Tarix : 2023 Sep 27
Kod 63996

Qərbi Azərbaycan valisi: Yaxın vaxtlarda Tehran-Xoy-Ankara qatar xətti həyata keçiriləcək

Qərbi Azərbaycan valisi İran və Türkiyənin sərhəd vilayətləri arasında keçirilən iqtisadi əməkdaşlıqların altıncı iclasının müsbət nəticələr verdiyinə işarə edərək deyib: “Urmiya gölünün vəziyyətini nəzərə alaraq, bu gölün şəraitinin yaxşılaşdırılması üçün Türkiyə ilə elmi və icraedici əməkdaşlıq etməyə hazırıq.”

 

arannews:irna-Qərbi Azərbaycan Valiliyinin ictimaiyyətlə əlaqələr bölməsinə istinadən verdiyi məlumata görə, Məhəmmadsadiq Mötəmidyan, çərşənbə axşamı İran və Türkiyənin sərhədyanı vilayətləri arasında iqtisadi əməkdaşlıq üzrə 6-cı iclasın anlaşma memorandumunun imzalanması mərasimində, Van şəhərinin bu iclasa ev sahibliyi etdiyinə görə təşəkkür edərək deyib: “Hər iki tərəfin rəsmilərinin qətiyyəti ilə uğurlu bir iclas baş tutdu.”
O, nəqliyyat və tranzit, gömrük və sərhəd ticarəti, turizm, elmi və akademik sahələr üzrə ixtisaslaşmış komitələrin iclasının keçirilməsinə toxunaraq bildirib ki, ekspertlərin toplandığı bu iclasların nəticəsi hər iki tərəfdən direktorların iştirakı ilə səhər saat üçə qədər davam edən memorandum layihəsinin hazırlanması oldu.

Qərbi Azərbaycan valisi bu memorandumun 30 bənddən ibarət olduğunu qeyd edərək deyib: “Bu memorandum hər iki tərəfin iqtisadi, sosial, mədəni və elmi sahələrdə hərtərəfli əməkdaşlığın inkişafına xüsusi diqqət yetirdiyini göstərir.”

Sözügedən memorandumun 30 bəndindən 22-sinin sərhəd ticarəti və iqtisadi məsələlərlə bağlı olduğunu bildirən Mötəmidyan deyib: “İnfrastrukturların inkişafı, Türkiyə və Qərbi Azərbaycan sərhəd vilayətləri arasında yeni sərhəd-keçid məntəqələrinin açılması, həmçinin Kapıköy-Razidə (Xoy) yeni tranzit və ixrac tranzitinin yaradılması bu anlaşmaların ən mühüm bəndlərindən biri idi və onların həyata keçirilməsi iki tərəf arasında regional beynəlxalq ticarətin yaxşı inkişafına və təşviqinə gətirib çıxaracaq.”

Bu görüşdə iki tərəf arasında anlaşmalarının digər mühüm hissələrindən biri kimi yük və sərnişin dəmir yolu nəqliyyatı sahəsində əməkdaşlığın inkişaf etdirilməsi olduğunu bildirən vali ikitərəfli dəmir yolu yük tranzitinin imkanlarının ildə 700 min tondan bir milyon yarım tona çatdıra biləcəklərinə ümid etdiklərini deyib.

O, qeyd edib ki, sərnişin sahəsində əldə edilən anlaşmalara əsasən, yaxın gələcəkdə Tehrandan Xoy və Ankaraya qatar xətti layihəsini həyata keçirəcəyik.

Qərbi Azərbaycan valisi iki tərəf arasında digər anlaşmalarla yanaşı, gələcəkdə Türkiyə və Qərbi Azərbaycanın sərhəd vilayətlərinin elmi və idman komandalarının iştirakı ilə olimpiada və idman turnirlərinin keçirilməsinə də işarə edərək deyib: “Turizm sahəsində hər iki tərəfin yüksək imkanları var və ümid edirik ki, mövcud maneələri aradan qaldırmaqla bu istiqamətdə lazımi əməkdaşlığa nail olacağıq.”

Mötəmidyan vurğulayıb: “Urmiya gölünün vəziyyətinin yaxşılaşdırılması üçün Türkiyə ilə əməkdaşlıq etməyə hazırıq.”

Mötəmidyan görüşün nəticələrindən məmnunluğunu ifadə edərək, bu memorandumun təsdiqlənməsinin icrasına əlavə nəzarət etmək üçün hər iki tərəfin vali müavinlərinin üç aydan bir görüşlər keçirəcəklərini diqqətə çatdırıb.
O, iki tərəf arasında əməkdaşlığın davam etdiriləcəyini vurğulayaraq deyib: “Yeddinci iqtisadi əməkdaşlıq iclası gələn ilin yazında Urmiyada keçiriləcək. Hazırkı memorandumun həyata keçirilməsi ilə daha çox anlaşma və razılaşmalar əldə edəcəyimizə ümid edirik.”
  • Yazılıb
  • da (də) 2023 Sep 27
  • Göndərən رضا رستمی