Rusiya XİN rəsmisi bildirib ki, Rusiya sülhməramlıları əvvəllər iki nümayəndə heyətinin görüşlərinin təşkilinə kömək ediblər.
arannews.com: Sputnik. Rusiya Xankəndi ilə Bakı arasında dialoqun başlanmasının tərəfdarıdır. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı deyib.
"Biz Bakı və Xankəndi arasında danışıqların başlanmasının tərəfdarıyıq. Bu mövzu tərəflərlə təmaslarımızın gündəliyindədir. Rusiya sülhməramlıları əvvəllər iki nümayəndə heyətinin görüşlərinin təşkilinə kömək ediblər və bundan sonra da lazımi yardımı göstərməyə hazırdırlar", - Zaxarova bildirib.
Onun sözlərinə görə, Rusiya heç bir ilkin şərt irəli sürmür, o, Qarabağda artan gərginlik fonunda hazırda ciddi şəkildə tərəflərin yanaşmalarını bir-birinə yaxınlaşdırmaq üçün əzmlə çalışır.
Xatırladaq ki, martın 1-də Milli Məclisin deputatı Ramin Məmmədov Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxs qismində Xocalı şəhərində, Azərbaycan Respublikası ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlı kontingentinin qərargahında Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlərin təmsilçiləri ilə görüşüb.
Görüşdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin və "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət, təbii sərvətlərin qanunsuz istismarını araşdıran monitorinq qrupunun rəhbəri Məsim Məmmədov də iştirak edib.
Görüşdə Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğun olaraq, Qarabağ bölgəsində yaşayan erməni sakinlərin Azərbaycan Respublikasına reinteqrasiyasına dair ilkin müzakirələr aparılıb.