Çin Kommunist Partiyasının Xarici Siyasət Komissiyasının katibi İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi ilə görüşdə İranı Çinin strateji tərəfdaşı adlandırıb və İranın BRİKS-ə qoşulmasını dəstəkləyərək deyib: “Çin İranın ərazi bütövlüyünü və qanuni hüquqlarını müdafiə edir.”
arannews.com: BRİKS ölkələrinin katibləri və milli təhlükəsizlik müşavirlərinin iclasında iştirak etmək üçün Cənubi Afrikaya səfər edən Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian bu gün günorta saatlarında (bazar ertəsi) Çin Kommunist Partiyasının Xarici Siyasət Komissiyasının katibi Van Yi ilə görüşüb. Görüşdə iki ölkəni maraqlandıran geniş mövzular müzakirə edilib.
Bu görüşdə Əhmədian beynəlxalq sistemin yeni reallıqlarına istinad edərək, həmrəy ölkələrin ümumi maraqlarını həyata keçirmək üçün mexanizmlərin müəyyənləşdirilməsinin zəruriliyini vurğulayaraq deyib: “Bu baxışla, biz regional və beynəlxalq çoxtərəfli razılaşmalarda Çin ilə əməkdaşlığı genişləndirməyə çalışırıq. İnanırıq ki, çoxtərəfli əməkdaşlıq regional və beynəlxalq sülhün və sabitliyin möhkəmləndirilməsinə kömək edir, dünya sülhünün qorunması və ölkələrin inkişafı üçün əlverişli mühit yaradır.”
Çinin Qərbi Asiyada balanslaşdırılmış siyasətini alqışladığını qeyd edən Əhmədian bir çox iqtisadi faydalardan əlavə, İran və Çin arasında əməkdaşlığın regional təhlükəsizlik üçün zəmin yaratdığını vurğulayıb.
O, İranın Çinin müxtəlif sektorlarda, xüsusilə də nəqliyyat sahəsində investisiyalarına hazır olduğunu açıqlayaraq, deyib: “İran İslam Respublikasının yanaşması və strategiyası müstəqil və dost Asiya ölkələri, xüsusilə də Çin ilə əlaqələri genişləndirməkdən ibarətdir.”
İranın Ali Təhlükəsizlik Şurasının katibi İran-Çin müştərək komissiyasının 18-ci iclasının uğurla keçirilməsinə toxunaraq deyib: “İran-Çin əlaqələrinin hərtərəfli strateji tərəfdaşlığa yüksəldilməsi İran İslam Respublikasının mərkəzi siyasətlərindən biridir.”
Çin Kommunist Partiyasının Xarici Siyasət Komissiyasının katibi Van Yi də bu görüşdə deyib: “İran Çinin strateji tərəfdaşıdır və Çin İranın ərazi bütövlüyünü və qanuni hüquqlarını müdafiə edir.”
O, BRİKS-ə üzv və dost ölkələrin görüşündə Əhmədianın müsbət fikirlərini təqdir etməklə yanaşı, İran İslam Respublikasının bu qrupa qoşulmasını dəstəkləyib.