1979-cu il 7 avqustda sionist qüvvələrinin Livanın cənubunu bombalamasından sonra İmam Xomeyni İran və dünya müsəlmanlarına ünvanladığı müraciətdə Ramazan ayının son cümə gününü “Qüds Günü” qeyd edilməsini istədi.
AranNews – İmam Xomeyni 7 avqust 1979-cu ildə (h.q. 13 Ramazan 1399) sionist qüvvələrinin Livanın cənubunu bombalamasından sonra İmam Xomeyni İran və dünya müsəlmanlarına ünvanladığı müraciətdə Ramazan ayının son cümə gününü “Qüds Günü” qeyd edilməsini, həmin gün Fələstin müsəlman xalqının qanuni hüquqlarına dəstək olaraq həmrəylik nümayiş etdirmələrini istədi.
İslam Respublikasının qurucusunun müraciətinin mətni belədir:
Bismillahir-Rəhmanir-Rəhim
Mən uzun illər müsəlmanları qəsbkar İsrail təhlükəsi barədə xəbərdar etmişəm. İndi bu günlərdə İsrail fələstinli bacı və qardaşlara qarşı vəhşi hücumlarını gücləndirib, xüsusilə də Livanın cənubunda fələstinli mübarizləri məhv etmək niyyəti ilə onların evlərini və yurdlarını davamlı olaraq bombalayır.
Mən bütün dünya müsəlmanlarından və İslam hökumətlərindən istəyirəm ki, bu qəsbkarın və onun tərəfdarlarının qarşısını almaq üçün birləşsinlər. Bütün dünya müsəlmanlarını Qədr günlərindən biri olan və Fələstin xalqının taleyini müəyyən edə biləcək müqəddəs Ramazan ayının sonuncu cümə gününü “Qüds Günü” kimi seçməyə və beynəlxalq həmrəylik mərasimi təşkil etməklə müsəlmanların qanuni hüquqlarına dəstək verdiklərini elan etməyə dəvət edirəm. Uca Allahdan müsəlmanların küfr əhli üzərində qələbə çalmasını diləyirəm.
Allahın rəhmət və bərəkəti olsun sizə
Beynəlxalq Qüds Günü yürüşü dünyanın müxtəlif ölkələrində, o cümlədən Malayziya, Hindistan, Sinqapur, İndoneziya, Türkiyə, Amerika, Kanada, Norveç, Azərbaycan, Sudan, İngiltərə, Bəhreyn, Bosniya və Herseqovina, Tunis, Pakistan, Avstraliya, Almaniya, Rumıniya, Küveyt, İspaniya, Cənubi Afrika, İsveç, Venesuela, Albaniya, Yəmən və Yunanıstanda keçirilir. Xəbər mənbələrinə görə, 80-dən çox İslam və qeyri-islam ölkəsində Qüds Günü mərasimləri təşkil olunur.
Beynəlxalq Qüds Günü mərasimi Ramazan ayının son cümə günü keçirilir və bütün dünya mediası bunu KİV-də işıqlandırır. Qərb ölkələrində cümə günü iş günü olduğu üçün Qüds Günü mərasimi həftə sonu, şənbə və ya bazar günləri keçirilir. Lakin Qüds Günü mərasimləri İrandan kənarda bəzi məhdudiyyətlərlə üzləşir.
İlk Ümumdünya Qüds Günü Beynəlxalq Karikatura Festivalı 2014-cü ildə iki əsas bölmədə keçirildi: Beynəlxalq Qüds Günü və Xüsusi: Fələstini unutmaq üçün təkfirçi hərəkatlar. Bu festivalda 33 ölkədən 200-ə yaxın insan 500-dən çox əsərlə iştirak etdi. Festivalda Abna Xəbər Agentliyi, Fələstin İntifadasına Dəstək Katibliyi və İran İslam Respublikasının İncəsənət Akademiyası daxil olmaqla bir sıra qurum və mərkəzlər iştirak etdi.
İkinci Ümumdünya Qüds Günü Beynəlxalq Karikatura Festivalı 2018-ci ildə 27 ölkədən 120-dən çox rəssamın iştirakı ilə keçirildi. Bu festivalda Beynəlxalq Qüds Günü münasibətilə və Amerika hökumətinin Qüds şəhərinin qondarma İsrailin paytaxtı elan etməsi istiqamətində hərəkətini pisləyən 316 əsər nümayiş etdirildi.