Prezident sərbəst buraxılan valyuta ehtiyatlarının istifadəsi ilə bağlı qərarın İran hökumətinin səlahiyyətində olduğunu bildirərək deyib: “Bu pul xalqa və İslam Respublikasına məxsusdur. Təbii ki, mövcud ehtiyaclara uyğun istifadə olunacaq.”
arannews:irna- Ayətullah Seyid İbrahim Rəisi Amerikanın NBC televiziyasına müsahibəsində iki ölkə arasında məhbus mübadiləsi, İranın valyuta ehtiyatlarının sərbəst buraxılması, onun istifadəsi haqda qərar vermək səlahiyyəti, sanksiyaların ləğvi ilə bağlı danışıqlar, ötən ilki iğtişaşların qiymətləndirilməsi, ABŞ və bəzi qərb ölkələrinin gender problemlərindən İrana təzyiq vasitəsi kimi istifadə etmək motivasiyası, Ukraynada müharibənin başlaması və davam etməsinin səbəblərinə İran İslam Respublikasının baxışı, xalqın uşaq qatili olan rejimə qarşı dərin qəzəbini nəzərə alaraq, sionist rejimin region ölkələri ilə münasibətləri normallaşdırmaq səylərinin faydasız olması, İranın BRİKS-ə üzv olması ilə bu qrupun güclənməsi, ölkəmizin regionda imtiyazlı yeri ilə bağlı İranın mövqeini açıqlayıb.
Cənab Rəisi ölkəmizin bloklanmış aktivlərinin sərbəst buraxılması ilə bağlı deyib: “Amerika düşmənçilik və zülmkar hərəkətlərindən əl çəkməlidir, İslam Respublikasına və İran xalqına məxsus pulları tez bir zamanda blokdan çıxarmalıdır. Bu pul İran İslam Respublikasına məxsus olduğu üçün təbii ki, mövcud ehtiyaclara uyğun istifadə olunacaq. Pulumuzdan necə istifadə etmək təbii ki, İslam Respublikasının öz səlahiyyətində olacaq.”
Prezident vurğulayıb: “Biz həmişə sanksiyaları aradan qaldırılmağa səy etmişik və danışıqlar masasından ayrılmamışıq. Bu mövzuda şahidi olduğumuz məsələ müqavilənin ilk dəfə amerikalılar tərəfindən pozulması oldu. Avropalılar da öz öhdəliklərini yerinə yetirmədilər. Amma bütün öhdəliklərini yerinə yetirən tərəf İran İslam Respublikası oldu.”
Ölkəmizin Prezidenti İran İslam Respublikasının sülhməramlı nüvə fəaliyyəti ilə bağlı deyib: “Beynəlxalq Atom Enerjisi Agentliyi bir dəfə deyil, 15 dəfə bəyan edib ki, İranın nüvə fəaliyyətləri dinc xarakter daşıyır və İran İslam Respublikasının nüvə fəaliyyətlərində heç bir sapma yoxdur.”
Prezident ötən il ölkəmizdə baş verən iğtişaşlarla bağlı deyib: “Xanım Məhsa Əmininin ölümü baş vermiş hadisə idi. Amerikanın müxtəlif şəhərlərində kişi və qadınların, qaradərililərin və digər insanların başına gələn bu hadisələrin nümunələrini görə bilərsiniz. Amerika və Avropa şəhərlərində hər gün buna oxşar hadisələr olur. Lakin İran İslam Respublikası onun aspektlərini həll etmək üçün tez bir zamanda onu nəzarətə götürdü. Mən şəxsən xanım Əmininin ailəsi ilə əlaqə saxladım və bu məsələyə baxılacağını çatdırdım. Bu iş üzrə araşdırma və məhkəmə təqibi də aparıldı.”
Rəisi əlavə edib: “Tibbi məsələlər xalqa dəqiq şəkildə çatdırıldı, tibbi və məhkəmə-tibbi ekspertiza və araşdırmalar aparıldıqdan sonra məhkəmə tədbirləri əhalinin və onların ailə üzvlərinin diqqətinə çatdırıldı. Lakin məsələ ondadır ki, qərblilər, bəzi Avropa ölkələri və amerikalılar bu dalğaya hakim olaraq öz məqsədlərinin ardınca idilər. Əslində, bu hadisədən İslam Respublikasına qarşı bir layihə kimi istifadə etdilər və İslam Respublikasına qarşı siyasi, iqtisadi, media və psixoloji müharibə mənasını verən birləşmiş və qavrayışlı müharibəyə başladılar.”
Rəisi ötən il İranda baş verən iğtişaşlara qərb blokuna dəstək verməsinin səbəbi ilə bağlı deyib: “Amerikalıların və bu qərb ölkələrinin problemi nə xanım Əmininin məsələsində insan haqları məsələsi idi, nə də nüvə məsələsində onların problemi İran İslam Respublikasının nüvə fəaliyyətləridir. Onlar İran İslam Respublikası ilə düşmənçiliklərini ifadə etmək üçün əsas tapıbdıqlarını düşünürdülər.”
