Tarix : 2023 Sep 14
Kod 63940

Vəliyyi-fəqihin Şərqi Azərbaycandakı nümayəndəsi: Aşura ədəbiyyatı da Aşura kimi canlı və dinamik olmalıdır

Vəliyyi-fəqihin Şərqi Azərbaycandakı nümayəndəsi deyib: “Aşura ədəbiyyatı da Aşura kimi canlı və dinamik olmalı, günü-gündən daha da populyar və məhsuldar olmalıdır. Təbii ki, bəzən bu sahədə xoşagəlməz işlər də olur, insanların təkrara yol verməsi və ya mövzu tipində səhvlər edə bilməsi mümkündür.”
 
arannews: İSNA - Höccətül-İslam vəl-müslimin Seyid Məhəmmədəli Ali-Haşim çərşənbə axşamı, 12 sentyabrda Təbriz Universitetində keçirilən 7-ci Beynəlxalq Aşura Ədəbiyyatı Konqresində deyib: “Aşura ədəbiyyatı şiələrin ən zəngin intellektual və emosional sərvətidir. Həm Aşura qəhrəmanlığı şairlərin poetik dilinə təsir edir, həm də bəlağət və mərsiyə ədəbiyyatı dini kompozisiyaları zənginləşdirir.”
İSNA-nın məlumatına görə, Təbriz imam cüməsi Aşura ədəbiyyatını ədəbiyyat məktəbi dairəsində parlaq bir inci hesab edərək deyib ki, Aşura qəhrəmanlıq hadisəsinin şeir və ədəbiyyat sahəsinə daxil olması bu böyük hərəkatın davamlılığının amillərindən biridir.
Konqresin natiqi bunu belə izah edib: “Şeir və mərsiyyənin təsirli və nüfuz edici formatı bir tərəfdən qəlblər və duyğular, digər tərəfdən Kərbəlanın bənzərsiz şəxsiyyətləri arasında ayrılmaz bir əlaqə olmuşdur və  o qanlı hekayəni, epik hadisəni dinləyənləri duyğulandırmışdır.”
Vəliyyi-fəqihin nümayəndəsi Aşura hadisəsini şeir dili ilə bəyan etməyin şiə imamları tərəfindən həm tövsiyə edildiyini, həm tərifləndiyini, həm təqdir və təşviq olunduğunu bildirib.
Kərbəla və Aşura hadisəsi haqda şeir yazmağın və onu şeir dili ilə diriltməyin fəzilətlərinə toxunan Ali-Haşim bir çox şiə şairlərinin və Əhli-Beytə (ə) sevgi bəsləyənlərin Aşura mərsiyəsi yazmağa marağının artdığını deyib.
O, əlavə edib: “Bu böyük tərif şiə şeir mədəniyyətinin mühüm bir hissəsinin Aşura ədəbiyyatı kontekstində meydana çıxmasına dəstək olmuşdur.”
Ali-Haşim daha sonra deyib: “Aşura ədəbiyyatında bəziləri ən ağrılı mərsiyələr yazaraq duyğuları oyadırdılar və daha çox onun emosional və mənəvi tərəfinə diqqət yetirirlər, baş verən zülmləri göstərməyə çalışırlar.
Bəziləri, xüsusən də çağdaş şairlər Kərbəla hadisəsində qəmli və gözyaşardıcı yanaşmaya tənqidi nəzər salıblar, o hadisəyə daha çox epik, inqilabi və zülmə qarşı müqavimət rakursundan baxıblar, şeirlərində Aşuranı zülmə, ayrı-seçkiliyə, diktaturaya, insanları aldatmaya, həqiqəti gizlətməyə qarşı mübarizə məktəbi kimi göstərmişlər, Aşuradan maarifləndirmə məqsədilə istifadə etmişlər və repressiya ilə mübarizə üçün güclü bir rıçaq yaratmışlar.
Bəziləri Aşura şeirlərində hadisəni xəbər verməyə, bəziləri isə hadisəni izah etməyə çalışıblar. Təbii ki, hər ikisi öz yerində zəruri və effektivdir.”
Vəliyyi-fəqihin Şərqi Azərbaycan üzrə nümayəndəsi çıxışının digər hissəsində deyib: “Aşura ədəbiyyatı klassik azəri və türk şeiri və nəsri ədəbiyyatının böyük hissəsini özünə həsr edib.
İran, İraq, Azərbaycan, Qafqaz, Türkiyə, Gürcüstan və başqa ölkələrdə türk dilinin ən geniş məkanında Əhli-beyt (ə) şairləri Seyyidüş-şühədanın (ə) matəmində ürək yandıran şeirlər yazmışlar.”
O, qeyd edib ki, bu ədəbiyyat bir növ şiələrin Bəni-Üməyyədə təcəssüm tapan bütün zalım və zülmkar qurumlara qarşı iddianaməsidir. Aşura hadisəsinin şeir dili ilə təhlili əsrlər boyu oyanış dərslərini və zülmlə mübarizə hərəkatını qoruyub saxlamışdır.
Onun sözlərinə görə, şairlərin mədh və mərsiyələri qəsbkar hökmranları tənqid etmək, dinin canlı və həyat bəxş edən təlimlərini canlandırmaq, əbədi dəyərləri yaymaq məktəbidir və bu məktəbin təməli əqidə yolunda fədakarlıq və cihad sayılır.
İran İslam İnqilabından sonra Aşura ədəbiyyatının mövqeyinin keçmişlə müqayisədə çox daha yüksək olduğuna işarə edən Ali-Haşim deyib: “Bunun əsas səbəbini İslam İnqilabının mahiyyətinin dini olmasında, rəhbərlərinin ədib və müdrik olmasında axtarmaq olar.”
O, bildirib ki, İran İslam Respublikası hökumətinin bu növ ədəbiyyata verdiyi dəyər Aşura şairlərinin tərəqqisinə səbəb olmuşdur.
Sonda Vəliyyi-fəqihin Şərqi Azərbaycan üzrə nümayəndəsi Aşura sahəsində möhtəşəm və genişlənən bir ədəbiyyatın şahidi olduğumuzu diqqətə çatdıraraq deyib: “Demək olar ki, müxtəlif dövrlərdə, xüsusən də Təbriz Universitetinin Aşura Ədəbiyyatı Konqresində möhtəşəm şeirlər və yeni ədəbi əsərlər gördük. Bu konfransın təşkilatçılarını alqışlayıram.”
7-ci Beynəlxalq Aşura Ədəbiyyatı Konqresinin katibi Əhməd Farşbafiyan da ötən illər ərzində bu konqresdə qonşu ölkələrdən 132-yə yaxın təbliğatçı, məddah, tədqiqatçı və şairin iştirak etdiyini bildirərək deyib: “Bu konqresdən məqsəd Allahın lütfü ilə inqilabi mədəniyyəti, Aşura məktəbini bu konqres vasitəsilə qonşu ölkələrə ötürə bilməkdir. Belə konqreslərin keçirilməsi İslam İnqilabının təsir və ixrac yollarından biridir.”
  • Yazılıb
  • da (də) 2023 Sep 14
  • Göndərən رضا رستمی