NATO-nun baş katibi Yens Stoltenberq hesab edir ki, Ukrayna münaqişəsi Rusiya ilə Şimali Atlantika Alyansı arasında müharibəyə səbəb ola bilər.
-Arannews :"TASS"a istinadla verdiyi xəbərə görə, Stoltenberq bunu cümə günü Norveçin "NRK" telekanalında yayımlanan "Lindmo" tok-şousunda deyib.
"Qorxuram ki, Ukraynadakı müharibə nəzarətdən çıxıb NATO ilə Rusiya arasında böyük müharibəyə çevrilsin. Amma əminəm ki, biz bunun qarşısını alacağıq", deyə baş katib bildirib.
Aparıcının alyansın baş katibinin məsuliyyəti barədə sualına Stoltenberq belə cavab verib:
"Hiss edirəm ki, hər şey çox ciddidir. Avropa və Norveç üçün taleyüklü dövr yaşayırıq. Nəsə səhv olarsa, hər şey dəhşətli ola bilər".
Kiyevə yardım məsələsinə toxunan Stoltenberq bildirib ki, sülhü yalnız güclü Ukrayna təmin edə bilər.
"Müəyyən məqamlarda danışıqlar faydasız olur. Burada yalnız Ukraynaya hərbi dəstək kömək ola bilər. Yalnız güclü Ukrayna sülhü təmin edə bilər", deyə Stoltenberq əlavə edib.