Tarix : 2023 Apr 06
Kod 63490

İmam Həsən Müctəbadan (ə) 40 hədis

İmam (ə) buyurur: "Ey Allahın bəndələri! Bilin ki, Allah sizi əbəs yerə yaratmayıb. Başına buraxılmamısınız, ömrünüz yazılıb, ruziniz bölünüb. Hər bir düşüncəli insan öz dəyərini bilsin və dərk etsin ki, yazılandan artığına əli çatmayacaq."
Arannews :Bismillahir-rəhmanir-rəhim

1. İmamdan (ə) səbr haqqında soruşdular. İmam (ə) buyurdu ki, səbr qəzəbi udmaq, özünü ələ almaqdır. (“Tuhəful-uqul”, səh. 227)

2. Həzrətdən (ə) böyüklük haqqında soruşdular. Buyurdu ki, böyüklük yaxınlara ehsan, onların vurduğu zərər və xətasına dözməkdir. (“Tuhəful-uqul”, səh. 227)

3. İmamdan (ə) alicənablıq haqqında soruşdular. Buyurdu ki, dinə əməl etmək, gözütoxluq, xoş rəftar, atılan addımlara diqqət, insanların hüquqlarına riayət etmək, xalqla dostluq alicənablıqdır. (“Tuhəful-uqul”, səh. 227)

4. İmam Həsəndən (ə) kəramət haqqında soruşdular. Buyurdu ki, biri istəmədiyi zaman hədiyyə vermək, qıtlıq zamanı imkansızı doyurmaq kəramətdir. (“Tuhəful-uqul”, səh. 227)

5. İmam (ə) buyurur: Ey Allahın bəndələri! Bilin ki, Allah sizi əbəs yerə yaratmayıb. Başına buraxılmamısınız, ömrünüz yazılıb, ruziniz bölünüb. Hər bir düşüncəli insan öz dəyərini bilsin və dərk etsin ki, yazılandan artığına əli çatmayacaq. (“Tuhəful-uqul”, səh. 234)

6. İmam Müctəba (ə) buyurur: Həqiqətən Allah-Taala sizin ruzinizi Öz öhdəsinə götürüb. Sizə bəndəlik üçün asayiş verib, sizi şükr etməyə həvəsləndirib, namazı sizə vacib buyurub, sizə təqvanı tövsiyə edib. (“Tuhəful-uqul”, səh. 234)

7. İmam Müctəba (ə) buyurur: Allaha doğru qayıdışda təqva hər işin bünövrəsi, hər işin şərəfidir. Məqsədə çatan təqva vasitəsi ilə çatıb. (“Tuhəful-uqul”, səh. 234)

8. İmam Müctəba (ə) buyurur: İnkişaf etməmiş heç bir qövmlə məsləhətləşmə. (“Tuhəful-uqul”, səh. 236)

9. İmam Həsən (ə) “Saffat” surəsinin 24-cü ayəsinin təfsiri ilə bağlı buyurur: Həqiqətən, qiyamət günü 4 şey barədə sorğuya çəkilməyən kimsə yerindən tərpənə bilməz:

- Gəncliyini haraya sərf etdin?

- Ömrünü hansı işlərə xərclədin?

- Sərvəti haradan topladın, haraya xərclədin?

- Peyğəmbər (s) və onun Əhli-Beyti (ə) ilə dost oldunmu? (Bihar, c. 44, səh. 12, 13)

10. İmam (ə) buyurur ki, cəddim Peyğəmbərdən (s) belə eşitdim: Bəni-Üməyyədən yer üzündə təkcə çarəsiz qoca bir qadın qalana qədər bu tayfa insanları Allah dinindən azdıracaq.

