Tarix : 2022 Sep 27
Kod 62935

Müharibədə iştirak edən jurnalistlər 27 sentyabrı belə XATIRLAYIR

2 il öncənin bu günü - 27 sentyabr tarixi... Azərbaycan xalqı bir yumruq kimi birləşərək, 30 ilə yaxın işğalda qalmış torpaqlarının azadlığı uğrunda mübarizəyə qalxdı. Bu mübarizədə hər kəs əlindən gələni etdi. Eləcə də jurnalistlər. Biz informasiya sahəsində savaşarkən bəzi həmkarlarımız qələmi yerə qoyub silaha sarılaraq, Vətən müharibəsinin iştirakçısına çevrildilər.

Arannews :Modern.az saytı Vətən müharibəsinin iştirakçıları olmuş jurnalislərin 2 il öncəki təəssüratlarını yada salıb.

"Təbib" qəzetinin baş redaktoru Məğrur Əli Polad Vətən müharibəsində əvvəldən axıra qədər iştirak etdiyini, savaşdan sonra bir müddət Şuşa ətrafında xidmət etdiyini bildirib:

“Hətta Şuşa ətrafında düşmən mərmisinin partlaması nəticəsində yaralanmışdım. 27 sentyabrı xatırlamaq çox qəribə hissdir. Əvvəla onu deyim ki, bu yaxınlarda 27 il işğal altında olmuş doğma kəndimdən - Füzuli rayonunun Seyidəhmədli kəndindən qayıtmışam. Kəndimdə 27 il həsrətini çəkdiyimiz, üzünü görmədiyimiz yuxularımıza girən evimizin, həyətimizin qalıqlarına baş çəkmişəm. Qardaşımın vəhşilər tərəfindən dağıdılmış qəbrini ziyarət etmişəm. Bunu 27 il ərzində etmək olmurdu. 27 il ərzində biz müharibə istəyirdik. Çünki torpaqlarımızın sülh yolu ilə azad olunmasına heç birimiz inanmırdıq.
Bütün itkilərimizə baхmayaraq, müharibənin olması Azərbaycan cəmiyyətinə və dövlətinə lazım idi. 1-ci Qarabağ müharibəsindəki məğlubiyyətimizin, mülki əhalinin başına gətirilən faciələrin, ərazilərimizin itirilməsinin, 1 milyondan çox vətəndaşımızın acınacaqlı vəziyyətə salınmasının qisası alınmalı idi. İlk növbədə bizim özümüzə, sonra da bütün dünyaya Azərbaycan xalqının, Azərbaycan dövlətinin zəif olmadığını göstərməli, sübut etməliydik. Şükürlər olsun, biz buna nail olduq”.

Məğrur Əli Polad bu gün də 27 sentyabrı həyəcansız xatırlamır:

“Deyə bilərəm ki, bir qədər həyəcan var. Çünki müharibənin çətinlikləri, gözlənilməzləri hədsiz dərəcədədir. Digər tərəfdən kədər yaradır. Bu kədər hissi Azərbaycanın verdiyi 3000 şəhidə və minlərlə qazimizə görədir.  Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəfa versin. Ancaq bu tarix kədərdən, həyacandan çox qürur hissi yaradır. Mən deyərdim ki, Azərbaycan istər dövlətçilik, istər tarixilik baxımdan son yüzilliklərdə ən böyük qələbəsini əldə edib. 27 sentyabr səhifəsi Azərbaycan və dünya durduqca, bizim tariximizdə yaşayacaq. Bu qələbənin əldə olunmasında, 27 il ərzində işğal altında qalmış ərazilərimizin azad edilməsində iştirakıma görə qürur duyuram”.

“Müharibə olsun və mən orada iştirak etməyim, bunu təsəvvürümə gətirə bilmirəm. 27 sentyabr səhər saatlarında bizim hərbi hissə atəş əmrini alan ilk hərbi hissə olaraq döyüşlərə atıldı. Cəbrayıl, Hadrut, Tuğ kəndi istiqamətində olduq. Qubadlı, Xocavənd rayonu, daha sonra Zəfər yolu ilə Şuşaya doğru irəlilədik. Bir sözlə,  əvvəlindən sonuna qədər döyüş yolu keçmişəm. Döyüşlərdə göstərdiyim şücaətə görə Ali Baş Komandan tərəfindən 4 medalla təltif olunmuşam”, - deyə həmkarımız bildirib.


Jurnalist xatərladıb ki, Azərbaycan mətbuatının yaradıcı və texniki heyətindən asılı olmayaraq təxminən 30 əməkdaşı müharibədə iştirak edib:
 

“Bütün dövlət və özəl qurumların müharibə iştirakçısı olan əməkdaşlarına və şəhid ailələrinə diqqət və qayğı göstərildiyinə şahidlik edirik. Bu çox yaxşıdır. Amma yaxşı olardı ki, mətbuat nümayəndələri üçün də diqqət və qayğı göstərilsin”.

İctimai Televiziyanın əməkdaşı İlham Tumas da 27 sentyabr xatirələrini bölüşüb:


“İllərlə, indi heyf ki, artıq nəşri dayanmış “Ekspress” qəzetində “Sevgilim Vətən” adı ilə köşələr yazırdım. Yazırdım ki, nə qədər Qarabağ azad deyil, biz nə mədəniyyətimizdən, nə idmanımızdan, nə iqtisadiyyatımızdan yarıyacağıq. Dəzgahda detal düzəldən bir fəhləmiz belə məğlubiyyət xəcalətiylə işləyəcək. Yazırdım ki, Qarabağ yalnız müharibə yoluyla azad oluna bilər.

Bu müharibəyə qatılmasaydım, özümü illər uzunu yalançılıqla məşğul olan biri kimi hiss edərdim. 44 günlük müharibə mənim 48 yaşıma təsadüf elədi. Hətta 48 yaşımı Cəbrayılda düşmən minaatanlarının mərmiləriylə qarşıladım. Xoşbəxtəm ki, illər uzunu arzuladığım müharibədə iştirak elədim, xoşbəxtəm ki, xəcalət yükünün çiynimizdən atılması üçün başlanan savaşda mənim də dəryada bir qətrə qədər payım var. İllər keçdi, şükür, Qarabağımız azaddır. Bunun üçün şəhidlərimizə borcluyuq. Onların haqqını qiyamətədək verə bilmərik. Bütün şəhid qardaşlarımızın ruhu qarşısında baş əyirəm!”.

  • Yazılıb
  • da (də) 2022 Sep 27
  • Göndərən جهان کمالی