Türkiyənin Xarici İşlər Nazirliyi bu ölkənin Xarici İşlər nazirinin bazar günü İrana səfər edəcəyini xəbər verib və bu səfərin Tehran və Ankara arasında ikitərəfli əlaqələrin gücləndirilməsi məqsədilə həyata keçdiyini bildirib.
arannews:irna-Türkiyə Xarici İşlər Nazirliyinin informasiya bazasına istinadən verdiyi məlumata görə, bu ölkənin Xarici İşlər naziri Hakan Fidan iranlı həmkarı Hüseyn Əmir Abdullahiyanın dəvəti ilə bazar günü İrana rəsmi səfər edəcək. Türkiyə XİN-nin bəyanatına görə, Fidan bu görüşdə İran İslam Respublikasının yüksək vəzifəli şəxsləri ilə görüşməyi planlaşdırır.
Türkiyə XİN Fidanın İrana səfərinin məqsədinin Tehran və Ankara arasında ikitərəfli əməkdaşlığın artırılması yollarını araşdırmaq olduğunu vurğulayıb.
Türkiyə XİN-nin bəyanatında İran rəsmiləri ilə regionun və dünyanın aktual problemləri ilə bağlı fikir mübadiləsi aparılması Fidanın Tehran səfərinin digər istiqaməti kimi qeyd edilib.
Türkiyə Xarici İşlər naziri ötən həftənin sonunda Rusiyaya səfər edərək bu ölkənin rəsmiləri ilə regional, beynəlxalq və ikitərəfli məsələləri müzakirə edib.