arannews: irna- “Əl Əhd” Xəbər Agentliyinə istinadla verdiyi məlumata görə, sionist ordunun ehtiyatda olan generalı Mashaq Barik müqavimət cəbhəsinin gücünü etiraf edərək deyib: “Nüvə silahından daha təhlükəli təhdid bizi əhatə etmiş müqavimətin əlində yüzlərlə kiloqram döyüş başlığı olan minlərlə nöqtə vuran raket və minlərlə pilotsuz təyyarədir.” O, müqavimət raket gücünü izah edərkən deyib ki, gələcək müharibədə hər gün İsrail səmtinə orta hesabla 3500 raket atılmasını nəzərdə tuturuq.
Barik vurğulayıb: “Düşmənimiz İsraili əhatə edən halqa yaradıb. Mən bunu “boğucu halqa” adlandırıram. Çünki bizi hər tərəfdən 250 mindən çox raket mühasirəyə alıb. Bu gün biz ən təhlükəli vəziyyətdəyik. Biz eyni vaxtda beş cəbhə ilə mübarizə aparmalıyıq: Livandakı Hizbullah cəbhəsi, Suriya cəbhəsi, Qəzzada HƏMAS və Cihad cəbhəsi, İordan çayının qərb sahili müqavimət cəbhəsi.”
Sionist mənbələrinin bildirdiyinə görə, İsrail rejimi Hizbullahın öz çəkindirici balanslarını tətbiq etməsinə mane olmağa, özünün Livanda casusluq fəaliyyətini davam etdirə bilməsinə çalışır, amma digər tərəfdən Hizbullah tərəfindən pusquya düşməkdən qorxur.
Eyni zamanda, Livan Hizbullahı hava döyüşündə sionist rejimin Livanın hava məkanına nüfuz etmə imkanlarını məhdudlaşdıran yeni balans qurmağa nail olub. Sionist rejimin təhlükəsizlik və hərbi rəhbərləri bu məsələni dəfələrlə etiraf ediblər.
Bu barədə ibrani “İsrael əl-Yəvm” qəzeti yazıb: “Livanla qarşıdan gələn müharibənin təhlükəli və ehtimal olunan ssenarisinə görə, bir günlük döyüşdə İsrail minlərlə raket atılması ilə üzləşməli olacaq.”
Sionist mətbuat əlavə edir ki, müharibənin ilk günlərində bizə 6000-ə yaxın raket atılacaq, müharibənin davamında bu rəqəm gündə 1500-2000 raketə enəcək.
Bu ssenariyə əsasən, mümkün müharibədə işğal olunmuş ərazilərdə zənglər və rabitə infrastrukturu pozulacaq, raket hücumu xəbərdarlığı sistemlərinin gücü də ciddi şəkildə zədələnəcək, limanların və uçuşların fəaliyyətinin dayanacağı da gözlənilir.
“İsrael əl-Yəvm” təhlilinin davamında qeyd edir ki, bu müharibədə Livan Hizbullahının İsrailin elektrik obyektlərinə raket hücumlarından sonra işğal altındakı ərazilər uzun saatlar, hətta günlərlə qaranlığa qərq olacaq.
Bundan əvvəl Livan Hizbullah Hərəkatının icra şurasının rəhbəri Seyid Haşim Səfiyəddin vurğulamışdı: “Müqavimətin gücü və strategiyası sionist rejimi vəhşətə salıb.
Bu gün Hizbullahdakı hərbi, elmi və ictimai güc və nüfuz baxımından şahidi olduğumuz nəticələr bu günün deyil, 40 illik yolun nəticəsidir. Ona görə də bu gücü dəyərsiz hesab etmək olmaz.”
Sionist rejim hazırda sionistlərin rəhbərliyi və kütləsi arasında parçalanma və təfriqə yaradan dərin böhranla üz-üzədir. Bu parçalanma və təfriqə sionist rejimin müxtəlif təbəqələrinə, xüsusən də orduya sıçrayıb, kapitalın qaçmasına, iqtisadi kreditlərin azalmasına, mütəxəssislərin qaçmasına və “israillilərin” işğal olunmuş ərazilərdən əks miqrasiyasına səbəb olub.