Gürcüstan, Azərbaycan və Türkiyə xüsusi təyinatlılarının “Qafqaz Qartalı - 2022” birgə hərbi təlimlərinin açılışı olub.
Arannews :APA- xəbər verir ki, məlumatı Gürcüstanın Müdafiə Nazirliyi yayıb. Bildirilib ki, Mayor Gela Çedia adına Muxrovani xüsusi məqsədli təlim mərkəzində baş tutmuş açılış mərasimində əvvəlcə hər üç ölkənin dövlət himni səsləndirilib. Tədbirdə Gürcüstan Müdafiə Qüvvələrinin komandanının müavini, briqada generalı İrakli Çiçinadze, Gürcüstan Xüsusi Əməliyyatlar Qüvvələrinin komandanı polkovnik Teymuraz Klateişvili, həmçinin, Azərbaycanın Gürcüstandakı hərbi attaşesi polkovnik-leytenant Fuad İbrahimov, Türkiyənin Gürcüstandakı hərbi attaşesi polkovnik Burak Altıner və digər rəsmi şəxslər iştirak ediblər.
Qeyd olunub ki, taktiki sahə təlimlərin məqsədi Azərbaycan, Türkiyə və Gürcüstan xüsusi təyinatlı bölmələrinin imkanlarının sinxronlaşdırıılmasını və koordinasiyasını dərinləşdirmək, təcrübə paylaşımı etmək, çoxmillətli mühitdə komanda və idarəetməni inkişaf etdirmək və qarşılıqlı əməliyyat qabiliyyətini artırmaqdır.
Qeyd olunub ki, “Qafqaz Qartalı – 2022” təlimlərində iştirak edən xüsusi məqsədli qruplar atəş və tibbi təlimlər sahələrində, məskun mahal ərazilərində xüsusi əməliyyatlar həyata keçirərək öz təcrübələrini paylaşacaqlar.