Ali Məqamlı Rəhbərin beynəlxalq məsələlər üzrə müşaviri “Aşura Gününün Şəhidi Siqətül-İslam” konfransına müraciətində bildirib: “Siqətül-İslamın şəhadəti şiə alimlərinin və ruhanilərinin zülmkar və yadelli hakimiyyətə qarşı mübarizənin müxtəlif mərhələlərində iştirakının bariz nişanəsidir.”
arannews.com:Müraciətin davamında Əli Əkbər Vilayəti qeyd edib: “Zülmkar hökumətə və xarici müdaxiləyə qarşı bu mübarizə mərhum Mirzayi Şirazidən sonra açıq şəkildə başlamışdı. Ondan əvvəl adətən şiə alimləri xalq yanında nisbətən məqbul olan hökumətləri təşviq edir və dəstəkləyirdilər, əcnəbilərə qarşı mübarizə aparırdılar.”
Birinci nümunə Fəthəli Şah Qacarın dövründə Kaşifül-Qita kimi tanınan Şeyx Cəfər Nəcəfi və digər 142 alimin fətvası ilə xalqın rus təcavüzünə qarşı müqavimət göstərməsi idi. O, xalqı cihada dəvət etdi və onlar rusları məğlub edərək Tiflisə doğru irəlilədilər.
Nasirəddin şahın dövründən ənənə pozuldu. Bu şah əylənmək üçün ölkəni borca salaraq üç dəfə Avropaya səfər etdi. Birinci səfərində tütün məhsulunun becərilməsi və yığılması imtiyazını Talbota (İngiltərənin böyük şirkətlərindən biri) verdi, beləliklə məşhur tacirləri və iş adamları müflisləşdirdi.”
Vilayəti qeyd edib ki, Şirazdan mərhum Seyid Əli Əkbər Falasiri, Tehrandan Seyid Məhəmməd Həsən Aştiyani və Mirzə Cavad Təbrizi, İsfahandan Ağa Nəcəfi kimi tanınan Hacı Məhəmməd Təqi Nəcəfi kimi alimlər bu müqaviləyə qarşı çıxdılar. Mərhum Falasiri Şirazda Aşura ziyarətini oxumaq üçün səhraya getdiyi gün hökumət qüvvələri tərəfindən həbs edildi. Onu çılpaq miniyə uyğun olmayan bir şəkildə mindirərək Buşəhrə göndərdilər.
Mərhum Falasiri oradan Bəsrəyə, oradan da dövrün alimi olan mərhum Mirzə Şirazini görmək üçün Samirraya getdi.
Mərhum Mirzə ehtiramla yazdığı məktublarda bu barədə Nəsirəddin şaha xəbərdarlıq etdi və bu müqavilənin ləğvini istədi. Amma Səfəvilərdən Qacara qədər tarixdə ilk dəfə olaraq şiə aliminin məktubu şahın hörmətsizliyi ilə üzləşdi. Nəticədə mərhum Mirzə tütünü qadağan edən məşhur fətva verdi. Bu fətva o qədər təsirli oldu ki, hətta Nəsirəddin şahın evindəki qəlyanları da sındırdılar.
Ali Məqamlı Rəhbərin beynəlxalq məsələlər üzrə müşaviri Nasirəddin şahın Avropaya ikinci səfəri haqda yazıb: “Nasirəddin şah ikinci səfərini maliyyələşdirmək üçün Baron Yulius Reuter ilə müqavilə imzaladı. Əldə olan sənədlərə görə, şaha 300 min lirə, Mirzə Hüseyn xan Sepəhsalara 50 min lirə rüşvət müqabilində İran ingilislərin himayəsində olacaqdı.”
Müraciətin davamında qeyd olunur ki, Tehranın böyük alimlərindən olan mərhum Hacı Molla Əli Kəni qayıdarkən şaha xəbərdarlıq etdi ki, bu rüsvayçı müqaviləyə cavabdeh olan şəxs, yəni Mirzə Hüseyn xan Sepahsalar vəzifədən uzaqlaşdırılsın və bu tələb həyata keçirildi.
Üçüncü səfərdə Mirzə Mülküm xanın vasitəçiliyi ilə lotereya müqaviləsi bağlandı. Alimlərin müqaviməti ilə müqavilə ləğv olundu. Nəhayət Qacar vəhşilikləri o qədər artdı ki, Nasirəddin şah Mirzə Rza Kermani tərəfindən öldürüldü.
Müzəffərəddin şahın zamanında alimlər başda olmaqla xalq Ədalətxanə, daha sonra isə Məşrutə uğrunda ayağa qalxdı. Alimlər əvvəldən xəbərdarlıq edirdilər ki, Məşrutə legitim olmalıdır, əks halda düzgün istiqamətdə olmayacaq. Məşrutənin qanuniliyini müdafiə edən məşhur alimlərdən biri də təbrizli Mirzə Əli Siqətül-İslam idi.
Doktor Vilayəti daha sonra yazıb: “Azərbaycan qədim zamanlardan İranın düşmənlərinə qarşı müqavimətin ön cəbhəsində olub. Rəşadətli sərkərdələri arasında Səttar xanın və Baqir xanın adını çəkmək olar. Səttar xanın özü deyir ki, Nəcəf alimlərinin göstərişi ilə Tehrana tərəf hərəkət etmişdir.
Mərhum Mirzə Əli Siqətül-İslam Təbrizi Sədrül-Üləma ləqəbi ilə tanınan Təbriz alimlərinin məşhur nəslindən olan və özü də Azərbaycanın tanınmış alimlərindən sayılan Hacı Mirzə Musa Siqatül-İslamın oğlu idi.
Mirzə Musa Səqətül-İslam Hacı Mirzə Məhəmmədşəfi Ağa Sədr Siqətül-İslamın oğlu, o da Mirzə Məhəmməd Cəfər Sədrin oğlu, o da Mirzə Məhəmmədşəfinin oğlu, o da Mirzə Yusifin oğlu, o da Mirzə Məhəmməd Əlinin oğlu idi.
Mirzə Məhəmmədşəfi, Siqətül-İslam Təbrizinin beşinci babası və Nadir şahın müasiri idi. Nadir şahın fərmanı ilə hicri-qəməri 1153-cü ildə Təbriz Sultanlığının valisi seçilmişdi.”
“Aşura Gününün Şəhidi Siqətül-İslam” milli konfransı Şərqi Azərbaycan rəsmiləri, müəllim və tədqiqatçıların, çoxlu sayda çağdaş tarix həvəskarlarının iştirakı ilə Təbriz Universitetinin Vəhdət Salonunda keçirilib.