Tarix : 2022 Jul 01
Kod 62665

Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında

Ayətullah Rəisi: İran İslam Respublikası Xəzər dənizini sülh dənizi hesab edir

Xəzəryanı ölkələrin əməkdaşlığı beynəlxalq proseslərə görə getdikcə əhəmiyyət kəsb edir.
Arannews :Xəzəryanı ölkələrin əməkdaşlığı beynəlxalq proseslərə görə getdikcə əhəmiyyət kəsb edir.
Ümid edirəm ki, bu görüşlərin keçirilməsi region xalqlarına təhlükəsizlik, sabitlik, sülh və dostluq gətirəcək.
Ölkəmizin Xəzəryanı Ölkələrin Yeddinci Zirvə Görüşünü keçirməyə hazır olduğunu bildirən Prezident Xəzəri əməkdaşlıq dənizi adlandıraraq deyib: “Xəzəryanı dövlətlərin əməkdaşlığı xüsusilə beynəlxalq hadisələrə diqqət etməklə, getdikcə daha çox əhəmiyyət kəsb edir. Bu qarşılıqlı əlaqə iqtisadi çiçəklənməyə və xalqlarımızın rifahının yüksəlməsinə səbəb olmaqdan əlavə, həm də regional sülhün və sabitliyin möhkəmlənməsinə, Xəzər hövzəsinin problemlərinin yalnız sahilyanı dövlətlər vasitəsilə həllinə gətirib çıxarır.”
İran prezidentinin Xəzəryanı Ölkələrin VI Zirvə Toplantısındakı çıxışının tam mətni aşağıdakı kimidir:
Bismillahir-Rəhmanir-Rəhim
Cənab Sərdar Berdiməhəmmədov, cənab İlham Əliyev, cənab Qasım-Comərd Tokayev, cənab Viladimr Putin,
Xanımlar və ağalar,
Gözəl Aşqabad şəhərində Xəzəryanı Dövlətlərin Altıncı Sammitində iştirak etməkdən, əziz dostlarım və həmkarlarımla, hörmətli prezidentlərlə görüşməkdən məmnun olduğumu bildirmək istərdim. Habelə, Türkmənistan Prezidenti, əziz dostum və qardaşım cənab Sərdar Berdiməhəmmədovun səmimi qonaqpərvərliyinə görə təşəkkür edirəm.
Cənablar! Hörmətli Prezidentlər!
Bu gün biz Aşqabad şəhərində keçirilən Altıncı Xəzər Zirvə Toplantısında iştirak edirik və 2002-ci ildə Aşqabadda keçirilmiş əvvəlki sammitdən bəri çox böyük yol qət etmişik. Çoxsaylı sənədlər tərtib etməklə əməkdaşlıq və bu akvatoriyanın faydalarından yararlanmaq üçün münasib hüquqi baza yaratmışıq. Qarşılıqlı maraqları təmin etmək üçün ortaq dil tapmışıq. Bu yolu davam etmək üçün aydın baxışımız var. Bütün bu nailiyyətlər səylərin, müdrikliyin, uzaqgörənliyin, əhatəliliyin, ölkələrimizin hüquq və qarşılıqlı maraqlarının nəzərə alınmasının nəticəsidir.
Xəzər dənizi bizim ortaq irsimiz və sərmayəmiz, əlaqə və dostluq mərkəzi, sahilyanı ölkələrinin 270 milyondan çox əhalisi üçün xeyir-bərəkət mənbəyi olaraq, beş ölkəni bir su hövzəsinin güzgüsündə əks etdirir. Sivilizasiya yaradan atalarımız və mədəniyyət yetişdirən analarımız min illər boyu bu sahillərdə və regionda sülh, nemət və firavanlıqla yaşadığı kimi bizim xalqlarımız da bu dənizin daimi qonşuları olaraq Xəzər dənizinə uzunmüddətli baxışla dostluq və əməkdaşlıq dənizi kimi baxmalıdırlar ki, indiki və gələcək nəsillər qarşısında məsuliyyətimizi yerinə yetirmiş olaq. Bu baxımdan, Xəzəryanı dövlətlərin mədəni yaxınlaşması uzunmüddətli perspektivdə əməkdaşlığa və dostluğa zəmanət verən, onu xalqların qəlbində möhkəmləndirən əsas prioritetlərdən biridir. İran İslam Respublikası bu mənəvi irsin institutsionallaşdırılması və birgə sosial-mədəni proqramların keçirilməsi ilə qorunub saxlanmasını və gücləndirilməsini təklif edir.
