Əsgər Analarına Dəstək İctimai Birliyinin sədri Növrəstə İbrahimova hakimiyyətə səslənərək Tale Bağırzadəyə edilən zülmlərə son qoyulmasını tələb etdi.
Arannews :Xanım İbrahimova öz bəyanatında bildirir: “Son 3 həftədə Tale Bağırzadənin rəhbəri olduğu Müsəlman Birliyi Hərəkatından 4 nəfər dindar, imanlı, zəhməti ilə halal çörəyini qazanan gənci oğurlayıb, külli miqdarda narkotik ittihamı ilə şərləyib həbs ediblər. Prezidenimiz çıxışlarinda deyir ki, Azərbaycanda hər bir vətəndaşın söz fikir ifadə azadlığı hüququ var. Hər hansı partiyanı, hərakatı seçmək də ifadə azadlığına aiddir. O zaman bu insanlar öz ölkəsində niyə görə oğurlanır, şərlənir, işgəncəyə, zorlanmaya məruz qalır və uzun müddət həbs cəzası ilə cəzalandırılır?”
İctimai birlik sədri sonra yazır: “Tale Bağırzadə Həzrəti Əlinin (ə) Məktəbinin ən layiqli davamçılarındandır. Tale Bağırzadə təkcə zalımlara deyil, bu zalım dünyaya qalib gəlib, Qalib yaşayan canlı Şəhiddir. Allah üçün, Allahın minbir gözəl adından biri olan Haqq üçün bu dünyadakı ömrünü qurban verən Qalibdir o. Bəziləri Talehin aclıq aksiyasına dodaq büzüb "nə mənası var" deyir. Onlar başa düşmür ki, bu gün daş divarlar arasına məhkum edilən Tale Bağırzadənin bir canına gücü çatır, onu da Haqq Yolunda qurban verir. Bəs çöldə, azadlıqda olanlar, Talehi ittiham edənlər, siz nə vaxt bir kəlmənizlə, haqsızlığa etirazınizla zalımın qarşısına kecdiniz? Heç vaxt səsinizi çıxarmadınız. Çünki zalımın qarşısında, məzlumun yanında olmaq üçün ruhən azad olmalısan. Susqunlar heç vaxt azad olmayıb. Onların ruhunu qorxu işğal edib. Tale isə ruhən azaddır, cisminin harda olması fərq etməz. Nə yaxşı ki, Azərbaycanın belə Qalib oğulları var: Mövsüm Səmədovları, Tale Bağırzadələri, Şeyx Sərdarları, Abgül Süleymanovları, Fəraməz Abbasovları, Əhsən Nuruzadələri, Hacı İlham Əliyevləri, Elman Şeydayevləri, Abbas Hüseynləri və yüzlərlə, minlərlə belə DİRİLƏRİ, OYAQLARI, ŞƏHİDLƏRİ var. Və mütləq bir gün şübhəsiz ki, Allah öz nurunu tamamlayacaq!”