Tarix : 2023 Feb 14
Kod 63354

İran Parlamentinin sədri: Təbrizlilər Əhli-beyt (ə) və Aşura mədəniyyətinə aşiqdirlər

İran İslam Şurası Məclisinin sədri Məhəmmədbaqir Qalibaf deyib: “Təbrizlilər Əhli-beyt (ə) və Aşura mədəniyyətinə aşiqdirlər. Onlar hər dövrdə İmam Hüseynə və Kərbəla Səqqasına beyətlərini göstəriblər.”
Arannews : “Gənc Jurnalistlər Klubuna” istinadla verdiyi xəbərə görə, İslam Şurası Məclisinin spikeri Məhəmmədbaqir Qalibaf Təbrizdə keçirilən möhtəşəm 22 Bəhmən yürüşündə deyib: “Təbrizlilər Əhli-beyt (ə) və Aşura mədəniyyətinə aşiqdirlər. Onlar hər dövrdə İmam Hüseynə və Kərbəla Səqqasına beyətlərini göstəriblər.”
Parlamentin sədri vurğulayıb: “Bir neçə gündən sonra Təbriz əhalisinin “29 Bəhmən” hərəkatını qeyd edəcəyik. Bu hərəkat Qum əhalisinin qanlı qiyamının 40-cı günü münasibətilə baş tutmuşdur. Şübhəsiz ki, təbrizlilərin bu hərəkatı inqilabın qələbəsində mühüm rol oynamışdır.”
Qalibaf əlavə edib: “Xalqın və dindar ümmətin gücü tağutu devirdi.”
Təbriz şəhərini aşuraçılar, mehrab şəhidləri Ayətullah Qazi Təbatəbai və Ayətullah Mədəninin şəhəri adlandıran parlament sədri qeyd edib ki, təbrizlilər Müqəddəs Müdafiə dövründə də parladılar, şəhid Bakiri, Şəfizadə, Yağçiyan kimi şəhidlər İnqilaba təqdim etdilər.
M. Qalibaf deyib: “Təbrizlilər iqtisadi müharibədə və mömincəsinə yardımda da öncül oldular. Alqış olsun təbrizlilərə ki, öz bəsirətləri ilə yadelli düşmənləri, onların burunlarını yerə sürtürdülər.”
Spiker daha sonra deyib: “İnqilab xalqın qəlbindədir və İmam (r) ilahi sünnəyə arxalanaraq xalqa inanırdı. İmam (r) bizi başa saldı ki, İnqilabın yaşaması xalqdan asılıdır və xalq olmadan inqilabın mənası yoxdur. Xalqımız Allahla müamilə etdi. Biz də xalq qarşısında öz borcumuzu yerinə yetirməliyik. Hökumətin səmərəliliyi dindədir. Öz zəifliklərimizi dində gizlətməməliyik.”
Spiker çıxışının digər hissəsində deyib: “Bizim cəmiyyətimiz dinamik cəmiyyətdir və bu cəmiyyətdə hüquq tələbi, tənqid və etiraz etmək hüququ var. Düşmənlər də hökumətə qarşı hər fürsətdən istifadə edirlər. Biz xalqın tələblərinə cavab verməli, düşməni cilovlamalıyıq. Bizim İmamımız (r) islahatçı imam idi. Biz islahat istiqamətində addım atmalıyıq. İnqilabın ikinci addımı bəyanatına uyğun islahatlara diqqət yetirilməlidir. Bütün səviyyələrdə dəyişiklik və islahatlar ailəni əsas tutaraq aparılmalıdır.”
M. Qalibaf bildirib ki, problemləri həll etmək üçün gənclərlə müraciət olunmalıdır, cəmiyyətin gəncliyi bu islahatlarda böyük imkandır və bu imkanı əldən verməməliyik. İmamın (r) yolu davam etdirilməlidir.

 
  • Yazılıb
  • da (də) 2023 Feb 14
  • Göndərən جهان کمالی