Narkomaniyaya qarşı mübarizə aparması ilə tanınan ictimai fəal siyasi məhbus Razi Hümbətovun saxlanma yeri dəyişdirilib.
Arannews "O, barəsində aparılan məhkəmə prosesi başa çatdıqdan sonra Kürdəxanı təcridxanasından 2 saylı CÇM-ə köçürülüb.
Bu barədə Razi Hümbətovun ailəsi məlumat verib.
Xatırladaq ki, bu il mayın 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə Razi Hümbətov 6 il müddətinə azadlıqdan məhrum edilib.
R. Hümbətov barəsində verilən məhkəmə qərarından narazı qalaraq apellyasiya şikayəti vermişdi. Bakı Apellyasiya Məhkəməsi isə şikayəti təmin etməmiş və qərarı qüvvədə saxlamışdı.
Müsəlman Birliyi Hərəkatının üzvü, Abşeron rayonunun Ceyranbatan qəsəbəsində narkomaniyaya qarşı mübarizə aparan ictimai fəal Razi Hümbətov keçən il, iyulun 7-də oğurlanıb. Ailə üzvləri 4 gün axtardıqdan sonra onun Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsində saxlanıldığını öyrəniblər.
Razi Hümbətova qarşı Cinayət Məcəlləsinin 234.4.3 maddəsi ilə (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma-külli miqdarda törədildikdə) ittiham irəli sürülüb.
Razi Hümbətov və yaxınları onun həbsini siyasi sifariş hesab edir. Çünki o, facebook sosial şəbəkəsində yazdığı 1 cümlədən sonra oğurlanıb və həbs edilib. Razi Hümbətovun Facebook-da yazdığı cümlə belə olub: "İlham Əliyev, xalq səni sevmir".