Qəza ilə əlaqədar neftin nəqli dayandırılıb, üstəlik Azəri-Çıraq-Günəşli platformalarında, eləcə də «Şahdəniz» yatağında hasilat həcmi xeyli azaldılıb
Turkyə Servisi/Aran Agentliyi
Bakı-Tiflis-Ceyhan əsas neft kəmərinin Türkiyə hissəsində baş verən yanğını söndürmək hələ də mümkün olmayıb. Hadisə yerində olan yanğınsöndürənlər partlayışın baş verdiyi boruda qalan neftin yanıb qurtarmasını gözləyir. Çünki hər an yeni partlayışın baş vermə ehtimalı çox yüksəkdir.
Kəmərin əməliyyatçısı olan BP-Azərbaycan şirkətinin məlumatına görə, yanğın 30-cu siyirtmə blokunda baş verib. Amma kəmər torpağın altından keçdiyindən, ona heç bir zərər dəyməyib. Qəza ilə əlaqədar neftin nəqli dayandırılıb, üstəlik Azəri-Çıraq-Günəşli platformalarında, eləcə də «Şahdəniz» yatağında hasilat həcmi xeyli azaldılıb. İndi neft Bakı-Supsa, Bakı-Novorosiysk kəmərləri və dəmir yolu ilə daşınır. Eyni zamanda çıxarılan neftin saxlanması üçün əlavə varinatlar araşdırılır.
Hələlik kəmərin təmirinin nə vaxt başa çatacağı bilinmir. Dəymiş ziyanın həcmi də hələlik məlum deyil. Hadisə neftin qiymətinə gözlənilmədən artırıb. Nyu-York birjalarında neftin qiymət 0,18 dollar qalxıb. PKK terror təşkilatı məsuliyyəti öz üzərinə götürüb. Türkiyənin «Cihan» xəbər agentliyi terror təşkilatının açıqlamasını yayıb. Açıqlamada bildirilir ki, BTC-də yanğın təxribat məqsədi ilə törədilib.