Çağırışçıların və hərbi vəzifəlilərin hərbi qeydiyyatı onların yaşayış yeri üzrə, 3 aydan artıq müddətə yaşayış yerini dəyişdirdikdə isə olduğu yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır.
arannews.com : BAKI, 13 iyun - Sputnik. Milli Məclisin bugünkü iclasında "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunlarda dəyişikliklərə baxılıb.
Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov bildirib ki, "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında" qanunda təklif edilən dəyişikliklərdə kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərində həqiqi hərbi xidmətə çağırılmış və ya könüllü daxil olmuş şəxslərin hərbi qeydiyyatdan çıxarılması qaydasının təkmilləşdirilməsi, habelə kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin ehtiyatını təşkil edən dairənin dəqiqləşdirilməsi nəzərdə tutulur.
Qeyd edilib ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanuna isə hərbi qeydiyyat anlayışının dəqiqləşdirilməsi, müvafiq icra hakimiyyəti orqanında müddətli həqiqi hərbi xidmətdən buraxılmış, həmçinin müvafiq icra hakimiyyəti orqanında həqiqi hərbi xidmətdən buraxılıb həmin orqanın ehtiyatına keçirilməmiş və ya hərbi qeydiyyatından çıxarılmış hərbi vəzifəlilərin hərbi qeydiyyat qaydasının təkmilləşdirilməsi ilə əlaqədar dəyişikliklər təklif olunur. Layihədə, həmçinin texniki xarakterli dəyişikliklər var.
Bu qanun layihələrinin Prezidentin bir məktubu ilə parlamentə daxil olduğu, məzmun və mahiyyətcə bir-birinə yaxın olduğu bildirilib.
Hər iki qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.
Qeyd edək ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunun mövcud 4-cü maddəsi "hərbi qeydiyyatın təşkili" adlanır.
Həmin maddəyə əsasən, bütün çağırışçılar və hərbi vəzifəlilər hərbi qeydiyyata alınmalıdırlar.
Çağırışçıların və hərbi vəzifəlilərin (bu qanunun 4.4-cü maddəsində nəzərdə tutulmuş hərbi vəzifəlilər istisna olmaqla) hərbi qeydiyyatı onların yaşayış yeri üzrə, 3 aydan artıq müddətə yaşayış yerini dəyişdirdikdə isə olduğu yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır.
Çağırışçıların və hərbi vəzifəlilərin hərbi qeydiyyatının aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Müvafiq icra hakimiyyəti orqanından ehtiyata keçirilmiş hərbi vəzifəlilərin hərbi qeydiyyatı həmin orqan tərəfindən aparılır. Təklif olunan dəyişikliyə görə bu maddəyə "orqanından ehtiyata" sözləri "orqanının ehtiyatına" sözləri ilə əvəz edilir və həmin maddəyə "aparılır" sözündən əvvəl "mərkəzləşdirilmiş qaydada" sözləri əlavə olunur.
Aşağıdakı məzmunda 4.5-ci maddə əlavə edilir:
"4.5. Müvafiq icra hakimiyyəti orqanında müddətli həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış, həmçinin müvafiq icra hakimiyyəti orqanında həqiqi hərbi xidmətdən buraxılıb həmin orqanın ehtiyatına keçirilməmiş və ya hərbi qeydiyyatından çıxarılmış hərbi vəzifəlilər bu qanunun 4.2-ci maddəsində nəzərdə tutulmuş qaydada hərbi qeydiyyata alınırlar.".
"Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında" qanuna təklif edilən dəyişikliklə 14.4-cü maddədə "hərbi xidmətə qəbul edilmiş şəxslər və onların təhsil müəssisələrinin müdavimləri (kursantları) hərbi mükəlləfiyyət qeydiyyatından" sözləri "həqiqi hərbi xidmətə çağırılmış və ya könüllü daxil olmuş şəxslər hərbi qeydiyyatdan" sözləri ilə əvəz edilir.
Layihələrdə digər dəyişikliklər də nəzərdə tutulur.
Dəyişikliklər səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.