Prezident Suriya hökumətinin və xalqının bu ölkəyə qarşı 12 il boyunca davam edən fitnələrə və hərtərəfli təcavüzə qarşı tarixi müqavimətini alqışlayaraq, İran İslam Respublikası və Suriya prezidentlərinin Dəməşq görüşünün mühüm mesajını müqavimət hərəkatı və yanaşmasının böyük qələbəsi kimi qiymətləndirib.
arannews.com: irna-Ayətullah Seyid İbrahim Rəisi çərşənbə axşamı günortadan sonra Suriya Ərəb Respublikasının “xarici işlər”, “iqtisadiyyat və xarici ticarət” və “rabitə və texnologiya” nazirləri Feysəl Miqdad, Məhəmməd Samir əl-Xəlil və Əyad əl-Xatiblə görüşündə, may ayında Dəməşqə səfəri zamanı əldə olunan razılaşmalara toxunaraq, bu səfər zamanı xüsusilə iqtisadi və ticarət sektorunda əldə edilmiş razılaşmaların tam şəkildə həyata keçirilməsini vurğulayıb. Prezident Suriya hökumətinin və xalqının bu ölkəyə qarşı 12 il boyunca davam edən fitnələrə və hərtərəfli təcavüzə qarşı tarixi müqavimətini alqışlayaraq, İran İslam Respublikası və Suriya prezidentlərinin Dəməşq görüşünün mühüm mesajını müqavimət hərəkatı və yanaşmasının böyük qələbəsi kimi qiymətləndirib və əlavə edib: “Ümid edirəm ki, sazişlərin tam icrası ilə yanaşı, yaxın gələcəkdə biz iki ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsi istiqamətində növbəti addımları görəcəyik.”
Görüşün davamında Suriyanın xarici işlər naziri Feysəl Miqdad üç suriyalı nazirin İran İslam Respublikasına eyni vaxtda səfər etməsini Bəşər Əsədin iki ölkə arasında strateji əlaqələrinin dərinliyini göstərmək üçün təşəbbüsü adlandırıb. Nazir bu səfərin ab-havasının İrana əvvəlki bütün səfərlərdən fərqli olduğunu bildirərək, iki ölkə arasında razılaşmaların həyata keçirilməsi üçün iqtisadi danışıqları çox müsbət, rəvan və dərin əlaqələrə əsaslanan danışıqlar kimi qiymətləndirib.
Suriyanın xarici işlər naziri bu ölkədə baş verən son hadisələrlə bağlı ətraflı hesabat təqdim etməklə yanaşı, İran və Suriyanın birgə müqavimət yolunu iki ölkənin ortaqlıqlarının parlaq təzahürü kimi qiymətləndirib və İran İslam Respublikasının başçılıq etdiyi müqavimət oxunun regiona qarşı istənilən məkrli planları məğlub edə biləcəyini vurğulayıb, başda general-leytenant Hacı Qasim Süleymani olmaqla bütün müqavimət şəhidlərinin uca məqamınə hörmət ifadə edib.
Bu görüşdə Suriyanın iqtisadiyyat və xarici ticarət və rabitə və texnologiya nazirləri də müxtəlif sahələrdə razılaşmaların həyata keçirilməsində son tədbirlər haqqında hesabat təqdim ediblər.