İran Səfirliyi sosial şəbəkələrdə “iyulun 1-dən etibarən Azərbaycanla quru sərhədlərini iki ay müddətinə bağlamaq qərarı verildiyi”nə dair məlumatları təkzib edib.
Arannews :SəhərAzəri-nin məlumatına əsasən, bu barədə İran İslam Respublikasının Azərbaycandakı Səfirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Məlumatda deyilir: “İctimaiyyətin sorğularına və medianın suallarına cavab olaraq sosial şəbəkələrdə İran İslam Respublikasının quru sərhədlərini iki ay müddətinə bağlaması ilə bağlı yayılan xəbəri təkzib edirik və bildiririk ki, ötən ilin noyabr ayından etibarən İranın bütün quru, hava və dəniz sərhədləri beynəlxalq turistlər və qonşu dövlətlərin, xüsusən də Azərbaycanın vətəndaşları üçün açıqdır, eləcə də İran və Naxçıvan Muxtar Respublikasının sərhədləri açıqdır və İran İslam Respublikasından beynəlxalq turistlərin və qonşu ölkələrin vətəndaşlarının ölkəyə giriş-çıxışı üçün heç bir məhdudiyyət yoxdur.”
Bu arada Azərbaycanın Dövlət Sərhəd Xidməti Naxçıvan-Türkiyə sərhəsinin iyulun 1-dən iki ay müddətinə bağlı qalacağına dair məlumatı təsdiqləyib. Səbəb kimi pandemiya göstərilir.
Qeyd edək ki, Bakı-Naxçıvan reysində biletlərin 10 manat bahalaşması əhali arasında narazılığa səbəb olub və hazırda quru sərhədlərin bağlanması insanları daha çətin vəziyyətlə üzləşdirə bilər.
Naxçıvanın İranla da sərhədinin bağlandığı xəbər verilir.
İran İslam Respublikasının Naxçıvandakı baş konsulu Seyid Əhməd Hüseyni Səhər Kanalı ilə müsahibədə Naxçıvanın İranla da sərhədinin Azərbaycan Respublikası tərəfindən bağlandığını bildirdi.
Bununla belə Biləsuvar Gömrüyünün müdiri Ramazan Dərgahı kanalımızla müsahibədə Biləsuvar sərhədinin açıq olduğunu və yük daşımaları ilə yanaşı gündə 4 avtobus sərnişinin sərhəddən keçdiyini vurğuladı.
Məlumat üçün bildirək ki, İran üzərindən sutkada 4 avtobuş, Azərbaycan vətəndaşlarını Naxçıvandan Bakıya və əks istamətə daşıyır və yeni məhdudiyyət bu gediş-gəlişə şamil edilməyəcək.