Tarix : 2008 Aug 07
Kod 6376

BAKIDA SƏS-KÜYLÜ SİLAHLI BASQIN

İlkin araşdırmalar zamanı cinayətkarların hadisə yerindən uzaqlaşdıqları avtomobilin bir neçə gün əvvəl Nərimanov rayonundan oğurlandığı bəlli olub
Azərbaijan Servisi/Aran Agentliyi
Dünən Binəqədi rayonu, Naxçıvani küçəsində naməlum şəxslər rayon sakini 1971-ci il təvəllüdlü Ruslan İsmayıl oğlu Qasımovu odlu silahla hədələməklə maşınındakı bağlamada olan külli-miqdarda pulu götürərək aradan çıxıblar. Məlumata görə, basqınçılar “Mercedes - S” markalı, Az 10 KX 584 dövlət nömrə nişanlı avtomobildə hadisə yerini tərk ediblər. İlkin araşdırmalar zamanı cinayətkarların hadisə yerindən uzaqlaşdıqları avtomobilin bir neçə gün əvvəl Nərimanov rayonundan oğurlandığı bəlli olub. Polis hadisəni törədən şəxslərin tapılması üçün əməliyyat-axtarış tədbirlərinə başlayıb.
Şəhərin müxtəlif istiqamətlərində silahlı polis postları qurulub. Bütün şübhəli maşınlar yoxlanılır. Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini Yaşar Əliyev APA-ya açıqlamasında hadisə zamanı ölən və yaralananların olmadığını deyib. O, basqınçıların nə qədər pul apardığı barədə məlumat verməyib. Özəl mənbələrdən aldığımız məlumata görə, basqınçılar 2 nəfər olub. Qarət olunan isə “Bank of Baku” bankının valyutadəyişmə məntəqəsinin sahibidir. Evinin önündə R.Qasımovun qarşısını kəsən naməlum şəxslər ondan “BMW” markalı, Az 10 UD 007 nömrə nişanlı maşınında olan pulları tələb ediblər. Əvvəlcə pulları vermək istəməyən R.Qasımov quldurlardan birinin odlu silahdan havaya atəş açmasından sonra fikrini dəyişib. Bağlamada olan 4300 manat pulu həmin şəxslərə verib. Xatırladaq ki, iyunun ortalarında Əzizbəyov rayonu ərazisində də oxşar hadisə baş vermişdi. “Binə” ticarət mərkəzində iki nəfər maskalı şəxs valyutadəyişmə məntəqəsinin işçisi Qorxmaz Abbasovun idarə etdiyi “Hundai-Sonata” markalı avtomobilin qarşısını kəsərək avtomobilin təkərinə atəş açaraq silahı sürücüyə tuşlamışdı. Digəri isə avtomobilin şüşəsini küt alətlə sındıraraq salonda olan iş adamının qardaşı Coşqun Abbasovdan içində pul olan iki bağlamanı almışdı. Həmin bağlamaların hər birində 100 min manat, yəni cəm halda 200 min manat var imiş. Maskalılar bağlamaları ələ keçirəndən sonra bir qədər aralıda dayanmış “VAZ-2107" markalı avtomobilə əyləşərək hadisə yerindən qaçmışdılar. Araşdırmalar zamanı avtomobilin Suraxanı rayonu ərazisində Bakı sakini Elnur Şükürovdan silah gücünə ələ keçirildiyi müəyyən edilmişdi. Buna görə də istintaqçılar sonuncu hadisənin də eyni dəstə tərəfindən həyata keçirildiyini düşünürlər. Faktla bağlı Cinayət Məcəlləsinin 181-ci(quldurluq) maddəsi ilə cinayət işi başlanıb.f
  • Yazılıb
  • da (də) 2008 Aug 07