Görüş Türkiyənin Antalya şəhərində keçirilən Asiya Parlament Assambleyasının XIII Plenar Sessiyası çərçivəsində baş tutub.
Arannews :Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən görüşdə 13-cü plenar sessiyada keçirilən müzakirələrin əhəmiyyəti vurğulanaraq, bu tədbirlərin parlament diplomatiyasının imkanlarından daha geniş faydalanmaq baxımından vacibliyi qeyd edilib. Həmçinin, parlament sədrlərinin üçtərəfli formatda görüşünün qanunverici orqanlar arasında münasibətlərdə rolu diqqətə çatdırılıb.
Daha sonra regionda mövcud vəziyyətlə bağlı fikirlər səsləndirilib, bölgədə enerji sahəsində əməkdaşlıq, kommunikasiyaların genişləndirilməsinin əhəmiyyəti, enerji və nəqliyyat layihələrinin bölgənin ümumi inkişafında vacib rolu qeyd olunub. Vurğulanıb ki, indiki mərhələdə regionda sabitliyə xələl gətirəcək, gərginlik yaradacaq davranışlardan çəkinmək, əməkdaşlığın genişləndirilməsini təşviq edəcək addımlar atmaq zəruridir.
Azərbaycanın torpaqlarını 30 illik erməni işğalından azad etməsindən sonra bölgədə yeni imkanlar yarandığı qeyd olunub, regionda daimi sabitlik və təhlükəsizliyin təmin olunması üçün sülh müqaviləsinin imzalanmasının vacibliyi bir daha diqqətə çatdırılıb.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər barədə də geniş fikir mübadiləsi aparılıb.