Azərbaycan XİN-in BMT-nin İnsan Hüquqları Şurasının bəzi xüsusi məruzəçiləri və müstəqil eksperti tərəfindən “Laçın yolu” ətrafında vəziyyət ilə bağlı yayılmış bəyanata dair şərhi.
arannews.com: Sputnik. BMT-nin İnsan Hüquqları Şurasının bəzi xüsusi məruzəçiləri və müstəqil ekspertinin guya Azərbaycan tərəfindən “Laçın dəhlizinin” blokadada saxlandığı və “Dağlıq-Qarabağ” bölgəsində “gərgin humanitar vəziyyət” yarandığı iddiası ilə çıxış etməsi təəssüf doğurur və BMT orqanlarının siyasi manipulyasiya alətinə çevrilməsi cəhdlərindən xəbər verir. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı şərhdə deyilir.
Bildirilir ki, 30 il ərzində Azərbaycan ərazilərinin işğalına, 1 milyona yaxın qaçqın və məcburi köçkünün insan hüquqlarının pozulmasına, son üç il ərzində Azərbaycan ərazilərində erməni silahlı qüvvələrinin mövcudluğuna, məcburi köçkünlərin öz evlərinə geri qayıtmasına maneçilik törədilməsinə göz yuman BMT xüsusi məruzəçilərinin və ekspertlərinin Ermənistanın manipulyasiyalarına aldanıb qərəzli bəyanatlar verməsi narahatlıq doğurur:
"Bununla yanaşı, sözügedən şəxslərin Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmət etməyərək bəyanatda “Dağlıq-Qarabağ” kimi ifadələr işlətməsi, ölkəmizin daxili işlərinə qarışması və ikili yanaşmalar tətbiq etməsi qəbuledilməzdir".
Bir daha xatırladılır ki, Ermənistan öhdəliklərinə zidd olaraq, silahlı qüvvələrini torpaqlarımızdan tam olaraq çıxarmamaqla yanaşı, Laçın yolu vasitəsilə onların rotasiyasını həyata keçirib, silah-sursatla təchiz edib, Azərbaycanın təbii sərvətlərinin talan edilməsi ilə məşğul olub. Bütün bunlar BMT və digər beynəlxalq təşkilatlar tərəfindən susqunluqla qarşılanıb.