Tarix : 2022 Aug 07
Kod 62787

İngiltərədəki Azərbaycan səfirliyinə hücum, İran və Azərbaycan düşmənlərinin fitnəsi

İmam Hüseyn (ə) mərasimlərinə hörmət Azərbaycan Respublikasında xalqın danılmaz haqqıdır – qeyd
Arannews :Polis və qanunla İmam Hüseynin (ə) adını çəkməyə heç kimə mane olmaq olmaz. Bu zikri təkrarlamaq və o bayrağı asmaq nəfəs almaq kimi bir şeydir və müstəmləkəçilər də bilməlidirlər ki, Şirazi firqəsi və ingilis şiəliyi kimi firqələrə dəstək verərək, İran və Azərbaycan xalqları arasında fitnə yarada bilməyəcəklər.
Dünyanın ikinci ən mühüm şiə ölkəsini idarə etmək, onun özünəməxsus qanunlarını, siyasətlərini və strategiyalarını tələb edir və şiə məzhəbi və ayinlərinə hörmət belə bir ölkədə insanların danılmaz hüququdur.
70 illik kommunizm dövründə Azərbaycan Respublikası xalqına tarix boyu görünməmiş məhdudiyyətlərlə İslam və şiəlik haqqında yazmaq, çap etmək, hətta oxumaq icazəsi verilməmişdir. Amma, onlar bu bilikləri şifahi formada sinədən sinəyə ötürmüşlər. Onlar rəhmət peyğəmbəri (s) və pak imamlara (ə) eşqi ürəklərində yaşatdılar. Bu insanlar yalnız sevdiklərinin matəmində və ev-qəbiristanlıq yolunda öz aşiq qəlblərinin nidasını fəryad etmək fürsətinə sahib idilər!
Sonunda kommunizm dağıldı, ağız və qələmə vurulmuş qıfıl sındı və onilliklərdən sonra İslam diyarının mühüm olan bu yerindən “Ləbbəykə ya Hüseyn (ə)” səsi gəlməyə başladı. Sovetlər birliyinin dağılmasından bu yana, ötən hər gündə bu torpaqda İslam dini və şiəlik daha da rövnəqlənir.
Azərbaycanda yeni nəsillər bu İlahi əmanəti öz dindar və hüseynçi ata və analarının qəlbindən layiqincə qəbul etmiş və bu əbədi eşqi ildən-ilə daha da əzəmətlə hayqırmışlar.
İmam Hüseynin (ə) adı sıradan bir söz deyil, müqəddəs bir sözdür. Bu söz hansı diyarda pıçıldansa, İmam Hüseynin (ə) gəmisi orada dayanacaq və öz izzət çətirini o məmləkətin əhalisinə açacaq. İmam Hüseynin (ə) nurunu sınaqdan çıxaran hər bir xalq, bu nura susayar. Bu susuzluğun yanğısı dünyadakı heç bir yanğı ilə müqayisə oluna bilməz.
Polis və qanunla kimsənin su içməsinə, nəfəs almasına mane olmaq mümkün deyil və şiələr üçün İmam Hüseynin (ə) adını çəkmək su içmək kimidir, nəfəs almaq kimidir, danılmaz bir haqqdır və belə bir hüququn qarşısının alınmasının nəticəsi tam aydındır.
Həzrət Seyyid əş-Şuhədaya (ə) əzadarlıq etmək və onu təbliğ etmək, şiə məzhəbinin mühüm ayinlərindəndir və bu, Aşura qiyamının fəlsəfəsinə uyğun olan İmam Hüseynin (ə) hədəflərinə sədaqət “bildirmək” və batil cəbhədən bəraət almaq (uzaqlaşmaq) deməkdir.
Aşkar olan odur ki, dini ayinlərlə dinin mahiyyəti arasında güclü bağlılıq var; bir tərəfdən, dinin dərinliyi və əsasına diqqət yetirilmədən, mərasimlərin əzəmətli keçirilməsi, sadəcə ruhsuz bir bədən olacaq; digər tərəfdən isə, zahiri ayinlər və əməli siması, şüarları olmayan dinin batini, məqsədinə çatmaz. Buna görə də, müstəmləkəçi güclər bu mərasimlərə hörmətin əleyhinədirlər.
Mərasimlərə hörmətin səviyyələri var, ən yüksək səviyyədə hörmət, qəlbdədir; sonra zahiri və bədən üzvlərində, məsələn, sinə vurmaq, göz yaşı və s.; ən aşağı səviyyə isə budur ki, insan mərasimləri təhqir etməsin və buna mane olmasın.
Qafqaz şiələri, əllərində nə qələm, nə də qüdrət olmadığı bəzi məqamları nəzərə almasaq, tarix boyu özlərinə olunan zülmlərə qalib gəlmiş, təsirli bir strategiya olaraq, dini mərasimlərə hörmət etməklə, bu diyarın tarixinin bütün bəlalarının arasından axan bir su kimi, bu günə qədər öz yoluna davam etmiş və öz kimliyini qoruyub saxlamışdır.