11. İmam Həsən (ə) buyurur: Dünya üçün elə çalış ki, sanki həmişə yaşayacaqsan, axirətin üçün elə çalış ki, sanki sabah dünyanı dəyişəcəksən. (Əl-Həyat, c. 4, səh. 62)

12. Ravi nəql edir ki, İmam Həsən (ə) namaz qılanda ən gözəl libasını geyərdi. Səbəbini soruşdular. Həzrət buyurdu: Həqiqətən Allah gözəldir və gözəlliyi sevir. Beləsə, özümüzü Allah üçün bəzəyək. Allah məsciddə namaz zamanı gözəl geyinmək göstərişi verirsə bu göstərişi yerinə yetirmək istəyirəm. (Əl-Həyat, c. 5, səh. 66)

13. İmam Həsən (ə) buyurur: İnsanların ən fərasətlisi təqvaya çatan, ən axmağı günaha batandır. (Əl-Həyat, c. 1, səh. 203)

14. İmam (ə) buyurur: Elm ocağı, doğru yol işığı olun. Günün işığı fərqli olur. (Kafi, c. 1, səh. 301)

15. İmam Həsən (ə) buyurur: Şiələrimiz arasından elə alimlər ortaya çıxar ki, zəif dostlarımızın duruşu, bizim vilayətimizin qəbulu onların hesabınadır. Onların başındakı tacdan nur saçar. (Muhəccətul-bəyza, c. 1, səh. 33)

16. İmam Həsən (ə) dəstəmazını başa çatdıranda mübarək çöhrəsinin rəngi dəyişərdi. Bunun səbəbi soruşulduqda buyurdu: “Allah hüzuruna qədəm qoyan insanın rəngi dəyişsə yaxşıdır.” (Muhəccətul-bəyza, c. 1, səh. 33)

17. Həzrət ondan moizə istəyən şəxsə buyurdu: Axirət səfərinə hazırlaş, ölüm qapını döyməmiş axirət azuqən hazır olsun. (Muntəhul-əmal, c. 1, səh. 436)

18. İmam Həsən (ə) buyurur: Ey insanlar! Allah eşqinə öyüd verən, Allah buyuruğunu rəhbər seçən, möhkəm yola qədəm qoyan insanı Allah müvəffəq edər. (Tuhəful-uqul, səh. 227)

19. İmam Həsən (ə) buyurur: Həqiqətlə batil arasında 4 barmaq məsafə var. Gözünlə gördüyün həqiqətdir. Eşitdiklərinin çoxu batil ola bilər. (Hər məsumdan 40 hədis, səh. 105)

20. İmam Həsəndən (ə) zöhd haqqında soruşuldu. İmam (ə) buyurdu: Zöhd (zahidlik) təqva, eyni zamanda dünyaya rəğbətsizlikdir... İmamdan helm haqqında soruşdular.

Buyurdu: Qəzəbi udub özünü ələ almaq helmdir... İmamdan soruşdular ki, ehtiyacı görmək (سداد) nədir? Buyurdu: Pisliyi yaxşılıqla aradan qaldırmaq. (Hər məsumdan 40 hədis, səh. 106)

21. İmam Həsən (ə) övladlarından birinə buyurdu: Oğlum! Bir adamın haradan gəlib haraya getdiyini bilməsən ona yoldaş olma. Birini yaxşı tanıyıb rəftarını bəyənsən onunla qardaşlıq et. Bir şərtlə ki, xətasını bağışlayıb, çətinlikdə yoldaşlıq edə biləsən. (Tuhəful-uqul, səh. 236)

22. İmam Həsən (ə) buyurur: Həqiqətən, ən iti göz xeyiri görən gözdür, ən eşidən qulaq nəsihəti eşidən qulaqdır, ən pak qəlb şübhədən pak qəlbdir. (Hər məsumdan 40 hədis, səh. 111)

23. İmam Həsən (ə) buyurur: Müdrik insan o şəxsdir ki, nəsihət istəyənə xəyanət etməsin. (Tuhəful-uqul, 239)

24. İmam Həsən (ə) buyurur: Mömin qardaşı ilə rastlaşan şəxs onun alnındakı nur yerindən öpsün. (Tuhəful-uqul, səh. 239)

25. İmam Həsən (ə) buyurur: İnsanları 3 şey məhv edir: Özünü böyük göstərmək, tamah, paxıllıq. Özünü böyük göstərmək istəyi insanın dinini məhv edir.

