arannews: irna-Prezident Ayətullah Seyid İbrahim Rəisi Müqəddəs Müdafiə Həftəsi mərasiminin əvvəlində Müqəddəs Müdafiənin bir çox yaddaqalan təsirləri və dərsləri olduğuna işarə edərək deyib: “Allaha inanc, ixlas, Allah üçün hərəkət etmək və Allah üçün ayağa qalxmağın təzahürü Müqəddəs Müdafiənin xüsusiyyətləri idi.” Prezident əlavə edib: “Övladlarını, əzizlərini haqla batillə mübarizə cəbhəsinə aparan qadınların, anaların, həyat yoldaşlarının iştirakı Müqəddəs Müdafiənin digər təzahürlərindən idi.”
Ayətullah Seyid İbrahim Rəisi vətəni, dini müdafiə etmək üçün yorulmaz ruha sahib olan və öz rəhbərinə tabe olan qüvvələrdə Allaha inamın müşahidə olunduğunu bəyan edərək deyib: “Müqəddəs Müdafiə xalqa inamın təzahürü idi. Silahlı Qüvvələr xalqın bir hissəsidir, xalqladır və xalqın yanındadır. Həmçinin, xalq Silahlı Qüvvələri sevir. Çünki bütün çətinliklərdə Silahlı Qüvvələr meydanda və xalqın yanındadır. SEPAH və ordu hər yerdə vardır. Nizam-intizam qüvvələri xalqın və sərhədlərin təhlükəsizliyini qoruyur.”
Prezident Silahlı Qüvvələrin xalqsevər ruhuna işarə edərək deyib: “Müqəddəs Müdafiədə xalq Silahlı Qüvvələrlin yanında cəbhələri idarə edirdi. Xalq Silahlı Qüvvələrin əsas dayağıdır.”
O, özünə inamı Müqəddəs Müdafiənin əsas təzahürlərindən biri adlandıraraq deyib: “Bir çox sanksiyalar və təhdidlər Silahlı Qüvvələrin qabaqcıl və ehtiyac duyulan silahlarla təchiz olunmasına imkan vermirdi. Lakin İnqilab Rəhbərinin bəsirət yaradan hidayəti ilə qabaqcıl silahlarla təchiz edildi, müdafiə və hərbi sənaye yenidən quruldu.”
Prezident Silahlı Qüvvələrin müdafiə və hərbi sənayedə özünü təmin etməsinə toxunaraq deyib: “Biz başqalarının silahlarının idxalçısı və anbarlaşdırıcısı olmaqdan silah istehsalçısı və ixracatçısına çevrilmişik. Silahlı Qüvvələrin bacarığını region, hətta dünya etiraf edir və inanırlar ki, İslam Respublikası Silahlı Qüvvələrinin müdafiə qabiliyyəti bacarıq, təlim, qabaqcıl texnika və silahlar baxımından çox yüksəkdir.”
Ayətullah Seyid İbrahim Rəisi deyib: “İran İslam Respublikası sərhədləri ətrafında separatçı qüvvələrin tərksilah edilməsi İraq hökumətinin başladığı müsbət addımdır. İran sərhədləri yaxınlığında heç bir separatçı qrupa silah saxlamağa və İslam Respublikasına qarşı fitnə-fəsad törətməyə icazə verilməyəcək.”
Prezident vurğulayıb: “Sərhədlərimiz ətrafında qanunsuz qruplaşmaların tərksilah edildiyinə əmin olmalıyıq. Sionist rejimlə münasibətlərin normallaşması bu rejim üçün təhlükəsizlik yarada bilməyəcək.”
Ermənilərin hüquq və təhlükəsizliyi qorunmalıdır
Prezident deyib: “Vurğulayırıq ki, ermənilərin hüquqlarının qorunması bir zərurətdir. Belə ki, bölgədə ermənilərin təhlükəsizliyi və hüquqları və sərhədlərin vəziyyəti qorunmalıdır.”
Ayətullah Rəisi Müqəddəs Müdafiə Həftəsinin başlanması münasibətilə keçirilən Silahlı Qüvvələrin paradı mərasimində deyib: “Qarabağ Azərbaycanın bir bölgəsidir. Bunda heç bir şübhə yoxdur. Amma biz ermənilərin (Qarabağ sakinləri) hüquqlarının və təhlükəsizliyinin qorunmasının zərurət olduğunu vurğulayırıq.
Ayətullah Seyid İbrahim Rəisi hökumətin özünü Silahlı Qüvvələrə bütün sahələrdə yardım etməyə borclu hesab etdiyini bəyan edərək deyib: “Silahlı qüvvələr ölkənin əvəzolunmaz sərvətidir. Qonşuluq siyasəti hökumət tərəfindən daim vurğulanır.”
O, ölkələrin müdafiə, təhlükəsizlik və hərbi əməkdaşlığını qonşuluq siyasətinin təzahürlərindən biri hesab edərək deyib: “Silahlı Qüvvələr etimad və əminlik yaratmaq üçün regionun bütün ölkələri ilə əməkdaşlığa hazırdır. Beləliklə, bir-birləri ilə əməkdaşlıq etməklə Fars körfəzi və bölgə əcnəbilərin varlığına ehtiyac duymasın. Bölgənin təhlükəsizliyini bölgənin silahlı qüvvələri təmin edəcək. Əcnəbilərin mövcudluğu problem yaradır. Regionda biz bölgənin geosiyasətində hər hansı dəyişikliyin və sərhədlərin dəyişdirilməsinin qarşısını almaq üçün Silahlı Qüvvələrin güclü mövcudluğunu görürük.”