Müstəmləkəçilik şiəliyin yatmış və susmuş vicdanları oyadan bir çıraq kimi gücünü dəqiq dərk edərək, bu çırağı söndürmək üçün heç bir addımdan əl çəkmir. Belə ki, misal olaraq, azğın siyasətlərlə dini təhsil mərkəzləri yaratmaq və ekstremizmi təbliğ etməklə, şiəliyin nurlu çırağını gözdən salmağa və ləkələməyə çalışmışdır.
Dünya müsəlmanlarının ali dini lideri Ayətullah əl-üzma Seyid Əli Xamenei uzun illərdir ki, müstəmləkəçilərin rəhbərliyi altında məzhəblər arasında xərc artırma və parçalanma yaratmaqdan başqa heç bir funksiyası olmayan İngiltərə şiəliyi problemi və fitnəsini vurğulayır.
İngiltərə şiələri kimi tanınmış firqələr, bir gün qəmə vurmaq və şiədən qəddar sima nümayiş etdirmək kimi hərəkətlərlə, bir gün sünni şəxsiyyətlərini təhqir etməklə və bu gün İngiltərədəki Azərbaycan səfirliyində fitnə salmaqla, hökmü İngiltərənin ya ona oxşarların özündə verilmiş bir missiyanı yerinə yetirirlər. Onlar bir gülləyə bir neçə quş vurmaq istəyirlər ki, burada onlara işarə edirik:
Birincisi; Azərbaycan Respublikasının bayrağını təhqir etməklə, əslində dünyanın ikinci şiə ölkəsinin bayrağını təhqir etmiş olurlar;
İkincisi; bu azğın firqənin əməllərini İran İslam Respublikasına aid etməklə, özlərinə bağlı media şəbəkələri vasitəsilə bir növ İran hökumətini və xalqını bu yersiz hərəkətin səbəbkarı kimi təqdim edir və bu yolla İran və Azərbaycan xalqı arasında fitnə yaradırlar.
Üçüncüsü; İmam Hüseynin (ə) bayrağını Azərbaycan Respublikası bayrağının önünə qoymaqla, əslində şiə məzhəbini Azərbaycan xalqının vətənpərvərlik hissləri və mənafeyinin qarşısına qoyurlar. Halbuki, bunun əksi doğrudur. İslam dinində vətənpərvərlik imandan sayılmışdır. Misal olaraq, İslami İranda bu hüseynçilər hegemon dövlətlər qarşısında şiəlik və İran İslam Respublikasının qüdrət qolları sayılır.  Onlar, 8 illik müqəddəs müdafiə (İran-İraq müharibəsi) dövründə İran ərazisinin bir qarışını belə düşmənə təslim etmədilər. Habelə, İslam Müqavimət Cəbhəsinə dəstək verməklə, İŞİD-in İraq və Suriyadakı fitnəsini zərərsizləşdirdilər və dünya xalqlarının gözü qarşısında real təhlükəni aradan qaldırdılar.
Şiələr və İranın müttəfiqləri dünyada yeganə gücdür ki, digər dünya gücləri ilə müqayisədə məhdud say və imkanlara malik olmalarına baxmayaraq, beynəlxalq təsir gücünə sahib olmuş, İslam dünyasının maraqları və təbii ki, İran İslam Respublikasının milli maraqlarının əsl müdafiəçisi ola biliblər. İmam Hüseyn (ə) bayrağı ilə dünyanın heç bir azad ölkəsinin bayrağı arasında heç bir ziddiyyət və qarşıdurma yoxdur və “Ya Hüseyn (ə)” bayrağı ona sarılanlar üçün xilas gəmisi və hidayət edən bir çıraqdır.
Qəlbində İmam Hüseyn (ə) sevgisi olan əsgərlər olmasaydı, Azərbaycan torpaqları azad ola bilərdimi?! Dəmir, tank, təyyarə və raket bir yeri azad edə bilərmi?!
Sonda qeyd edirik ki, tarixə, xüsusən də İslam və şiəlik tarixinə nəzər salmaq sübut edir ki, müsəlman bir xalqın əqidəsi ilə mübarizə və hətta onlara məhəl qoymamaq, həmişə əks nəticələr vermiş, onların daha çox inkişaf etməsi və qüdrətli olmasına səbəb olmuşdur. Hətta ola bilər ki, bəzi yanlış təsəvvürlər və məhdudiyyətlər nəticəsində, damın o tayından düşən radikal cərəyanların yaranmasına gətirib çıxarsın. Bu, Azərbaycan Respublikası hökumətinin diqqət etməli olduğu və Azərbaycan Respublikasında dindarlıq və mərasimlərə hörmət yolunu açmalı olduğu bir məsələdir. Belə ki, müstəmləkəçilərin sui-qəsdi, ifratçılığı və fitnəsindən amanda qalsın və Azərbaycanın şərəfli və azad xalqının sülh şəraitində, birgə yaşaması üçün şərait yaratsın.

 
  • Yazılıb
  • da (də) 2022 Aug 07
  • Göndərən جهان کمالی