Bu xasiyyətə görə şeytan Allah dərgahından qovuldu. Tamah insanı behiştdən çıxardı. Paxıllıq səbəbindən Qabil Habili öldürdü. (Hər məsumdan 40 hədis, səh. 113)

26. İmam Həsən (ə) buyurur: Sizə tövsiyə edirəm ki, təqvalı olun, Allahdan qorxun, düşünün. Çünki bütün xeyirlərin çeşməsi düşüncədir. (Hər məsumdan 40 hədis, səh. 114)

27. İmam Həsən (ə) buyurur: Yeməkdən qabaq əli yumaq yoxsulluğu aradan qaldırar. Yeməkdən sonra əli yumaq insanı qəmdən uzaqlaşdırar. (Hər məsumdan 40 hədis, səh. 114)

28. İmam Müctəba (ə) buyurur: İnsanlarla elə rəftar et ki, özünə qarşı belə rəftar gözləyirsən. (Hər məsumdan 40 hədis, səh. 114)

29. İmam Həsən (ə) buyurur: Ağılı olmayanın ədəbi yoxdur. Təlaşı olmayanda alicənablıq olmaz. Həyası olmayan dindən məhrumdur. (Hər məsumdan 40 hədis, səh. 115)

30. İmam Həsən (ə) buyurur: Bildiklərini xalqa öyrət, bilmədiklərini bilənlərdən öyrən. (Hər məsumdan 40 hədis, səh. 116)

31. İmam Müctəba (ə) buyurur: Ən böyük ehtiyacsızlıq ağıl, ən böyük ehtiyac nadanlıq, ən böyük təhlükə xudpəsəndlik, ən böyük ləzzət gözəl əxlaqdır. (Hər məsumdan 40 hədis, səh. 116)

32. İmam Həsən (ə) buyurur: Elminizi yazmaqla möhkəmləndirin. (Hər məsumdan 40 hədis, səh. 117)

33. İmam Həsən (ə) buyurur: Salam vermədən danışana cavab verməyin. (Hər məsumdan 40 hədis, səh. 117)

34. İmam Müctəba (ə) buyurur: Öyrəndiyinizi yadda saxlaya bilmirsinizsə onu yazın və evinizdə saxlayın. (Hər məsumdan 40 hədis, səh. 118)

35. İmam Həsən (ə) buyurur: Biri ağız açmadığı halda ona kömək etmək, nə isə bağışlamaq insanın böyüklüyünü göstərir. (Hər məsumdan 40 hədis, səh. 117)

36. İmam Həsən (ə) buyurur: Kim Allaha həqiqi bəndə olsa, Allah da hər şeyi ona tabe edər. (Hər məsumdan 40 hədis, səh. 118)

37. İmam Həsən (ə) buyurur: Allahdan başqasının razılığını gözləməyən adama zəmanət verirəm ki, duası qəbul olacaq. (Hər məsumdan 40 hədis, səh. 118)

38. İmamdan (ə) güc haqqında soruşdular. Buyurdu ki, sənə sığınanı müdafiə etmək, döyüşdə möhkəm dayanmaq, çətinliyə baş əyməmək gücdür. (Tuhəful-uqul, səh. 227)

39. İmamdan (ə) yoxsulluq haqqında soruşdular. Buyurdu ki, hər şeyə tamah salmaq yoxsulluqdur. (Tuhəful-uqul, səh. 228)

40. İmam Müctəbadan (ə) qənaət haqqında soruşdular. İmam buyurdu ki, Allahın verdiyi ruziyə razı olmaq qənaətdir. (Tuhəful-uqul, səh. 228)
  • Yazılıb
  • da (də) 2023 Apr 06
  • Göndərən جهان کمالی