İclasda Ərdoğan hökumət üzvlərilə Rusiya prezidenti ilə son telefon danışığını müzakirə edəcək, həmçinin “taxıl sazişi” ətrafında yaranmış vəziyyətə toxunacaq.
arannews.com:Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin üzvləri ilə rusiyalı həmkarı Vladimir Putinin ölkəyə planlaşdırılan səfərini müzakirə edəcək.
Bu barədə Türkiyənin “Star” qəzeti mənbələrə istinadən məlumat yayıb.
Hökumətin iclası avqustun 7-də, bazar ertəsi keçiriləcək. İclasda Ərdoğan hökumət üzvlərilə Rusiya prezidenti ilə son telefon danışığını müzakirə edəcək, həmçinin “taxıl sazişi” ətrafında yaranmış vəziyyətə toxunacaq.
"Yeni Şafak" qəzetinin Ərdoğan hökumətindəki mənbələri isə bildirib ki, prezidentlər taxıl anlaşması, Ukrayna problemi ilə yanaşı digər regional problemləri də müzakirə edəcəklər. Bunlar arasında Cənubi Qafqazdakı Azərbaycan-Ermənistan münaqişəsinin sülh yolu ilə həlli, bölgəyə əlavə hərbi missiyaların göndərilməsinin əngəllənməsi, regional enerji layihələrinin inkişafı və yeni kommunikasiya vasitələrinin açılması da daxildir.
Bundan əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiya və Türkiyə prezidentlərinin görüşünün yeri və dəqiq tarixinin diplomatik kanallar vasitəsilə razılaşdırılacağını bildirib.
Xatırladaq ki, avqustun 2-də Ərdoğan rusiyalı həmkarı Putinlə telefonla danışıb. Liderlər Rusiya prezidentinin Türkiyəyə səfəri ilə bağlı razılığa gəliblər.
Bundan əlavə, Ərdoğan və Putin taxıl sazişinin gələcəyini müzakirə ediblər.
Türkiyə lideri Ankaranın Qara dəniz təşəbbüsünün bərpasına inandığını bir daha bəyan edib.
"Qara dəniz taxıl sazişinin uzun müddətə dayandırılması heç kimə sərf etmir", - Ərdoğan bildirib.
Bundan əlavə, Ərdoğan Rusiya ilə Ukrayna arasında gərginliyi artıra biləcək addımlardan çəkinməyə çağırıb.
Ankaradakı diplomatik mənbələrin verdiyi açıqlamaya görə, Türkiyə və Rusiya liderləri arasında taxıl sazişi, Ukrayna münaqişəsinin həlli kimi prinsipial məsələləri özündə ehtiva edən mühüm anlaşma baş tutmuş sayılır. Çünki Ərdoğanın Putini Ankarada qonaq etmək məqsədinin arxasında Qərb dairələrinin həll edə bilmədiyi bu iki mühüm məsələ dayanır.
"Putinin Ankaraya gəlməyə razılaşması sözügedən məsələlər ətrafında mühüm nəticələrin əldə ediləcəyinə işarədir" - diplomatik mənbə bildirib.
Keçən həftə Putin hökumətlə görüşdə Rusiya Federasiyasının taxıl sazişinə qarşı olmadığını və ölkəsi tərəfindən irəli sürülmüş bütün əsas şərtlər yerinə yetirilən kimi ona qayıtmağa hazır olduğunu deyib.
2022-ci il iyulun 22-də Rusiya, Türkiyə, Ukrayna və BMT nümayəndələri tərəfindən imzalanan Qara Dəniz Təşəbbüsü Odessa da daxil olmaqla üç limandan Ukrayna taxılının və ərzaq məhsullarının, eləcə də gübrələrin Qara dəniz vasitəsilə ixracını nəzərdə tutur. Bu müqavilə paket sazişin bir hissəsidir. İkinci hissə - üç il müddətinə nəzərdə tutulmuş Rusiya-BMT memorandumu - Rusiyanın ərzaq və gübrə ixracının bərpa olunmasını, Rosselxozbank-ın SWIFT-ə yenidən qoşulmasını, kənd təsərrüfatı texnikasının, ehtiyat hissələrinin tədarükünün bərpasını və bir sıra digər tədbirləri nəzərdə tutur.
Taxıl sazişi iyulun 18-də dayandırılıb, Rusiya Federasiyası Türkiyə, Ukrayna və BMT-ni onun uzadılmasına etirazı barədə xəbərdar edib. Rusiya prezidenti Vladimir Putin əvvəllər qeyd edib ki, BMT-nin səylərinə baxmayaraq, Rusiya ilə razılaşmanın şərtləri yerinə yetirilməyib, çünki Qərb ölkələri vədlərinə əməl etmək niyyətində deyillər.
Putin dəfələrlə qeyd edib ki, Qərb Ukrayna taxılının böyük hissəsini öz dövlətlərinə ixrac edib və sövdələşmənin əsas məqsədi - ehtiyacı olan ölkələrə, o cümlədən Afrika ölkələrinə taxıl tədarükü heç vaxt həyata keçirilməyib.