Xəzər dənizi vasitəsilə bir-birinə bağlanan və qonşu olan, digər ölkələrə və bölgələrə çıxış üçün bir-birinin ərazisindən istifadə edən ölkələr kimi bu akvatoriya, eləcə də onun sahilyanı ölkələri ilə bağlı bir çox hüquq və öhdəliklərimiz var. Kövrək ətraf mühitin mühafizəsi, canlı resurslardan düzgün istifadə, iqtisadi inkişaf məqsədi ilə Xəzər dənizinin mineral ehtiyatlarının istismarı üzrə məsuliyyətli fəaliyyət, xalqımızın rifahını və təhlükəsizliyini təmin etmək, bu su hövzəsində bir-birinin suverenliyinə, suveren hüquqlarına və səlahiyyətlərinə hörmət bu hüquq və öhdəliklərin bir hissəsidir.
Xəzər dənizi ilə bağlı qərar qəbul etmək və onun məsələlərini həll etmək üçün “sahilyanı dövlətlərin müstəsna və konsensual səlahiyyətləri”nin razılaşdırdığı əsas prinsip işıq və bələdçidir ki, onun işığında Xəzəryanı dövlətlərin əməkdaşlığı və qarşılıqlı faydası üçün əsaslar təmin edilir. Bu məsələ, həmçinin əvvəlki müqavilələrə uyğun olaraq, üçüncü və qeyri-Xəzəryanı tərəflərin Xəzərlə bağlı məsələlərə müdaxiləsini və ya sahilyanı dövlətlərdən hər hansı birinə qarşı təcavüz və digər hərəkətləri əngəlləyir və mümkün xoşagəlməz hadisələrin qarşısını ala bilər. Ona görə də Xəzəryanı dövlətlər kimi beştərəfli əməkdaşlığı vurğulamaqla, birtərəfli hərəkətlərdən çəkinməklə, mövcud imkanlara arxalanmaqla, əməkdaşlıqları genişləndirməklə  Xəzər dənizi regionunu “sülh və dostluq regionu” kimi qorumağımız, regionun və sahilyanı ölkələrin uzunmüddətli maraqlarına və Xəzərlə bağlı bütün qərarlarda “yekdillik prinsipinə” riayət etməyə ciddi fikir verməyimiz zəruridir.
Xoşbəxtlikdən, Xəzəryanı dövlətlər arasında müxtəlif sahələrdə, xüsusilə nəqliyyat, ticarət, canlı resursların idarə edilməsi, ətraf mühitin mühafizəsi, təhlükəsizliyin təmin edilməsi, təhlükə amilləri və cinayətkarlıqla mübarizə sahələrində müxtəlif formalarda yaxşı və konstruktiv əməkdaşlıq mövcuddur. Bu məqsədlə ötən illər ərzində çoxlu sənədlər tərtib edilib, əməkdaşlığın əsasları hazırlanıb.
Xəzəryanı dövlətlərin 2018-ci ildə Aktauda keçirilmiş əvvəlki görüşündə iyirmi illik danışıqlardan sonra Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya sahilyanı dövlətlərin hüquq və öhdəliklərini, Xəzər dənizində fəaliyyətin əsas prinsiplərini izah edən sənəd kimi yekunlaşdırıldı və imzalandı. Şübhəsiz ki, onun həyata keçirilməsi həm sahilyanı dövlətlər arasında daha çox əməkdaşlığa, həm də Xəzərdə daha geniş fəaliyyətə yol aça bilər. Bu məqama nail olmaq təbii ki, dənizin dibi və dibinin altı, səthi və su sütunu, eləcə də Xəzərin yuxarı hissəsi ilə bağlı sahilyanı dövlətlərin suverenlik sahələrinin ədalətli sərhədlərinin, suveren hüquqların müəyyənləşdirilməsini tələb edir. Bu baxımdan, “Mənşə xəttinin necə çəkiləcəyi haqqında Saziş”in yekunlaşdırılması vacibdir. İran İslam Respublikası daim, o cümlədən Konvensiyanın imzalanmasından sonra öz şərh bəyanatında vurğulamışdır ki, bu məsələ “sahil forması açıq şəkildə əlverişsiz vəziyyətdə olan” bir ölkə kimi İran üçün böyük əhəmiyyət kəsb edir və həlledicidir. Ümid edirik ki, yaxın vaxtlarda sahilyanı dövlətlərin nümayəndələri arasında danışıqların davam etdirilməsi ilə bu saziş yekunlaşacaq və Xəzər dənizinin hüquqi rejimi haqqında Konvensiyanın ratifikasiyasına zəmin yaradacaq.
