İran İslam Respublikasının prezidenti Tehranda Ermənistan baş naziri ilə birgə keçirdiyi mətbuat konfransında bildirib ki, əcnəbilərin müdaxiləsi yalnız Qafqaz regionunun problemlərini artırır.
Arannews : Seyid İbrahim Rəisi bu barədə deyib: “Şübhə etmirəm ki, Ermənistan baş nazirinin İran İslam Respublikasına səfəri iki ölkə əlaqələrinin inkişafında dönüş nöqtəsi olacaq. Xüsusilə də İran və Ermənistan arasında üç milyard dollarlıq ticarətə nail olmaq hədəflənib.”
O əlavə edib: “Qonşuluq siyasəti hökumətin vurğuladığı siyasətlərdən biridir və bu müddət ərzində bizim Paşinyanla bir neçə görüşümüz olub. Bu görüşlərdə, xüsusən də bu səfərdə danışıqların əsas mövzusu kommersiya və iqtisadi əlaqələrin inkişafı və təhlükəsizlik əlaqələridir.”
Rəisi vurğulayıb ki, son bir neçə ayda Ermənistanla ticarət əlaqələrində 43% artım qeydə alınıb, lakin iki ölkə arasında ticarət və iqtisadi əlaqələrin inkişafı üçün hədəf üç milyard dollardır ki, bu da iki ölkə rəsmilərinin iradəsi ilə əldə edilə bilər.
Onun sözlərinə görə, iki ölkə arasında yaxşı münasibətlər şübhəsiz ki, regionda və beynəlxalq səviyyədə daha yaxşı münasibətlərə gətirib çıxaracaq.
Qafqaz regionunun İranın tarixi, sivilizasiyası və mədəniyyətinin bir parçası olduğunu deyən Ayətullah Rəisi qeyd edib ki, Qafqaz regionunda təhlükəsizlik və sülh İran üçün çox vacibdir, bu əsasda regional məsələlərin həlli rəsmilərin və eyni bölgədə olan dövlətlərin əlində olmalıdır və əcnəbilərin bölgəyə hər cür müdaxiləsi problemi həll etmək əvəzinə problem yaratmaqdır.
Prezident vurğulayıb ki, Qafqaz regionunun imkanları bu regionda sabit təhlükəsizliyə və sülhə zəmanət verə bilər.