Söhbət ondan gedir ki, neçə vaxtdır Naxçıvanı öz anormal eksperimentlərinin meydanına çevirmiş Naxçıvan “xan”ı son günlər ağsaqqalların da gününü qara edib
Azərbaijan Servisi/Aran Agentliyi
“Kəmaləddin Heydərov Bakıda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun əleyhinə aksiya hazırlayır”. Bu barədə qəzetimizə Naxçıvandakı mötəbər mənbəmiz xəbər verib. Mənbənin dediyinə görə, Bakıda V.Talıbovun əleyhinə etiraz aksiyasının keçirilməsi əslində hələ iki ay əvvələ nəzərdə tutulmuşdu. Həmin vaxt Naxçıvandan Bakıya gələcək ağsaqqalların hətta kimliyi də müəyyən edilmişdi. Amma V.Talıbov öz emissarlarını həmin ağsaqqalların yanına göndərib onlara hədə-qorxu gələrək Bakıya getməkdən çəkindiribmiş.
Bu dəfə isə məsələ daha ciddi şəkil alıb. Söhbət ondan gedir ki, neçə vaxtdır Naxçıvanı öz anormal eksperimentlərinin meydanına çevirmiş Naxçıvan “xan”ı son günlər ağsaqqalların da gününü qara edib. O, əvvəlcə muxtar respublikanın ən böyük kəndində - Babək rayonunun Nehrəm kəndində ağsaqqalların bir yerə yığışıb çay içməsinə, söhbət etməsinə imkan vermədi. Bir gün sonra Kəngərli rayonunun Qıvraq qəsəbəsində də analoji yasaq tətbiq edildi. Qəsəbədəki yeganə çayxanaya yığışan ağsaqqallara xəbərdarlıq olundu ki, bundan sonra belə hal təkrar olunacaqsa, onlar ciddi şəkildə cəzalandırılacaqlar. Ötən həftənin sonunda isə elə həmin rayonun bir qrup yaşlı sakini su problemi ilə bağlı MR Ali Məclisinin qarşısında aksiya keçirsələr də rəhbərlik onların bu haqlı tələbinə etinasızlıqla yanaşdı.
Muxtar respublikadakı qaynağımızın dediyinə görə, Naxçıvanın bir qrup nüfuzlu ağsaqqalı son anda millət vəkili Fəttah Heydərova müraciət etmək zorunda qalıb. Onlar Fəttah Heydərovdan baş verənlərə müdaxilə etmək xahişində bulunublar.
Mənbənin verdiyi bilgilərə görə, fövqəladə hallar naziri Kəmaləddin Heydərov da atası Fəttah Heydərova ünvanlanan bu müraciətdən xəbərdardır: “Aksiya iştirakçılarının Naxçıvandan Bakıya gətirilməsinin xərcini də məhz Kəmaləddin Heydərov öz üzərinə götürüb. Hazırda Bakıda yaşayan naxçıvanlılar da aksiya zamanı etirazçı ağsaqqallara qoşulacaqlar. Aksiyanın keçiriləcəyi yer kimi hələlik Naxçıvan MR-in Bakıdakı nümayəndəliyinin qarşısı müəyyənləşdirilib. Başqa bir variant isə Milli Məclisin qarşısıdır. Amma Milli Məclis tətildə olduğundan çox güman ki, birinci varianta üstünlük veriləcək”.
Ekspertlərin fikrincə, Kəmaləddin Heydərovun narazı naxçıvanlı ağsaqqallara hərtərəfli maddi və mənəvi dəstək verməsi heç də təsadüfi deyil. Çünki Kəmaləddin Heydərov istər Dövlət Gömrük Komitəsinin sədri olanda, istərsə də fövqəladə hallar naziri kimi Naxçıvana, necə deyərlər, girə bilmir. Muxtar respublikada 3-ü İran, 1-i isə Türkiyə ilə olmaqla fəaliyyət göstərən 4 gömrük məntəqəsinin heç birindən “fövqəlnazir”ə bir qəpik də olsa çatmır.
Bir qədər əvvəl isə “fövqəlnazir” Naxçıvanda tikinti sektoruna əl qoymaq istəmişdi. Hətta bu məqsədlə şəhərin məhəllələrinin birində 30-a yaxın ailənin köçürülməsi ilə bağlı sakinlərə kompensasiya da ödəmişdi. Amma bundan xəbər tutan V.Talıbov K.Heydərovun adamlarını Naxçıvandan qovdurmuşdu.
İndi bütün Naxçıvana qan udduran V.Talıbovdan qisas almaq üçün K.Heydərovun əlinə yaxşı girəvə düşüb. “Fövqəlnazir” bu fürsətdən çox böyük ehtimalla yetərincə yararlanacaq. Mövzuya qayıdacağıq.