İranın bütün dünyada tanınan zirvəsi var və o da Dəmavənd zirvəsidir. Amma Təbrizin üç zirvəsi vardır ki, Dəmavənd bu üç zirvənin qarşısında təvazökardır.
AranNews-in məlumatına görə, Astani-Qüdsi-Rəzəvinin qəyyumu höccətül-islam vəl-müslimin Şeyx Əhməd Mərvi “Həyat buradadır” kitabının təqdimat mərasimində deyib: “İranın bütün dünyada tanınan zirvəsi var və o da Dəmavənd zirvəsidir. Amma Təbrizin üç zirvəsi vardır ki, Dəmavənd bu üç zirvənin qarşısında təvazökardır.”
O əlavə edib: “Təbriz fiqh, fəlsəfə, irfan və hikmət sahələrində zirvədədir. Ayətullah Şəhidi, Şərəbiyani, Mirzə Cavad Ağa Məliki Təbrizi, Qazi Təbatəbai, Əllamə Təbatəbai, Əllamə Əmini və s. böyük və məşhur fəqihlərin hər biri bir zirvədir ki, Dəmavənd zirvəsi yüz dəfə də ucalsa, bu zirvələrlə müqayisədə heç nədir.”
Höccətül-islam Mərvi vurğulayıb: “Şeir və ədəbiyyat sahəsində Saib Təbrizi, Şəhriyar Təbrizi və başqa böyük şəxsiyyətlər, cihad, mübarizə və müqavimət sahəsində Səttar Xan, Baqir Xan, Şeyx Məhəmməd Xəyabani, Qazi Təbatəbai, Müqəddəs Müdafiə şəhidləri, Şəhid Bakiri; bunlar hamısı Təbrizdə və Azərbaycanda parlayır. Ona görə də bu şəhərdə nəfəs almaq qənimətdir.”
Şəhid Mütəhhərinin: “Mən bəzi vaxtlar Şiraza gedirəm, çünki Molla Sədra bu şəhərdə nəfəs alıb” dediyini diqqətə çatdıran Astani-Qüdsi-Rəzəvinin qəyyumu əlavə edib: “İndi Təbriz təkcə fəlsəfə və hikmətin zirvəsi deyil, həm də cihad, şeir, ədəbiyyat, mübarizə və digər sahələrin zirvəsidir. Yeri var ki, insan uzaq yolu qət edərək Təbrizə, bu əziz, böyük və möhtəşəm şəhərə gəlsin və burada addımlasın.”
Höccətül-islam Mərvi bu tədbirin təşkilini yüksək qiymətləndirərək deyib: “Bu təqdirlərdə söhbət bir şəxsiyyətdən, bir nəfərdən deyil, insani fəzilətlərin dirçəlişindən gedir. Bunlar örnəkdirlər və bu örnəkləri cəmiyyətə tanıtmaq lazımdır. Çünki bunlar dindar, dəyərli və fəzilətli bir cəmiyyətin kimliyini yaradır.
Simvol və örnəyi olmayan ölkələr öz cəmiyyətinə şəxsiyyət vermək üçün kino, rəsm, roman və s. kimi bədii vasitələrlə əfsanələr yaradırlar. Ya da özlərində yoxdursa, başqa ölkələrin qəhrəmanlarını oğurlayırlar və biz hazırda bu problemlə qarşılaşırıq.”
Astani-Qüdsi-Rəzəvinin qəyyumu bəyan edib ki, məsum imamlar, peyğəmbərlər hamısı örnək və kimlik qurucularıdır. Amma imam və peyğəmbərlərdən əlavə, onların məktəbinin yetirmələri də kimlik və şəxsiyyət qurucularıdır. Həzrət İbrahimin (ə) ardınca gedənlər örnək ola bilirsə, deməli, həzrət Rəsuli-əkrəmin (s) təlim-tərbiyə məktəbində yetişənlər də şəxsiyyət qurucusu və örnək ola bilərlər.
Kimlik yaradan belə şəxsiyyətlərin cəmiyyətə təqdim edilməsinin faydalı olduğunu qeyd edən Mərvi bildirib ki, əgər fəzilətli örnəyi cəmiyyətə təqdim etməsək, düşmən gənclərin beyninə saxta örnəklər yeridəcək.
Tədbirin natiqi əlavə edib: “Düşmən bir cəmiyyəti məhv etmək üçün əvvəlcə həmin cəmiyyətin örnəyini ondan alır. Bu gün düşmənlər xalqımızın, cəmiyyətimizin, xüsusən də gənc nəslimizin kimliyini əlindən almaq istəyir. Kimlik məhv edildikdə, həmin cəmiyyətin örnəyi də ola bilməz.”
Ötən il baş verən iğtişaşlara toxunan Mərvi deyib ki, bu iğtişaşlarda bəzi insanlar qəflət üzündən düşmənin planlarını icra etdilər və bir şüar səsləndirdilər. Bu şüar İslam İnqilabının Rəhbərini hədəfə alırdı. Onların bu hərəkəti hətta bir çoxlarını təəccübləndirdi ki, onlar nə üçün digərlərinə qarşı deyil, Rəhbərə qarşı şüar verirlər?! Deməli, iş içində iş var. Rəhbərə qarşı tuşlanmış hücumun kökünü axtardıqda düşmənin çox zirəkliklə bu işi seçdiyi məlum olur. Çünki Rəhbər dini, inqilabçı, dəyərləri uca tutan, mücahid, dirənişçi və mübariz vilayəti-fəqih hökumətinin simvoludur. Düşmən bilirdi ki, İnqilab və inqilabçı cəmiyyətin əsas kimliyi Rəhbərdir. Ona görə də biz gənclərimizə dəyər kimliyi və örnək verməliyik. Gənclər “Ya Hüseyn” alınlığı bağlayırsa, deməli, özlərinə kimlik vermək istəyirlər.
Höccətül-islam Mərvi çıxışının davamında deyib: “Cəmiyyətdə bir gəncin kimliyi hüseynçilik, zeyənbçilik olduqda, o cəmiyyətdə himmətlər, bakirilər, hacı qasimlər yetişir. Düşmən bunu istəmir, ona görə də əxlaqsızları cəmiyyətə tanıtmağa cəhd edir.”
O əlavə edib ki, “bir gün yalan danışmaq pis idi, indi isə yox” demək mümkün olmadığı kimi, dəyərlər və fəzilətlər də zamanın keçməsinə tabe deyildir. Çünki əxlaq və dəyər prinsipləri heç vaxt dəyişmir.