Rusiya Xarici İşlər nazirinin müavini Sergey Ryabkov Tehran və Moskva arasında hərbi əməkdaşlığa görə Vaşinqtonun İrana təzyiqi ilə bağlı fərziyyələrin yayılmasından sonra deyib: “İranla əməkdaşlığımız davam edəcək və Amerikanın geosiyasi təzyiqinə təslim olmayacaq.”
arannews:irna-şənbə günü “Reuters” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Rusiya ilə hərbi əlaqələrinə görə ABŞ-ın İrana təzyiq etməsi ilə bağlı yayılan yeni fərziyyələrə münasibət bildirən Ryabkov deyib: “Rusiyanın İranla hərbi əməkdaşlığı geosiyasi təzyiqlərə təslim olmayacaq. Bu əlaqələrdə heç bir dəyişiklik yoxdur və İranla əməkdaşlıq davam edəcək. Biz müstəqil ölkələrik, Amerikanın və onun əlaltılarının diktəsinə boyun əymirik.”
Bu ayın əvvəlində İngiltərənin “Financial Times” qəzeti İran rəsmisinə və danışıqlardan xəbərdar mənbəyə istinadən ABŞ-ın İrana Rusiyaya döyüş pilotsuz təyyarələrinin satışını dayandırması üçün təzyiq etdiyini iddia edib.
İran Ukrayna müharibəsində istifadə üçün Rusiyaya pilotsuz təyyarələr göndərdiyini dəfələrlə təkzib edib.
İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan bu günlərdə Pretoriyada İran və Cənubi Afrika Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə 15-ci Müştərək Komissiyanın mətbuat konfransında İran pilotsuz təyyarələrinin Ukraynaya qarşı müharibədə istifadəsi ilə bağlı heç bir etibarlı sənədin təqdim edilmədiyini vurğulayaraq deyib: “Ukraynadakı müharibədə biz müharibəni davam etdirmək üçün heç bir tərəfin yanında olmamışıq və deyilik.”
Əmir Abdullahiyan həmçinin 7 avqustda Yaponiyada keçirdiyi mətbuat konfransında Ukraynadakı müharibədə İranın pilotsuz təyyarələrindən istifadə edilməsi ilə bağlı ittihamlara toxunaraq deyib: “Təbii ki, ötən illərdə Rusiya ilə münasibətlərin əsas istiqamətlərindən biri də müdafiə sahəsində əməkdaşlıq olub. Amma biz heç vaxt Moskvaya Ukrayna müharibəsində İranın pilotsuz təyyarələrindən və ya silahlarından istifadə etmək imkanları verməmişik. Bilirsiniz ki, Rusiyanın özü dünyada ən böyük silah istehsalçılarından və ixracatçılarından biridir. Bu gün Yaponiyada Ukraynada istifadə olunan silahların daha çox Amerika və qərb dövlətləri tərəfindən təmin edildiyini təsdiqləyən hesabat oxudum.”
İran Xarici İşlər naziri daha sonra qeyd edib ki, biz heç bir tərəfə Ukraynada istifadə üçün heç bir pilotsuz təyyarə verməmişik. Ötən il şəxsən özüm Ukraynanın Xarici İşlər nazirindən tələb etdim ki, əgər bu barədə sənədləri varsa, onları ölkəmin hərbi rəsmilərinə təqdim etsinlər. Biz Ukraynanın Xarici İşlər naziri ilə razılaşdıq ki, mənim ölkəmin hərbi nümayəndə heyəti Polşaya səfər etsin və bununla bağlı Ukrayna hərbi rəsmiləri ilə görüşsün.