Tarix : 2008 Aug 05
Kod 6328

AZƏRBAYCANDA ÖMÜRLÜK PREZİDENTLİK LAYİHƏSİ HAZIRDIR

Bakıda İlham Əliyevə ömürlük prezident səlahiyyətlərinin verilməsi yönündə ciddi fikirləşirlər
Azerbaijan Servisi/Aran Agentliyi

Rusiyalı ekspertlərdən sensasion açıqlama:
“RBC Daily” agentliyi: “ABŞ plana çox sərt reaksiya verib, İlham Əliyev üçün “narıncı inqilab” ssenarisi hazırlaya bilər”

“Azərbaycan hakimiyyəti ölkədə bir şəxsin ömürlük prezident olmasına imkan verən konstitusiya dəyişiklikləri həyata keçirməyə hazırdır”. Bu barədə Moskva Dövlət Universitetinin postsovet məkanında ictimai-siyasi proseslərin öyrənilməsi üzrə analitik informasiya mərkəzinin direktoru Aleksey Vlasov “RBC Daily” agentliyinə açıqlamasında deyib. Agentlik Azərbaycanda prezident seçkilərinin başlaması ilə bağlı şərhində qeyd edir ki, müxalifət artıq seçkiləri boykot etməyə qərar verib.
“Uzun müddət Azərbaycanın qərbyönümlü siyasi kursunu təmin edən İlham Əliyev artıq Qərbi, daha çox ABŞ-ı qane etmir. İranla böyük müharibə ərəfəsində ABŞ-a Azərbaycanda sabitlik yox, qarışıqlıq lazımdır”.
Yazıda xatırladılır ki, hakim YAP İlham Əliyevin prezidentliyə namizədliyini artıq irəli sürüb. Aleksey Vlasov isə deyib ki, Bakıda İlham Əliyevə ömürlük prezident səlahiyyətlərinin verilməsi yönündə ciddi fikirləşirlər. Onun sözlərinə görə, “Qazaxıstandakı kimi Azərbaycanda da ömürlük prezidentliyə yol açan referendum layihəsi artıq hazırdır”.
Qeyd edək ki, Qazaxıstan Konstitusiyasında edilmiş dəyişikliklərə görə, bir şəxs istənilən müddətə prezidentliyə namizədliyini irəli sürə bilər. Ömürlük prezidentlik ideyası Azərbaycan hakimiyyətinə bağlı çevrələr tərəfindən indiyədək bir neçə dəfə ortaya atılıb və müəyyən müzakirələrdən sonra ideya sanki gündəmdən çıxarılıb.
“RBC Daily” qeyd edir ki, ABŞ-ın Azərbaycanda ömürlük prezidentlik məsələsinə reaksiyası rəsmi Bakının gözlədiyindən daha sərt ola bilər. Bu məqamda ABŞ Konqresinin Helsinki Komissiyasında Azərbaycan hakimiyyətinin sərt tənqid edildiyi dinləmələr xatırladılır. Məqalədə deyilir ki, əsas müxalifət qüvvələrinin seçkiləri boykot etməsindən sonra ölkədə ciddi siyasi böhranın başlaması haqda danışmaq mümkündür. İstanbulda yerləşən “Foreign Policy İnstitute” adlı mərkəzdən Oktay Aksoy agentliyə şərhində bildirib ki, İlham Əliyev uzun müddət Azərbaycanda sabitliyi təmin edib və qərbyönümlü kursu saxlayıb: “Ona görə də Qərb Bakıdakı rejimin avtoritar xarakterinə göz yumub. Lakin artıq Azərbaycanda sabitlik Amerikaya lazım deyil, əksinə, qeyri-sabitlik lazımdır”.

O.Aksoy deyib ki, ABŞ İranla müharibəyə hazırlaşır, bu kampaniyada Cənubi Azərbaycanda azadlıq hərəkatının başlaması ABŞ-a lazımdır: “Ona görə də bu cür avantüraya dəstək vermək istəməyən İlham Əliyev üçün istənilən vaxt ”narıncı inqilab" ssenarisi hazırlaya bilərlər".
Bu mühüm informasiyanın şərhi ilə sabahkı sayımızda tanış ola biləcəksiniz. Hələliksə yalnız onu deyə bilərik ki, müxalifətin qarşıdakı seçkidə iştirakdan imtina etməsi Əliyev rejiminin ömürlük prezidentlik layihəsinin tətbiq edilməsini daha da asanlaşdırır. Aydın məsələdir ki, seçkidə iştirak etməyən müxalifət qüvvələri daha da zəifləyəcək, ictimai dayaqlarını itirəcək və bu da iqtidara imkan verəcək ki, gələn seçkilərə qədər, hətta ola bilər ki, parlament seçkisi başlamadan ənənəvi müxalifəti darmadağın etsin.

  • Yazılıb
  • da (də) 2008 Aug 05