avqustun 30-da təqaüdə çıxacaq Yaşar Büyükanıtı Quru Qüvvələrinin komandanı İlkər Başbuğ əvəzləyəcək
Turkyə Servisi/Aran Agentliyi
Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi dəyişir. Lent.az-ın Türkiyə KİV-nə istinadən xəbərinə görə, avqustun 30-da təqaüdə çıxacaq Yaşar Büyükanıtı Quru Qüvvələrinin komandanı İlkər Başbuğ əvəzləyəcək. Bu barədə Yüksək Əsgəri Şuranın dörd gün davam edən toplantısının sonunda qərar qəbul edilib.
Bundan başqa, Türkiyə Silahlı Qüvvələrinin rəhbərliyində bir sıra yerdəyişmələr olub. Jandarma Qüvvələrinin komandanı Işık Koşaner İlkər Başbuğun boşaltdığı Quru Qüvvələrinin komandanı postuna keçirilib. Quru Qüvvələrinin qərargah rəisi Atilla Işık Jandarma Qüvvələrinin komandanı təyin olunub. Quru Qüvvələrinin qərargah rəisi postu isə Esenboğa Hava Limanında prezident Abdullah Gülün hicablı xanımı Hayrünnisə Güllə görüşməmək üçün protokol sırasını tərk etməsi ilə məşhurlaşan general Aslan Günərə həvalə olunub. Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının ikinci başqanı Həsən Iğsız olacaq. Mükəmməl ingilis dili bilməsi ilə tanınan Həsən Iğsızı İkinci Ordunun komandanı vəzifəsində Necdət Özəl əvəzləyəcək. Təqaüdə göndərilən Birinci Ordunun komandanı İsmayıl Koçman isə postunu Baş Qərargahın ikinci başqanı Ergin Sayquna həvalə edib.