Prezident qərb ölkələri ilə müqayisədə İslam Respublikasının etirazçılarla necə davranması barədə deyib: “Mənim çıxışımı dinləyən Amerika xalqı Amerikada və İngiltərədə baş verən və indi Fransada baş verən hadisələri baxıb görsünlər! Görün Fransa etirazçılarla necə davranır? Küçələrində baş verənlərlə necə davranır? Görün İslam Respublikası nə etdi? Təbii ki, terror və dağıntılar törədənlərin, əcnəbilərin əlində alətə çevrilənlərin məsələsi etiraz edənlərdən fərqli idi.”
Ayətullah Rəisi müsahibəsinin davamında deyib: “Xoşbəxtlikdən İran xalqı iğtişaşların qarşısını tamamilə aldı, yəni iğtişaşlara qoşulmadı. Bəzi insanların etirazı var idi. Dünyanın hər yerində etiraz edənlər insanlar ola bildiyi kimi. İslam Respublikası onları etirazçı kimi qəbul etdi. Daha sonra İslam İnqilabının Böyük Rəhbəri qəflət üzündən və hislərə qapılaraq iğtişaşlara qoşulanları əfv etdi. Sizin Amerika və Avropada belə əfv baş vermir. Halbuki, bu işi İslam Respublikası böyük rəğbətlə edib.”
Rəisi vurğulayıb: “Terror törədənlər, insanları qətlə yetirənlər, silahlı qüvvələrə hücum edənlər və dağıdıcı işlər görənlər haqda təbii ki, qərar fərqlidir. Onların da sayı az idi və məhkəmə sisteminə təhvil veriliblər, mühakimə olunacaqlar və cəzalarını alacaqlar.”
Prezident İslam Respublikasında söz və qələm azadlığı haqqında da deyib: “İslam Respublikası müxalifətin sözünü dinləyir və etirazlarını eşidir. Bunu bilmək üçün medialarımızda və fikirlərin açıqlanmasındakı bu gün yaşadığımız vəziyyətə və şəraitə baxın. Bu gün kim nəsə demək, fikir bildirmək istəyirsə, bu, onun üçün azaddır. İslam Respublikasında ifadə və mətbuat azadlığına təminat verilir.”
Rəisi qərbin hicab məsələsi ilə bağlı qalmaqal yaratmasını iranlı qadınlara ürəyiyananlıq üzündən deyil, İslam Respublikasına təzyiq rıçaqı və İran cəmiyyətində iki qütb yaradılması kimi qiymətləndirərək deyib: “Diqqət edilməsi budur ki, bu gün Fransada məcburi hicabsızlıq formasında baş verənlərə, müsəlman qızların hicabla məktəbə və universitetə getməsinə rəsmən əngəl törədilməsinə, qərblilər və amerikalılar hansı məntiqlə haqq qazandıra bilər!?”
İran Prezidenti Rusiya-Ukrayna müharibəsi haqda deyib: “Bu müharibədə İrandan Rusiyaya silah göndərilməsi ilə bağlı iddialar heç bir şəkildə təsdiqlənmir və mövcud olanlar keçmişə aiddir. Biz müharibənin əleyhinəyik və həmişə bəyan etmişik ki, #Rusiya ilə Ukrayna arasında müharibəni dayandırmaq üçün vasitəçilik etməyə hazırıq. İnanırıq ki, bu müharibənin bitməsini istəməyənlər Ukraynaya silah göndərənlərdir.”
Rəisi sözünə belə davam edib: “Cənab Putinin İrana səfəri zamanı mən ondan bu müharibə haqqında soruşanda dedi ki, amerikalılar müharibənin bitməsinə imkan vermirlər. Onlar özləri NATO-nu bölgəyə genişləndirməklə müharibəyə başladılar. İndi bu müharibənin davam etməsi ilə silahlarını satmağa çalışırlar. Hazırda bu müharibədən faydalanan tərəf amerikalılardır.”
O əlavə edib: “Ukrayna müharibəsi ilə bağlı İrana qarşı səsləndirdikləri ittihamlara cavab olaraq biz dəfələrlə, o cümlədən Omanda keçirilən görüşdə etibarlı sənəd tələb etmişik, lakin bu günə kimi İrandan silah göndərilməsi ilə bağlı heç bir sənəd təqdim etməyiblər.”
Prezident sionist rejimin bölgədəki təsiri barədə deyib: “Biz region ölkələri tərəfindən sionist rejimlə istənilən əlaqənin qurulmasına qarşıyıq. İnanırıq ki, sionist rejim region ölkələri ilə münasibətlərin normallaşdırılması layihəsi şəklində özü üçün təhlükəsiz dairə yaratmağa çalışır. Baxmayaraq ki, bu rejimin region ölkələri ilə münasibətlərinin normallaşması onun üçün təhlükəsizlik faktoru olmayacaq. Çünki bütün bölgədə insanlar məzlum Fələstin xalqına daim zülm edən bu uşaq öldürən rejimə qarşı kin və nifrət bəsləyirlər.”