz İstanbulda bu məsələ ilə bağlı Rusiya, Ukrayna, Türkiyə və BMT arasında görüş keçirməyə hazır olduğumuzu bəyan etdik, bu, BMT-nin təklifidir. Mövqeyimiz açıq şəkildə bildirilib, indi Rusiyadan həm görüşlə bağlı, həm də digər detallarla bağlı cavab gözləyirik", deyə nazir bildirib.