Tarix : 2022 Nov 21
Kod 63100

Ali Məqamlı Rəhbərin müşaviri: Hər bir azəri iranlıdır və hər bir iranlı azəridir

Ali Məqamlı Rəhbərin beynəlxalq işlər üzrə müşaviri doktor Vilayəti: “Azərbaycan Respublikası ilə müharibə İrana qarşı ən namərdcəsinə atılan böhtandır. Eyni irqdən, dildən, dindən, adət-ənənədən, tarixdən olan insanlar, yəni Azərbaycan xalqı gözümüzün işığıdır.”
 
AranNews-in “Təsmin”-ə istinadla verdiyi xəbərə görə, Ali Məqamlı Rəhbərin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti İranın Azərbaycan Respublikası ərazisinə hücum etmək və ya bu ölkəyə nəzarət etmək niyyəti ilə bağlı yayılan şayiələrə, habelə Azərbaycan Respublikası ilə İran arasında son zamanlar media və siyasi səviyyədə yaranmış gərginliyə münasibət bildirərək yazıb ki, birincisi, İran xalqı etnik mənsubiyyətindən asılı olmayaraq eynidir və özünü iranlı hesab edir; ikincisi, İranın heç vaxt qonşu ölkələrə qarşı ambisiyaları olmayıb, əksinə, hər zaman onlarla yaxşı münasibət qurmağı düşünüb.
 
