Xarici İşlər Nazirliyinin mətbuat katibi bildirib ki, Hüseyn Əmir Abdullahiyanın səudiyyəli həmkarının dəvətinə cavab olaraq yaxın gələcəkdə Ər-Riyada səfəri gündəmdədir.
arannews:İRNA-nın məlumatına görə, İran İslam Respublikası XİN-nin mətbuat katibi Nasir Kənani bu gün elan edib ki, yaxın vaxtlarda Hüseyn Əmir Abdullahiyanın Ər-Riyada səfəri gündəmdədir. Kənani əlavə edib: “Yaxın vaxtlarda xarici işlər nazirinin Səudiyyə Ərəbistanına səfərini planlaşdırırıq. Səudiyyə Ərəbistanının yüksək rəsmiləri və Əmir Abdullahiyanın həmkarı tərəfindən edilən dəvət çərçivəsində bu səfəri həyata keçiririk və ikitərəfli sahədə müxtəlif məsələləri müzakirə edəcəyik.
İki ölkə arasında regional və beynəlxalq müstəvidə danışıqlar və məsləhətləşmələrin irəliləməsi prosesi, habelə iki ölkənin iqtisadi məsələləri gündəmdədir və bu, ikitərəfli münasibətlərin yüksəldilməsi və inkişafı istiqamətində bizi daha yaxşı nəticələrə gətirib çıxara bilər.”
Mətbuat katibi Prezidentin Səudiyyə Ərəbistanına səfəri barədə də deyib: “Səudiyyə Ərəbistanı Kralının Prezidenti bu ölkəyə səfərə dəvəti rəsmi şəkildə elan edilib. Bu səfərin tarixi hələ müəyyən edilməyib. İki ölkə arasında siyasi iradə çərçivəsində, əldə olunan razılaşmalar əsasında əlaqələrin daha da inkişaf etdirilməsi üçün uyğun zamanda planlaşdırma aparılacaq.”
Kənani iki ölkə arasında əlaqələrin addım-addım inkişaf etdiyini vurğulayıb.
Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan iyunun 17-də Tehrana bir günlük səfər edib.