Tarix : 2023 Sep 09
Kod 63912

Borrell: "Aİ-nin qapısı Gürcüstana açıqdır"

Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell bəyan edib ki, Aİ-nin qapısı Gürcüstana açıqdır.
 

 

arannews:trt -Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell bəyan edib ki, Aİ-nin qapısı Gürcüstana açıqdır.
Rəsmi görüşlər keçirmək məqsədilə sentyabrın 7-də axşam radələrində Gürcüstana səfər edən Borreli Tbilisi beynəlxalq hava limanında Gürcüstanın xarici işlər naziri İliya Darçiaşvili qarşılayıb.

Daha sonra Aİ-nin Tiflis ofisinə gələn Borrell açıqlamasında Gürcüstanda ilk dəfə rəsmi təmasları olduğunu və mühüm görüşlər keçirəcəyini bildirib.

Gürcüstanın Aİ-yə inteqrasiya prosesinin davam etdiyini xatırladan Borrel bir neçə həftə ərzində Gürcüstana “namizəd ölkə” statusunun verilməsi ilə bağlı müvafiq qiymətləndirmələrin aparılacağını qeyd edib.

Gürcüstanın Aİ ilə inteqrasiya prosesini dəstəklədiklərini vurğulayan Borell deyib:

"Avropa İttifaqının qapısı Gürcüstana açıqdır və Avropa İttifaqı Gürcüstanı Aİ-yə üzvlük yolunda dəstəkləməkdə qərarlıdır. Bizim qapılarımız açıqdır və bu yolda sizə dəstək olmaq istəyirik".

Borrell bəyan edib ki, Gürcüstana "namizəd ölkə" statusunun verilməsi üçün Tbilisi hökuməti Aİ-nin onlara çatdırdığı 12 bəndlik meyarlara cavab verməlidir və bu istiqamətdə mühüm işlər görülməlidir.

"Mən bu şəhərin (Tbilisi) küçələrində çoxlu Avropa bayraqları görürəm və bilirəm ki, Gürcüstan əhalisinin 80 faizi Aİ üzvlüyünü dəstəkləyir", - Borell deyib. 

Gürcüstana əhəmiyyətli maliyyə dəstəyi verməyə davam etdiklərini bildirən Borrell Gürcüstan liderləri ilə görüşlərində Rusiyanın Ukraynada başlatdığı müharibənin bölgəyə mənfi təsirini də müzakirə edəcəklərinə diqqət çəkib.

Borrell Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, prezident Salome Zurabişvili, Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili və xarici işlər naziri İliya Darçiaşvili ilə görüşəcək, Gürcüstandan birtərəfli müstəqilliyini elan edən və Rusiya tərəfindən dəstəklənən Cənubi Osetiyanın işğal xəttinə baş çəkəcək.
  • Yazılıb
  • da (də) 2023 Sep 09
  • Göndərən رضا رستمی