Tarix : 2023 Jul 05
Kod 63625

Qədir Xum bayramı hansı gündür?

Zilhiccə ayının 18-ci günü (7 iyul 2023-cü il) Qədir Xum bayramıdır. İslam Peyğəmbəri (s) bu gün Allahın əmri ilə Həzrət Əlini (ə) öz canişini olaraq təqdim etdi.
arannews.com :Zilhiccə ayının 18-ci günü olan Qədir Xum bayramı şiələrin ən böyük bayramlarından biridir. Rəvayətlərə görə, hicrətin onuncu ilində Zilhiccə ayının 18-i Həzrət Peyğəmbər (s) Allahın əmri ilə İmam Əlini (ə) xilafət və imamət məqamına təyin etmişdir. Qədir Xum hadisəsi hicri 10-cu ildə, Peyğəmbərin (s) vida həccində və Qədir Xum diyarında baş verib.
Dünyanın hər yerində şiələr Qədir Xum bayramını qeyd edir və bu bayramı qeyd etmək üçün müxtəlif mərasimlər keçirirlər. Bu gündə şiələr seyidlərin görüşünə gedir və seyidlər də onlara bayram payı verir.
 
Qədir Xum hadisəsi
Hicri qəməri təqvimilə 10-cu ilin Zilqədə ayının 24-ü və ya 25-i Həzrət Peyğəmbər (s) minlərlə insanla birgə Həcc mərasimini yerinə yetirmək üçün Mədinədən Məkkəyə doğru hərəkətə başladı. Bu həcc Peyğəmbərin (s) sonuncu həcci olduğundan, “Vida həcci” kimi məşhurlaşdı. Həcc əməlləri bitdikdən sonra, Peyğəmbər (s) müsəlmanlarla birlikdə Məkkədən çıxıb Mədinəyə doğru hərəkət etdi. Zilhiccə ayının 18-də Qədir Xuma çatdılar. Burada Cəbrayıl Peyğəmbərə (s) “təbliğ” ayəsini (Maidə, 67) nazil etdi və Allah tərəfindən Rəsulullaha (s) Həzrət Əlini (ə) özündən sonra vəli və canişin kimi insanlara tanıtmağı əmr etdi.
 
Qədir Xum xütbəsi
Rəvayətə görə, Allah Rəsulu (s) Qədir Xumda camaatı toplayıb İmam Əlinin (ə) əlini qaldırdı ki, hamı onu görsün və buyurdu: “Ey camaat, mənim sizin üzərinizdə sizdən daha çox vilayətim yoxdurmu?” Camaat: “Bəli, ey Allahın Rəsulu (s)” deyə cavab verdilər. Həzrət buyurdu: “Allah mənim vəlimdir, mən də möminlərin vəlisiyəm və mənim onlara özlərindən daha çox vilayətim var. Elə isə, mən kimin mövlasıyamsa, Əli (ə) də onun mövlasıdır”. Allahın Rəsulu (s) bu cümləni üç dəfə təkrar edərək buyurdu: “İlahi, Əlini (ə) sevən hər kəsi sev, onu düşmən bilənə düşmən ol. Ona kömək edən hər kəsə kömək et və onu xar edəni xar et.”
Sonra camaata xitabən dedi: “Burada olanlar olmayanlara bu xəbəri çatdırsınlar”.
 
Qədir Xum bayramının əməlləri
Qədir Xum bayramının mühüm əməlləri arasında aşağıdakıları qeyd etmək olar:
Oruc tutmaq
Qüsl almaq
Əminullah ziyarətnaməsini oxumaq
Nüdbə duasını oxumaq
Gözəl paltarlar geyinmək
Bəzənmək
Ətirlənmək
Qohumlara əlaqə saxlamaq
Möminlərə yemək vermək
Qədiriyyə ziyarətnaməsini oxumaq
Qədir Xum bayramı namazını qılmaq
 
  • Yazılıb
  • da (də) 2023 Jul 05
  • Göndərən رضا رستمی