Çin Xalq Respublikasının Tehrandakı səfiri İran İslam Respublikasını böyük "Bir kəmər, bir yol" layihəsində mühüm tərəfdaş hesab edib və vurğulayıb: Çin İranla əl-ələ verərək İpək Yolunun ruhunu dirçəltməyə və gələcəkdə İranla daha yaxşı əlaqələr qurmağa hazırdır.
arannews;irna-Çin Xalq Respublikasının İrandakı səfiri cənab Çanq Hua dünən axşam Çin Xalq Cümhuriyyətinin qurulmasının 74-cü ildönümü münasibətilə ölkəsinin Tehrandakı səfirliyində keçirilən mərasimdə çıxış edib. O, ölkəsinin ötən illərdəki tərəqqisini və gələcək illərdə ölkənin inkişaf prosesini sürətləndirmək planını xatırladıb və İran İslam Respublikasını Çinin inkişaf yolunda mühüm tərəfdaşlarından biri hesab edib. Ziyafətdə iştirak edən bəzi ölkələrin səfirləri və nümayəndələri qarşısında çıxış edən Çanq Hua hərtərəfli strateji tərəfdaşlığın inkişafının Şərqi və Qərbi Asiyada iki qədim sivilizasiya olan Çin və İranın tarixi seçimi olduğunu bildirib və əlavə edib: Çin və İranın uzunmüddətli dostluğunun iki min ildən çox keçmişi var. İki ölkə köhnə İpək Yolu vasitəsilə qarşılıqlı mübadilələri gücləndirib. Diplomatik münasibətlərin qurulmasından ötən 50 il ərzində beynəlxalq və regional şəraitdə baş verən dəyişikliklərdən və proseslərdən asılı olmayaraq, Çin və İran həmişə bir-birini dəstəkləyib və əməkdaşlıq ediblər. İki ölkə arasında ikitərəfli əlaqələr praktiki əməkdaşlıq, ümumi maraqların və beynəlxalq ədalətin qorunması sahəsində davamlı irəliləyişlə genişlənməkdə və inkişaf etməkdədir.
Çin səfiri çıxışına davam edərək dedi: Bu gün İran və Çin dostluğunun yeni bir fəsli başlayıb. Çin prezidenti Si Cinpin vurğulayıb ki, ölkəsinin həmişə İranla əlaqələrin inkişafına strateji baxışı olub. İki ölkə 2016-cı ildə hərtərəfli strateji tərəfdaşlıq qurduqdan sonra, İran və Çin arasında qarşılıqlı siyasi etimad getdikcə möhkəmlənib və qarşılıqlı faydalı əməkdaşlıq davamlı olaraq güclənib. Xüsusilə bu ilin fevral ayında İran prezidenti Seyid İbrahim Rəisinin Çinə səfəri zamanı iki ölkə liderləri ikitərəfli əməkdaşlıq mövzusunda mühüm yeni konsensus əldə etdilər və müxtəlif sahələrdə bir sıra ikitərəfli əməkdaşlıq sənədləri imzaladılar.
İran İslam Respublikası Prezidentinin Milli Məclis üzrə müavini Seyid Məhəmməd Hüseyni də tədbirin xüsusi qonağı olub və çıxışında İran-Çin əlaqələrinin İran İslam Respublikasının xarici siyasətindəki strateji əhəmiyyətindən danışıb.