Müsəlman Birliyi Hərəkatı aclıq aksiyasına qoşulan islamçıların vəziyyəti ilə bağlı ictimayyət nümayəndələrinə və tanınmış simalara müraciət edib
Arannews :SəhərAzəri-nin məlumatına əsasən, müraciətdə deyilir: "Hazırda canı bahasına mücadilə aparan mübariz insanların həyati əhəmiyyətli durumları hər kəsi üzəcək acı xəbərin astanasındadır. Bir anlıq olsun yubanmağımız onları itirməyyimizə səbəb ola bilər. Hər kəs haqq mücadiləsi aparan bu şəxslərin öz hədəflərində dönməz və mətin olduğunu artıq illərdir ki, ictimai hadisələrdən bilir. Allah, inanc mövzusu bu insanlar üçün bütün məsələlərin fövqündə durduğu üçün rəşadətli kişilərin son nəfəslərinə qədər bu işdə dirəniş göstərəcəkləri şübhəsizdir. Elə buna görə də sizlərlə birlik və disskusiya ilə mövcud hadisədə çıxış yolu tapmaq üçün bir masa arxasında əyləşməyi zəruri bilirik.
Hər kəs iyunun 3-də Müsəlman Birliyi Hərəkatı sədri Tale Bağırzadənin polis idarələrində işgəncə zamanı Allahın təhqir olunmasına etiraz edərək aclıq aksiyasına başlamasından xəbərdardır. İnancın təhqirinə yol verən polis işçilərinin cəzalanma tələbi ilə onun başladığı bu aksiyaya neçə-neçə siyasi və məhbəs həyatı yaşayan digər şəxslər də qoşulub. Təəssüf ki, rəsmi dövlət orqanları inanca yönəli bu addımların günahkarlarını cəzalandırmaq əvəzinə müxtəlif bəhanələrlə mövzudan yayınmağa çalışır. Aclıq edənlərin durumunda narahatlıq isə hər ötən saat yüksələn xətt üzərində artır. Buna nümunə olaraq aksiya iştirakçısı Cabbar Cabbarovun vəziyyətinin ağırlaşmasını misal göstərmək olar. Qan qusan siyası məhbus hal-hazırda Pentesiar Xidmətin Müalicə Mərkəzinə yerləşdirilib. Biz birlikdə bu məsələnin hüquqi həllini tapmasaq, digər şəxslər də eyni qorxunc nəticə ilə üzləşə bilər. Buna görə də sizlərə müraciət edib dəyirmi masa arxasında mövcud hadisənin həlli yollarını çözməyi təklif edirik", - deyə müraciətdə vurğulanır.
Xatırladaq ki, Hacı Tale Bağırzadə aclıq aksiyasını “şəhidlik aksiyası” adlandırıb və “Müsəlman Birliyi Hərəkatının” iki üzvünə işgəncə verilərək, onlardan ifadə almaq, həm də onlara ruhi və psixoloji iztirablar vermək üçün Allahı təhqir edən şəxslərin cəzalandırılmasını tələb edir. 14 məhbusun bu aksiyada iştirak etdiyi bildirilir.
Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 yanvar 2017-ci il tarixli hökmü ilə Tale Bağırzadə 19 il həbsə məhkum edilib. Məhkəmə hökmünə görə, o, həbsinin ilk 7 ilini Qobustan Qapalı Həbsxanasında çəkməlidir.Tale Bağırzadə və bir sıra digər inanclı insanlar 2015-ci il noyabrın 26-da Nardaran qəsəbəsində keçirilən xüsusi əməliyyatdan sonra həbs olunublar.