“National Interest” Araşdırma Mərkəzi öz hesabatında CIA və Mossad-ın İrandakı hadisələrlə bağlı proqnozlarının ardıcıl uğursuzluqlarına işarə edərək, bu uğursuzluqların bəzi etibarsız məlumat mənbələrinə həddən artıq güvənmələri ilə bağlı olduğunu vurğulayıb.
Arannews :Amerikanın "National Interest" Araşdırma Mərkəzi öz hesabatında CIA və Mossad-ın İrandakı hadisələrlə bağlı proqnozlarının ardıcıl uğursuzluğuna toxunaraq bildirib ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinə (MKİ) və İsrailin Kəşfiyyat və Xüsusi Əməliyyatlar Təşkilatına (Mossad) etibar edilməməlidir. Beyin mərkəzi vurğulayıb: “Onlar İslam Respublikasının daxilindəki reallıqları dəqiq bilmirlər və indi bu təşkilatların fəaliyyəti İranda siyasi dəyişiklikləri proqnozlaşdırmaq üçün keçmişdə çoxlu səhvlərə yol verdiklərinə görə, sual altındadır.”
"National Interest" İranda gələcək inkişafı proqnozlaşdırmaq üçün bu kəşfiyyat agentliklərinin böyük səhvlərindən nümunələr çəkərək bildirib: “Amerika kəşfiyyatının acizliyinin tarixi 1979-cu il İslam İnqilabını proqnozlaşdırmaq iqtidarında olmamasına gedib çıxır. İranda İslam inqilabından az əvvəl, yəni 1977-ci il dekabrın 31-də prezident Cimmi Karter ABŞ kəşfiyyat ictimaiyyətinə əmin olaraq dedi: “Şahın mükəmməl rəhbərliyi sayəsində İran dünyanın təlatümlü bölgələrindən birində sabitlik adasına çevrilib.” Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) də 1978-ci ilin avqustunda Karterə məlumat verdi ki, İran inqilab və hətta “inqilabdan əvvəlki” vəziyyətdə də deyil. Lakin altı ay sonra şah hökuməti devrildi və (İmam) Xomeyninin tərəfdarı olan inqilabçılar hakimiyyəti ələ keçirdilər.
CIA rəhbəri daha sonra etiraf edib ki, agentlik İrandakı vəziyyəti proqnozlaşdırmaq iqtidarında deyil. Çünki “14 il ölkədə olmayan 78 yaşlı kişinin qüvvələri birləşdirə biləcəyini gözləmirdi. Bəzi kəşfiyyat analitikləri hesab edirlər ki, CIA-nın İranda gələcək tufanı proqnozlaşdıra bilməməsinin səbəbi İrandakı vəziyyəti qiymətləndirməkdə Kəşfiyyat və Təhlükəsizlik Təşkilatına (SAVAK) arxalanması idi.”
Bu hesabata görə, kəşfiyyat ictimaiyyəti vəziyyəti düzgün dəyərləndirsəydi, ola bilsin ki, Karter Pəhləvi monarxiyasının sabitliyinə dair yalançı arxayınlıq verməkdənsə, şaha vəziyyəti necə idarə etmək haqda məsləhət verərdi.
CIA -nın gələcək hadisələri proqnozlaşdıra bilməməsi nəinki Amerikanın strateji tərəfdaşının devrilməsinə və Qərbi Asiyanın (Yaxın Şərq) geosiyasətində dərin dəyişikliyə gətirib çıxardı, həm də Karterin yenidən prezident seçilmək cəhdinin qarşısını aldı.
Beyin mərkəzinin hesabatının başqa bir hissəsində sionist rejimin, xüsusən də Mossadın kəşfiyyat uğursuzluqlarından söz açılaraq vurğulanır: “İsrail kəşfiyyatı da amerikalı həmkarları kimi İrandakı siyasi dəyişiklikləri düzgün proqnozlaşdıra bilmədi. Məxfi məlumatlara görə, inqilabdan əvvəl Tehranda yerləşən israilli qruplar şahın “daxili sabitliyə” nail olduğuna və onun hakimiyyətinin ciddi şəkildə pozulmadan davam edəcəyinə inanırdılar. Yalnız şahın hakimiyyətinin son ilində İsrail başının bəlada olduğunu başa düşdü. Mossad (İsrail Milli Kəşfiyyat Xidməti) İranda çox fəal olsa da, belə bir yanlış qiymətləndirmə aparıb. Halbuki, Mossad və SAVAK İslam İnqilabına qədər məlumat mübadiləsini və birgə əks-casus əməliyyatlarının həyata keçirilməsini əhatə edən geniş və müstəsna kəşfiyyat əlaqələri qurmuşdular.”
Sionist rejimin digər uğursuzluqları haqqında bu mərkəzin hesabatında deyilir: “İslamçılar İranda hakimiyyətə gəldikdən sonra da İsrail kəşfiyyatı İranın İsrailin “təbii müttəfiqi” olduğuna, Xomeyni tərəfdarlarının sionist hökumətə qarşı alovlu şüarlarının yalnız qısamüddətli inqilabi həyəcanı üzündən olduğuna və İranın xarici siyasətində strateji dəyişikliyin baş vermədiyinə inanırdı. Hətta 1987-ci ilin oktyabrında İsrailin baş naziri İshaq Rabin İran başçılarının İsraillə bağlı fikirlərinin dəyişməsini hesablayarkən dedi ki, İran İsrailin ən yaxşı dostudur və biz Tehrana münasibətdə mövqeyimizi dəyişmək niyyətində deyilik.”
Mossadın Livandakı olaylar sahəsində səhvlərini vurğulayan bu araşdırma mərkəzinin hesabatnda deyilir: “Ən pis uğursuzluq isə İsrail kəşfiyyatının İranın Livan şiələrinə və Hizbullaha təsiri barədə də yanılması idi. İsrail Livanı tərk etmək qərarına gəldikdə, səlahiyyətlilər xalqı əmin etdilər ki, İsrail Livanın cənubunu tərk etdiyi anda Hizbullah sözü İsrailin lüğətindən silinəcək. Təbii ki, belə olmadı, Livan və Hizbullah rəsmən müqavimət oxunun bir hissəsi oldu.”
Hesabatın sonunda kəşfiyyat qurumlarının siyasi hadisələri proqnozlaşdırmaqda uğursuzluğunun bir neçə səbəbini sadalayıb və İran məsələsində qeyd edib ki, bu uğursuzluqların əsas səbəblərindən biri sözügedən təşkilatları idarə edən intellektual çərçivədirdir. Ekspertlər ölkələrin siyasi reallığını təhlil etmək üçün çox vaxt paradiqmalardan istifadə edirlər. Amma ümumilikdə siyasi dəyişikliklərin proqnozlaşdırılması həmişə səhvə məruz qalır. Analitiklər bu yanlış düşüncə tərzinə görə belə hesab edirlər ki, keçmiş təcrübə İran hakimiyyətinin sabit və yenilməz olduğunu sübut edir.
Mənbə: İRNA