Iran İslam Respublikası prezidenti İbrahim Rəisi Tehran-Bakı əlaqələrinin əhəmiyyətini vurğulayaraq deyib ki, bu yaxşı münasibətlərin artırılması səmərəli regional əməkdaşlıqla nəticələnəcək.
Arannews : Prezident Seyid İbrahim Rəisi bazar ertəsi Tehranda səfərdə olan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovu qəbulu zamanı Tehran və Bakı arasında müxtəlif ticari, iqtisadi və siyasi sahələrdə əlaqələrin və əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayaraq, Azərbaycan tərəfi ilə əlaqələrin inkişaf etdirilməsi üçün heç bir məhdudiyyətin olmadığını bildirib əlavə edib: "İkitərəfli münasibətlərin gücləndirilməsi səmərəli regional əməkdaşlığa gətirib çıxara bilər.
Prezident Rəisi, həmçinin iki ölkə xalqları arasındakı münasibətlərin və qarşılıqlı əlaqələrin xalqlar arasında dostluğu daha da möhkəmləndirəcəyini söyləyib.
Prezident Rəisi ümidvar olduğunu bildirib ki, Azərbaycan prezidentinin Tehrana səfəri ilə iki dövlət arasında münasibətlərdə sıçrayış görəcəklər.
Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov da öz növbəsində İran və Azərbaycan arasında diplomatik əlaqələrin əhəmiyyətli dərəcədə yüksəlməsinə və bunun əməkdaşlıq və münasibətlərin səviyyəsinə əhəmiyyətli təsirinə toxunaraq, qeyd edib ki,İran və Azərbaycan Respublikası arasında ticarət dövriyyəsinin həcmi son bir ildə və bu ilin ilk 5 ayında əhəmiyyətli dərəcədə artıb".
Bayramov qeyd edib ki, İran İslam Respublikası və Azərbaycan Respublikası regional məsələlərin kənar şəxslərin müdaxiləsi olmadan, region ölkələrinin özləri tərəfindən və həll edilməsində həmfikirdirlər.