Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Dağlıq Qarabağdakı gərgin vəziyyətdən qaynaqlanan sabitsizlik barədə xəbərdarlıq edib.
Arannews :KTMT Katibliyi və Birləşmiş Qərargahının birgə iclasında çıxış edən İmanqali Tasmaqambetov bildirib ki, Dağlıq Qarabağ və Əfqanıstanda vəziyyət gərgin olaraq qalır və bu, KTMT ölkələrində “sabitliyin pozulması riskini” yaradır.
O qeyd edib ki, Dağlıq Qarabağdakı vəziyyət və Ermənistan-Azərbaycan sərhədi ilə bağlı risklər kövrək şərait yaranıb. Mərkəzi Asiya regionunda da vəziyyət gərgindir, ekstremist ideologiyanın və terrorçu qrupların KTMT müttəfiqlərinin ərazisinə soxulması təhlükəsi getdikcə artır”, - deyə o, təşkilatın çağırış və təhdidlərə qarşı durma mexanizmlərini təkmilləşdirməyə çalışdığını bildirib.
Digər tərəfdən KTMT Katibliyinin nümayəndəsi Yuri Şuvalov bildirib ki, KTMT Ermənistan-Azərbaycan sərhədinə missiya göndərməyə həmişə hazırdır. Onun sözlərinə görə, təşkilat Ermənistanın təhlükəsizliyinin təmin edilməsi maraqlarına uyğun olaraq Ermənistan-Azərbaycan sərhədinə KTMT missiyasını göndərməyə, eləcə də digər yardımlar göstərməyə hər zaman hazırdır. KTMT rəsmisi əlavə edib ki, yardım mexanizmləri KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının qərar layihəsinə daxil edilib.
Xatırladaq ki, KTMT-yə Rusiya, Ermənistan, Belarus, Tacikistan, Qazaxıstan və Qırğız Respublikası daxildir. Təşkilatın hazırkı baş katibi İmanqali Tasmaqambetovdur.