Doktor Vilayətinin “Təsnim”-də dərc edilmiş məqaləsinin xülasəsi belədir:
Fəxrlə vurğulayıram ki, digər iranlılar kimi mən də özümü azərbaycanlı bilirəm. Mən də Əlborz dağlarının ətəklərindənəm, lakin İranın hər yeri mənim evimdir. Digər iranlılar kimi, mən də qürurlu İranın hər bir guşəsini canımın və ürəyimin bir guşəsi kimi görürəm və hətta onu qorumaq üçün canımı da verərəm. Şah İsmayılın Təbrizdə taxta çıxmasından sonra İran xalqı öz milli kimliyinin və istiqlaliyyətinin yenilənməsi və möhkəmlənməsini yaşamış, ölkə tarixi öz sivilizasiyasının parlaq dövrünə qədəm qoymuşdur. Xüsusilə də, Şah İsmayılın Təbrizə gəlişi İran tarixində əlamətdar hadisə idi. Çünki yeni padşahın hakimiyyətə gəlməsindən sonra ilk rəsmi işi bütün ölkədə mübarək şiə inancını rəsmən tanımaq idi. İranın bu mühüm dövrünü araşdırarkən biz tarixin ən heyrətamiz mənzərələrindən biri ilə qarşılaşırıq ki, bu da düzgün dini inancın ölkədəki müxtəlif etnik qruplar arasında dərin ixtilafları aradan qaldırması və insanların həyatının yenilənməsində təsirli olmasıdır. İranın hər yerində şiə inanclıları tədricən öz siyasi, irqi və sinfi ixtilaflarını bir kənara qoyub özlərini “iranlı” adlandırdılar və İran milli kimliyini dirçəltməyə təlaş etdilər.
Əgər kimsə şiəliyin dərinliyini və Əhli-beytin (ə) doğruluğunu bilmək istəyirsə, bunun üçün ən mühüm mənbə Əllamə Əbdülhüseyn Əmini Təbrizinin “Əl-Qədir” kitabıdır. Əgər kimsə İslam və şiə fəlsəfəsini öyrənmək və onun qərb fəlsəfəsi və irfanı ilə  müqayisə etmək istəsə, Əllamə Məhəmməd Təqi Cəfəri Təbrizinin əsərindən yan keçə bilməz. Əgər şiə irfanının tədqiqatçıları indiki dövrdə İmam Xomeyni (r) kimiləri yetişdirən irfani bir mənbə axtarırlarsa, mütləq bu sahədə ən öndə dayanan adı, Seyid Əli Qazi Təbatəbai Təbrizinin adını çəkəcəklər.
Bütün bu qeyd olunan hallar İranda azərilərin vəziyyətini göstərir. Bugün yüksək səslə elan edilməlidir ki, hər bir azəri iranlıdır, hər iranlı azəridir; həmin azəri və iranlı İrandan kənarda olsa və başqa pasportu olsa belə. Dünyanın istənilən yerində hər hansı bir azəri maneəsiz öz fikrini ifadə edə bilirsə, o, ya İran vətəndaşıdır, ya olmasa da, İrana qarşı hissləri var və İranın onun qəlbində hər yerdən daha xüsusi yeri var; İranın və əziz Azərbaycanın əleyhdarları bunu istəsə də, istəməsə də. Son həftələrdə bəziləri məlumatsızlıqdan, bəziləri isə qərəzli şəkildə İranın Azərbaycan Respublikası ilə müharibə etmək istədiyi barədə şayiələr yaydılar. Bu, İrana qarşı ən namərdcəsinə atılan böhtandır. İranın istər Qafqazda, istərsə də başqa yerdə heç bir ölkəyə, o cümlədən də qonşularına hücum etmək fikri yoxdur, xüsusən də eyni irqdən, dildən, dindən, adət-ənənədən, tarixdən olan insanlar, yəni Azərbaycan xalqı gözümüzün işığıdır. 10 min ildən çox mədəni, sosial və siyasi tarixi, 1,6 milyon kilometrdən çox ərazisi, 90 milyona yaxın əhalisi, 15 qonşu ölkəsi olan, 3 Avropa, Asiya və Afrika qitəsinin kəsişməsində yerləşən, İslam sivilizasiyasının əsas qurucusu olan, ən böyük enerji ehtiyatlarına və bilikli insanlara sahib olan İran başqalarının torpaqlarından istifadə etməyə ehtiyac duymur, üstəlik, Azərbaycan kimi bəzi ölkələr üçün viza rejimini birtərəfli qaydada ləğv edib ki, Azərbaycan Respublikası xalqı ziyarət üçün İrana gəlib Məşhəd kimi şəhərlərə və ya istədikləri yerə gedə bilsinlər. Ancaq hər gün bir bəhanə ilə bölgəyə girməyə cəhd edən müdaxiləçilər bilməlidirlər ki, İran İslam Respublikası və regionun əksər dövlətləri başqalarının bu bəhanə ilə burada yuva qurmasına, fitnə-fəsad törətməsinə icazə verməyəcək. Onlar əsla uğur qazana bilməyəcəklər. Çünki bu bölgənin əhalisi kifayət qədər məlumatlıdır və öz bölgələrini özləri idarə edə bilirlər.
Tam bilgi ilə deməliyəm ki, Arazın şimalındakı azərilərlə aramızda hər hansı səbəbdən ayrılıq olsa da, biz sərhədləri aradan qaldırıb, hər hansı yeri tutmağa çalışmırıq. Azərbaycan xalqı öz ölkəsini idarə edir və bu cür yersiz sözlər və ittihamlar əsassızdır, onlar (İran və Azərbaycanın düşmənləri) bilsinlər ki, boş cəhdlər edirlər. İranın bugünkü gücü elədir ki, düşmənləri, o cümlədən Amerika və sionizm onunla hesablaşır. Amma bu qüdrət bizim düşmənlərimiz, Azərbaycanın düşmənləri və qonşu dövlətlərin düşmənləri üçündür, dostlarımız üçün deyil. Digər tərəfdən, mühüm bir məqam budur ki, dünya təcrübəsinə əsasən, dünyanın müxtəlif yerlərində gərginlik və problemlər yaradan ən təsirli amillərdən biri sərhəd mübahisələridir. Buna görə də çox dəyərli və çoxlu təcrübəyə malik olan hökumətimiz əmindir ki, sərhədlərdə zərrə qədər dəyişiklik edilsə, bu, qonşu dövlətlərin bədənində köhnə yara olaraq qalacaq. Ona görə də biz xalqımıza, bölgə xalqlarına, qonşularımıza xoşbəxtlik istəyirik və bu mövcud sülhün sarsılmasını istəmirik. Amma əgər regionun altı ölkəsindən hansısa sərhədləri pozmaqla İranın şimal-qərbində təhlükəsizliyi pozmaq istəsə, şübhəsiz ki, ona qarşı çıxacağıq.
İranın mövqeyini bir sözlə ifadə etmək olar: Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə zidd olan istənilən qanunsuz dəyişikliyə qarşı çıxmaq. Ölkələrin sərhədlərinə hörmətlə yanaşılır və fərqi yoxdur, biz və ya başqa ölkə. Bu norma və qaydaya qarşı çıxmaq istəyən hər hansı bir ölkə, qonşularımızdan biri və ya daha çox olsa belə, buna qarşı çıxacağıq. Çünki hər kəsin xeyri buranın (Cənubi Qafqazın) mübahisələrin və problemlərin mərkəzinə çevrilməməsində, qonşu dövlətlər arasında ixtilaflara səbəb olan hər hansı bir hərəkətin olmamasındadır. Bu çəkişmələr hamının təhlükəsizliyinin pozulmasına səbəb olar. Təkid edirik ki, burada təhlükəsizliyin bölgədən kənarda olan ölkəyə aidiyyatı yoxdur, Avropa İttifaqı və NATO onlara aidiyyatı olmayan bu məsələyə əbəs yerə müdaxilə etməməlidir, çünki bu regionun xalqları kifayət qədər inkişaf və tərəqqi etmiş xalqlardır.
İran İslam Respublikası həmişə Azərbaycan, Ermənistan və Gürcüstan da daxil olmaqla qonşuları ilə dostluq və qeyri-müəyyənlikləri aradan qaldırmaq istiqamətində addımlar atıb.

 
  • Yazılıb
  • da (də) 2022 Nov 21
  • Göndərən مدير سايت Aran News