Azərbaycan respublikası, İran, Əfqanıstan və bir çox yerlərdə hər il dekabrın 20, ya 21-də, qeyd edilir Çillə mərasimləri.
Arannews :Qədim dövrlərdən insanlar təbiət hadisələrini diqqətlə izləyib, bu hadisələri onun yaşayışına, güzəranına necə təsir etməsinə görə təsnifləndirib və həmin dəyişiklikləri ibtidai şəkildə olsa da, özünün ilkin bədii təxəyyülündə obrazlaşdırmağa çalışıb. Zaman keçdikcə müdrikləşən insan təbiət hadisələrinə daha dəqiq qiymət verib.
Azərbaycan respublikası, İran, Əfqanıstan və bir çox yerlərdə hər il dekabrın 20, ya 21-də, qeyd edilir Çillə mərasimləri.
Çillə bayramı, çillə gecəsi qış başlandığı gün qeyd edilir.
Çillə gecəsi ilin 365 gecəsinin ən uzunu və qışın başlanğıc gecəsidir. Mənbələrdə qeyd edilir ki, çillə "çehil" sözündəndir, mənası "qırx" deməkdir. Xalq arasında "ağırlıq, dərd, kəramət, xəstəlik" mənalarında da başa düşülür.
Xalqımız qış fəslini xalq təqviminə uyğun olaraq, "çillə" adı ilə üç yerə bölüb. Bunlardan böyük çillə 40 gün (21 dekabr - 30 yanvar), kiçik çillə 20 gün (31 yanvar - 20 fevral), ala çillə və ya ala çolpav (boz ay da deyilir) isə bir ay (20 fevral - 20 mart) davam edir.
Çillə bayramı xüsusi qeyd edilər, bu bayrama hələ bir neçə gün əvvəldən hazırlıq görülərdi. Bayram günü, demək olar ki, bütün evlərdə çillə qarpızı kəsilərdi. Hər kəs çalışardı ki, həmin gün evində çillə qarpızı olsun. Qarpız çillə gecəsinin ən gözəl payı hesab olunur. Əksər ailələr belə qarpızları əvvəlcədən alıb saxlayardılar. Etnoqrafik materiallara əsaslanaraq demək olar ki, Naxçıvanın Arazboyu kəndlərinin əksəriyyətində çox da böyük olmayan, qalınqabıqlı xüsusi qarpız növü əkilirmiş. Belə qarpızları uzun müddət, hətta Novruza qədər saxlamaq olurmuş. Çilləyə saxlanılacaq qarpız tam yetişməmiş və saplaqlı olsa, daha yaxşı qalar. Çillə qarpızı xarab olmasın deyə, onu ot və ya samanın içərisində saxlayardılar.
Etnoqrafik materiallara əsaslanaraq demək olar ki, çillədə qarpız olmadıqda belə, başqa bir meyvə kəsilməlidir. Xalq arasındakı inanca görə, kim bu gecə çoxlu meyvə yesə, o, bütün qışı xəstələnməz. Ordubad bölgəsinin bəzi kəndlərində mövcud olan adətə əsasən, çillədə qarpız yoxdursa, ürəklər sərin olsun deyə, qatıq yeyərdilər. Həmin gecə süfrəyə adları "q" hərfi ilə başlayan nemətlər düzülərmiş. Məsələn qarpız, qovun, qatıq, qovurğa, qaysava, qovurma, qovut və sair.
Qarpızın qırmızı rəngdə olması Günəşin rəmzi kimi sayıla bilər ki, bu da istiliyi çağırmaq anlamı ilə bağlıdır. Etnoqrafik materiallara əsasən, xalq təqviminə uyğun olaraq, böyük çillənin birinci ongünlüyü (dekabr ayı) "qarı qatıldı küfləyə", yanvar ayının əvvəli isə "qarıboğan" adlanır. Böyük çillənin sonlarına isə "qurdun insana yerikliyən dövrü" deyilib. Bu da onunla əlaqədardır ki, ilin bu dövründə qurd (canavar) ac qaldığı üçün insanlara da hücum edir. Qışın bərk şaxtalı günlərinə həm də "qışın qulun (atın balası) salması" dövrü deyilir.
Çillə ilə bağlı adətlərdən bəhs edərkən onu da qeyd etməliyik ki, bəzən bu bayram Zərdüştlüklə əlaqələndirilir. Bu, tamamilə yanlış fikirdir. Çillə bayramı xalq təqvimi ilə bağlı keçirilən bayramlardan biridir.