Tarix : 2008 Aug 06
Kod 6355

Bakı-Tiflis-Ceyhan neft kəmərinin Türkiyə ərazisindən keçən hissəsində partlayış olub

Partlayışdan sonra xətdəki 29 və 31 nömrəli borularla qara qızılın nəqli dayandırılıb
Azərbaijan Servisi/Aran Agentliyi
   CNN Türk televiziyasının verdiyi xəbərə əsasən, bu gecə yerli vaxtla saat 23:30, Bakı vaxtilə isə 01:30 radələrində Bakı-Tiflis-Ceyhan neft kəmərinin Ərzincan Refahiyye yolunun 52-ci kilometrliyində, Yurtbaşı ərazisində yanğın baş verib. Partlayışdan sonra xətdəki 29 və 31 nömrəli borularla qara qızılın nəqli dayandırılıb. Yerin altı ilə keçən və BOTAŞ şirkətinə məxsus olan xəttdə yanğının nədən baş verdiyi hələlik məlum deyil. Bildirilir ki, partlayışdan sonra xəttədki neft dərhal yanmağa başlayıb. Alovun hündürlüyü 50 metrdən çox olub, güclü külək nəticəsində isə yanğın daha geniş əraziyə yayılmağa başlayıb.
   
    Xəbər verilir ki, hazırda yanğının baş verdiyi əraziyə yanğınsöndürmə və təcili tibbi yardım briqadaları ilə yanaşı yerli bələdiyyə orqanlarının, polisin, BOTAŞ şirkətinin nümayəndələri gəlib. Yanğının yaxınlıqdakı meşəyə keçməməsi üçün tədbirlər həyata keçirilir. Bundan başqa, partlayışın baş verdiyi ərazinin yaxınlığından keçən daha bir neçə neft və qaz kəməri ilə də yanacağın nəqli Ankaradan dayandırılıb.
   
    Yerli informasiya agentlikləri xəbər verirlər ki, hazırda hadisə yerində olan yanğınsöndürənlər partlayışın baş verdiyi boruda qalan neftin yanıb-qurtarmasını gözləyir. Çünki hər an yeni partlayışın baş vermə ehtimalı çox yüksəkdir.
   
    Rəfahiyyə meri Mehmet Makas bildirib ki, onlar Ankaraya yanan borunun partlayışdan əvvəl nasaz olub-olmamasına dair sorğu göndərib. Yalnız bu sorğunun cavabından sonra hadisənin baş verməsinə dair hər hansı versiya irəli sürmək mümkün olacaq. «Ümidvarıq ki, baş vermiş partlayış - təxribat deyil. Çünki boru xəttində nasazlığın olması barədə bizdə ilkin məlumatlar var. Amma hər halda, Ankaradan cavab gözləyirik».
  • Yazılıb
  • da (də) 2008 Aug 06