arannews:irna -İranın Ermənistandakı səfiri Mehdi Sübhani şənbə günü İrəvanda keçirilən iqtisadi sərgi zamanı Ermənistanın “News Armenia” İnformasiya Agentliyinə verdiyi müsahibədə deyib: “Biz Ermənistanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyirik və istənilən sərhəd dəyişikliyinin əleyhinəyik. Biz bütün ölkələrin suverenliyini və ərazi bütövlüyünü tanıyırıq. Təbii ki, biz əlaqə yollarının açılmasının əleyhinə deyilik və Azərbaycan Respublikasına da belə marşrutlar vermişik. Amma, bütün kommunikasiya yolları ərazisindən keçən ölkələrin nəzarətində olmalıdır”. İran İslam Respublikasının bu rəsmi mövqeyi, bundan öncə də ölkənin rəsmi orqanları tərəfindən açıqlanıb.
İslam İnqilabının Rəhbəri Ayətullah Xamenei 19 iyul 2022-ci ildə Türkiyə prezidenti cənab Rəcəb Tayyib Ərdoğanla görüşdə Qarabağın Azərbaycana qaytarılmasından məmnunluğunu ifadə edərək demişdir: “Əgər İran və Ermənistan sərhədinin bağlanması yönündə siyasət aparılarsa İslam Respublikası buna qarşı çıxacaq; çünki bu sərhəd minilliklərin əlaqə yoludur.
O, həmçinin Rusiya prezidenti cənab Vladimir Putinlə görüşdə deyib: İslam Respublikası heç vaxt İran və Ermənistan arasında sərhədin bağlanmasına səbəb olan siyasət və proqramlara dözməyəcək.
İran İslam Respublikasının prezidenti Ayətullah Rəisi 28 noyabr 2021-ci il İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Zirvə toplantısındakı çıxışında Qafqaz ölkələrinin qarşılıqlı hörmət və ölkələrin ərazi bütövlüyünü və beynəlxalq qaydaları qorumağa əsaslanan əməkdaşlığını region ölkələrinin sülhü, sabitliyi və tərəqqisi və inkişafının təminatçısı hesab edərək, qeyd edib: Regionun siyasi coğrafiyasında baş verən hər hansı dəyişiklik nəinki regionun sabitliyinə töhfə verməyəcək, həm də gələcəkdə regionda gərginliyin daha da artmasına səbəb olacaq.
O, daha sonra qeyd edib: İİR yük və sərnişinlərin bu marşrutlar vasitəsilə daşınmasını asanlaşdırmaq üçün regionda “ənənəvi nəqliyyat yollarının” canlandırılmasını alqışlayır.
Prezident əlavə etdi: Region ölkələrinin suverenliyinin və ərazi bütövlüyünün pozulması heç bir ölkə tərəfindən qəbul edilmir və şübhəsiz ki, bütün region ölkələrinin qarşılıqlı fəaliyyəti hamının marağındadır.
Prezidentin İƏT iclasındakı bəyanatlarında İİR-in rəsmi sərhədlərlə bağlı mövqeyindən heç bir şəkildə güzəştə getməyəcəyini bildirilib.
Doktor Hüseyn Əmir Abdullahiyan 2023-cü ilin iyulunda Azərbaycan Respublikasına səfəri zamanı Azərbaycan mətbuatına verdiyi müsahibədə Azərbaycanın əsas ərazisi ilə Naxçıvan Muxtar Respublikasını birləşdirən dəmir yolu dəhlizi ilə bağlı suala cavab olaraq demişdir: “Biz cənab Prezident və Azərbaycan Respublikasının səlahiyyətli şəxsləri ilə görüşdük. İnanırıq ki, İran İslam Respublikasından keçən tarixi marşrut və dəhliz tez bir zamanda işə düşəcək. Bizim ölkənin Prezidentinin sərəncamı ilə tezliklə icrasına başlanacaq Araz dəhlizi barədə razılaşmışıq. Bu dəhliz Azərbaycanla Naxçıvan arasında dəmir yolu əlaqəsi üçün əsas rol oynayır”.
O, İİR-in Zəngəzur dəhlizi variantı ilə bağlı fikrinə də toxunub: “Cənab prezident İlham Əliyevlə regionda nəqliyyat yollarının qapanmasının aradan qaldırılması ilə bağlı müzakirə apardıq. Cənab İlham Əliyev vurğuladı ki, Azərbaycan Respublikası İİR-in tarixi nəqliyyat yollarını bağlamağa cəhd etməyib və heç vaxt da etməyəcək.
Həmçinin İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Məhəmməd Baqiri 22 sentyabr 2022-ci ildə müqəddəs müdafiənin 42-ci ildönümü ilə bağlı keçirilən mərasimdə deyib: Biz Azərbaycan və Ermənistana problemlərini dialoq yolu ilə həll etməyi tövsiyə edirik. Biz sərhədi zorla və müharibə yolu ilə dəyişdirməyə dözməyəcəyik. Əgər İrana qarşı təhlükə hiss etsək, hərəkətə keçəcəyik.