İran İslam Respublikasının Xarici İşlər Nazirliyi Ukrayna müharibəsində Tehranın bitərəf olduğunu vurğulayıb.
Arannews :Nazirliyin yaydığı bəyanatda bildirilir ki, İran Dövləti Ukrayna və Rusiya xalqlarına hörmət edərkən münaqişənin davam etməsindən narahatdır və öz bitərəfliyini qoruyub saxlayır.
ABŞ və Qərb ölkələri, dəfələrlə İran İslam Respublikasının Rusiyaya dəstək verdiyini iddia etsələr də, bu iddia rəsmui Tehran tərəfindən dəfələrlə rədd edilib.
Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunur: “İran İslam Respublikası keçmişdə müharibənin qurbanı olan, həmçinin ABŞ və Qərb tərəfindən tətbiq olunan sanksiyaların hədəfinə çevrilmiş bir dövlət olaraq Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə və beynəlxalq hüquqa hörmət edir, o cümlədən güc tətbiq etməyin əleyhinədir və ölkələrin ərazi bütövlüyünü və suveren hüquqlarını dəstəkləyir. Bu istiqamətdə İran İslam Respublikası müharibəni və birtərəfli sanksiyaları rədd edərək dövlətlərarası ixtilafların həlli üçün dialoq və diplomatiyaya üstünlük verir”.
Bəyanatda sonra deyilir ki, İran İslam Respublikası ABŞ və digər Qərb ölkələrinin milli siyasət və ya regional tənzimləmələr adı altında təkvektorlu davranışlarını və istilaçı zehniyyətlərini qınayır və hesab edir ki, dünyada xüsusilə də Ukraynada cərəyan edən bir çox böhranın kökündə daha çox bu amil dayanır. Ona görə də Ukraynadakı bir illik münaqişənin ardından beynəlxalq birlik tez bir zamanda bu böhranın diplomatik yolla həllinə səy göstərməlidir.