Ədalət, İran İslam Respublikasının xarici siyasətinin əsas təməllərindən biridir. Buna uyğun olaraq, ədalətli ikitərəfli münasibətlərin qurulması ilə yanaşı, çoxtərəfli ədalətli nizamın formalaşması İranın xarici siyasətinin əsas istiqamətlərindən biridir. Təbii ki, ədalətli nizamın faydalarından biri də oyunçular, xüsusən də qonşular arasında dostluq əlaqələrinin genişlənməsidir ki, bu da onların qarşılıqlı maraqlarına xidmət edəcəkdir.
Son vaxtlarda, korona pandemiyasının yaratdığı məhdudiyyətlərin aradan qaldırılması ilə İran və Xəzəryanı ölkələr arasında siyasi və iqtisadi qarşılıqlı əlaqələrin əhəmiyyətli dərəcədə artdığının şahidi olduq. İran İslam Respublikası coğrafi mövqeyinə və əlverişli infrastrukturuna görə öz ərazisi vasitəsilə Xəzəryanı ölkələrin digər ölkələrə və bölgələrə, xüsusilə İranın Fars körfəzi və Oman dənizindəki limanlarına tranzit və çıxışını təmin etməyə hazırdır. Həmçinin, neft və qazın ixracı və svopları, elektrik enerjisi, minerallar və kənd təsərrüfatı məhsullarının ixracı sahəsində əməkdaşlıq son aylarda Xəzər dənizində qonşu ölkələrlə apardığımız danışıqların gündəliyində duran məsələlər sırasındadır. Bu sahələrdə yaxşı razılaşmalar əldə olunub ki, strateji əməkdaşlığın yeni dövrünü vəd edir.
Xəzər dənizi əməkdaşlıq dənizidir və bu əməkdaşlıq, xüsusilə beynəlxalq hadisələrə diqqət etməklə getdikcə əhəmiyyət kəsb edir. İran İslam Respublikasının öz dostları və qonşuları ilə qarşılıqlı əlaqəsi əsllik təşkil edir. Bu qarşılıqlı anlaşma və əməkdaşlıq xalqlarımızın iqtisadi çiçəklənməsinə və rifahının yüksəlməsinə gətirib çıxarmaqla yanaşı, həm də ölkələrin müstəqilliyinin və regional sülhün və sabitliyin möhkəmləndirilməsinə, Xəzər hövzəsinin problemlərinin yalnız sahilyanı ölkələr vasitəsilə həllinə gətirib çıxarır. İran İslam Respublikasının bu möhtəşəm strategiyası beynəlxalq hadisələrdən asılı olmayaraq davam edəcək.
İran İslam Respublikası Xəzəryanı dövlətlərin başçılarının nəqliyyat, investisiya, turizm və digər iqtisadi fəaliyyət formalarında iqtisadi əməkdaşlığın inkişafı üçün təqdim etdikləri təşəbbüsləri alqışlayır və dəstəkləyir. Xüsusilə də, mədəni əlaqələrin gücləndirilməsinin və Xəzər dənizinin kövrək mühitinin qorunub saxlanılmasının vacibliyini vurğulayır.
İran İslam Respublikası Xəzər dənizini sülh və dostluq dənizi, region xalqları arasında əlaqə və yaxınlıq amili hesab edir, qarşılıqlı hörmət və maraq əsasında hərtərəfli əməkdaşlığa hazır olduğunu bildirir.
Sonda, İran İslam Respublikası Yeddinci Xəzəryanı Ölkələrin Zirvə Toplantısını keçirməyə hazır olduğunu bəyan edir. Ümid olunur ki, bu sammitlərin keçirilməsi Xəzər dənizi regionu xalqlarına artan tərəqqi və inkişaf, təhlükəsizlik, sabitlik, firavanlıq, sülh və dostluq gətirəcək. Bu görüşün layiqincə təşkilinə və səmimi qonaqpərvərliyə görə bir daha dost, qonşu və qardaş Türkmənistanın prezidentinə, hökumətinə və xalqına təşəkkür edirəm və hamınıza uğurlar arzulayıram.
Mənbə: İran Prezidentinin İnformasiya Mərkəzi

 
  • Yazılıb
  • da (də) 2022 Jul 01
  • Göndərən جهان کمالی