Türkiyənin cənubundakı Malatya şəhərinin Yeşilyurt bölgəsində baş verən 5,3 bal gücündə zəlzələ indiyədək 22 nəfərin yaralanmasına səbəb olub.
arannews.com: İRNA-nın Türkiyənin Anadolu xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Türkiyənin Daxili İşlər naziri Əli Yerlikaya bildirib ki, bu insanlar qorxu, panika və hündürlükdən tullanma nəticəsində xəsarət alıblar. O əlavə edib ki, Türkiyənin xilasetmə qrupları bölgədə işlərini davam etdirir.
Türkiyənin cənubundakı Malatya vilayətində, mərkəzinin Yeşilyurt rayonunda olduğu bildirilən Rixter şkalası üzrə 5,3 bal gücündə zəlzələ baş verib.
Türkiyənin Daxili İşlər naziri zəlzələ nəticəsində ucqar bir binanın da dağıldığını, habelə zərərin dəyərləndirilməsi və zərərçəkənlərə lazımi dəstəyin göstərilməsi üçün işlərin davam etdiyini açıqlayıb.
Türkiyənin Fövqəladə Hallar İdarəsi (AFAD) cümə axşamı günü Malatyada zəlzələnin 7 kilometr dərinlikdə baş verdiyini açıqlayıb.
Türkiyənin cənubundakı Adana və Osmaniye illərində də iyulun 25-də Rixter şkalası ilə 5,5 bal gücündə zəlzələ baş verib.
Bu zəlzələlər bu ilin fevral ayında baş vermiş dağıdıcı zəlzələdən sonra baş verir. 6 fevral 2023-cü ildə Türkiyənin cənubunda baş verən 7,6 bal gücündə zəlzələdə 44.374 nəfər həyatını itirmişdi.
Bu zəlzələ çoxsaylı insan tələfatı ilə yanaşı, Türkiyə və Suriya iqtisadiyyatına da böyük maddi ziyan vurmuşdu.
Həmin vaxt Türkiyənin “Daily Sabah” qəzeti fevralda baş vermiş dəhşətli zəlzələ nəticəsində ölkə iqtisadiyyatına dəymiş ziyanı 84,1 milyard dollar qiymətləndirərək, yaşayış binalarına dəymiş ziyanın 70,8 milyard dollar, Türkiyənin ÜDM-nə dəymiş ziyanı isə 10,4 milyard dollar olaraq açıqlamışdı. İşçi qüvvəsinin payına düşən itki isə təxminən 2,9 milyard dollar olmuşdur.